PDF Oxu

Müxalifət

  • 6

Müxalifət düşərgəsində "paytaxt savaşı"

Müxalifət düşərgəsində "paytaxt savaşı"
Noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi prosesi davam edir. Bəzi partiyalar və namizədliyini müstəqil şəkildə irəli sürmək istəyən şəxslər, hələlik, qəti qərar qəbul etməsələr də, müxalifət düşərgəsi bu prosesdə daha çox canfəşanlıq göstərməyə başlayıb. Amma bu canfəşanlıq heç də seçkilərin normal və demokratik keçirilməsi, regionlarda gedən inkişaf və tərəqqini görüb heç olmasa bir dəfə "ağa qara deməmək", ya da namizədliklərini irəli sürdükləri dairələrdə seçicilərin problemləri ilə yaxından tanış olub, maraqlanmaq, onlara kömək etmək istəyindən irəli gəlmir. Məsələnin kökündə başqa səbəb var.
Məsələ burasındadır ki, müxalifət düşərgəsinin təmsilçiləri, elə başda bu düşərgənin "liderləri" olmaqla şəhər dairələrindən namizəd olmaq üçün, sanki, bir-biri ilə rəqabətə giriblər. Çox maraqlıdır ki, başqa vaxt bölgələrdə kifayət qədər sosial bazaya malik olduqlarını iddia edən müxalifət liderləri heç olmasa seçkilər zamanı isə başqa vaxt ağızdolusu danışdıqları bölgələrə getməyə can çəkirlər. Başqa sözlə desək, müxalifət liderləri heç olmasa beş ildən bir, uzun illərdən bəridir ki, möhkəm yapışdıqları yerlərindən tərpənib "Bilcəridən o yana" çıxmaq istəmirlər. Məsələn, götürək Müsavat partiyasının başqanı İsa Qəmbərovu. Çox maraqlıdır ki, Azərbaycanda "ana müxalifət" partiyasının başqanı olduğunu iddia edən Müsavat başqanı budəfəki seçkilərdə də şəhərin mərkəzindən o tərəfə getməyi özünə rəva bilmədi. İsa Qəmbərov Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürməklə öz işini rahatlaşdırıb. AXCP (i) sədri Əli Kərimov da eynən Müsavat başqanının yolu ilə gedərək Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Elə Müsavat başqanının və Əli Kərimovun müavinləri də bu məsələdə öz "liderləri"ndən geri qalmırlar. Baxmayaraq ki, ortaya AXCP (i) - Müsavat bloku adından ümumi bir siyahı da çıxarılıb, amma bu gün də müxalifət düşərgəsinin təmsilçiləri arasında "paytaxt savaşı" davam edir. Səbəb isə çox sadədədir.
Birincisi, "liderlər" ona görə bölgələrə getmək istəmirlər ki, onları heç vaxt Azərbaycanın problemləri və bölgələrdəki insanların həyat tərzi maraqlandırmayıb və bu gün də maraqlandırmır. Çünki ölkədə keçirilən seçkilərə hər zaman "qazanc mənbəyi" kimi baxan müxalifət üçün onsuz da seçkilərin necə keçməsi önəmli deyil. Çünki bütün hallarda onsuz da seçkilər zamanı öz kabinetlərindən bayıra çıxmadan prosesi şərh edən müxalifət "liderlər"i seçkilərdən sonra da xarici "bosslar"ın istəyinə uyğun olaraq seçkiləri pisləməli və onun demokratik keçirilmədiyini iddia etməlidirlər. Necə ki, hələ noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı prosesə yenicə start verilməsinə baxmayaraq, artıq indidən bəzi müxalifətçilər seçkilərin nəticəsi ilə bağlı danışmağa başlayıblar. Yəni seçkilərlə bağlı bu cür ittihamları irəli sürmək artıq müxalifət düşərgəsinin təmsilçiləri və onların "liderləri" üçün ənənəyə çevrilib. Ona görə də, işlərini bəribaşdan yaxşı bilən müxalifət liderləri özlərinə əziyyət vermək istəmirlər.
Ancaq heç bu da müxalifətçilərin bölgələrə getməməsinin əsas səbəbi deyil. İkinci və ən əsas səbəb başqadır. Çünki ortada daha ciddi və əsaslı arqument var. Məsələ ondadır ki, müxalifət liderlərinin bölgələrdən namizədliklərini irəli sürməsi onların qısaca desək, tam bitməsi demək olardı. Çünki bölgələrdə bu insanlar, nəinki dəstəklənir, heç insanlar tərəfindən qəbul belə edilmirlər. Müxalifət liderləri insanların yaddaşında daha çox özlərinin "bəy hökuməti" zamanı törətdikləri bədnam əməlləri və bədnam qərarları ilə yadda qalıblar. Müsavat başqanı İsa Qəmbərovun vaxtilə verdiyi qərarlar insanların yaddaşında mənfi iz buraxıb. Ona görə də başqana ən sərfəli yer elə şəhərin içidir. Heç olmasa şəhərdə onu beş-üç adam tanıyır. Ən azından şəhər seçki dairələrindən namizəd olmaqla Müsavat başqanı öz kabinetində rahatca oturub qəlyanını tüstülədə-tüstülədə bir-iki qəzeti çağırıb onlara "şedevr" müsahibələr verə bilər. Elə AXCP (i) sədri Əli Kərimov da bu məsələdə ondan geri qalan deyil. "Liderlər" öz real vəziyyətlərini özləri əla bildikləri üçün "Biləcəridən o yana" getmək istəmirlər.
Amma məsələnin bir tərəfi də var ki, hələlik, seçkilərdə iştirak edən namizədlərin heç də hamısının adı bəlli deyil. Müsavat başqanı və AXCP (i) sədrinin öz ətrafı ilə hamıdan qabağa düşərək, şəhər dairələrində özlərinə yer tutması ilə iş bitmir. Heç kəsə sirr deyil ki, hər iki partiyanın daxilində namizədlərin siyahısı ilə bağlı ciddi və böyük narazılıqlar var. Narazı olanların şikayətinin bir səbəbi partiyalarında onlara deputatlıq üçün heç olmasa bir dəfə namizəd kimi etimad göstərilməməsi olsa da, digər səbəbi partiya rəhbərliyində təmsil olunan şəxslərin özlərini şəhər daxilindəki dairələrdəcə namizəd etməsi olub. Hətta narazı müsavatçıların partiyanın ayrı-ayrı otaqlarında "Niyə başqan hər dəfə seçkilərdə Bakıdan namizəd olur? Heç olmasa bu dəfə sel aparan rayonlardan birindən namizədliyini verəydi ki, xalq da bunların görüntü xatirinə olsa belə onlarla maraqlandığını görüb, bəlkə onda xalq bunların danışdıqlarına bir az inanardı"- kimi fikirlər səsləndirməyə başlayıblar.
Görünən isə odur ki, müxalifət daxilində başlayan "paytaxt savaşı" tezliklə bitməyəcək. Bir el məsəlində deyildiyi kimi, "Bu xəmir, deyəsən, hələ çox su aparacaq". Çünki narazı müxalifətçilərin sabah gedib elə məhz "liderləri"nin namizəd olduqları dairədən namizədliklərini irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz. Odur ki, "liderlər" parlament seçkilərində elə öz partiyalarından olan şəxslərin opponentliyi ilə üz-üzə qala bilərlər.

Digər xəbərlər