PDF Oxu

Müxalifət

  • 7

Say davası

Say davası
Müxalifətin qarşıdan gələn parlament seçkilərində uğursuzluğa düçar olacağı əvvəlcədən bəllidir. Buna baxmayaraq, radikal düşərgənin təmsilçiləri deputatlığa ən azı namizəd olmaq üçün əməlli-başlı dəridən-qabıqdan çıxırlar. Bu, düşərgə daxilində fikir ayrılıqlarının dərinləşməsinə, rəqabətin həddən artıq kəskinləşməsinə gətirib çıxarıb. Belə ki, radikal qurumlar yenidən açıq rəqabət aparan bir neçə siyasi qütbdə cəmləşərək qarşılıqlı ittihamlara start veriblər və qabaran ziddiyyətlər fonunda ayrıca seçki bloku yaratmaqda qərarlı olduqlarını bəyan edirlər.
Artıq bəziləri öz bloklarına "təmtəraqlı" ad da düşünüb tapıblar. Məsələn, Müsavat-AXCP (i) cütlüyünün təmsilçiləri yaradacaqları bloka "Birlik" adını vermək niyyətindədirlər. "Milli Birlik Hərəkatı" ilə "VİP" yaradacaqları bloku "İnsanlıq naminə" adlandırmaq istəyirlər. "KXCP" mənsubları isə "Demokratiya Uğrunda İttifaq"ı öz çevrəsinə cəlb edərək blok formalaşdırmaq fikrinə düşüblər. Bundan əlavə, özlərini "Həmrəylik", "Qarabağ", "Demokratiya" adlandıran nominal seçki blokları da meydana çıxıb.
Burada bir sıra maraqlı və incə məqamlar diqqəti çəkir. Bunlardan birincisi, müxalif seçki qurumları ilə onların seçdiyi adlar arasında yaranan tərs mütənasiblik və ya təzaddır. Məsələn, sözdə "birlik"dən danışan Müsavatla AXCP (i)-nin reallıqda müxalifət düşərgəsində ikitirəlik və parçalanma yaratması heç kəsə sirr deyil. "İnsanlıq naminə" birləşmək istəyən "Milli Birlik Hərəkatı" ilə "VİP"-in nə istədiklərini, nə arzuladıqlarını, digər müxalif bloklardan hansı xüsusiyyətlərə görə fərqləndiklərini heç özləri də bilmirlər. Bu mənada, düşərgə daxilində dağıdıcı, destruktiv mövqe tutanlar həmrəylikdən, fikir müxtəlifliyi, hüquq bərabərliyi, söz azadlığı haqqında təsəvvürü olmayanlar isə demokratiyadan dəm vururlar.
Söhbət ondan gedir ki, indi müxaliflər özlərinə uyğun olanı deyil, münasib görünəni seçirlər. Başqa sözlə, populyar, diqqətiçəkən adlar seçməklə seçici auditoriyası qazanacaqlarını güman edirlər. Lakin bu şəxslərin sözləri ilə əməlləri ziddiyyət təşkil etdiyindən onların hansısa cəlbedici adlara, populist şüarlara üstünlük verməsi heç nəyi dəyişmir. Əslində, populizmə söykənən bəsit təbliğatla müxalifət öz zəifliyini ortaya qoyur. Aydındır ki, belə primitiv üsullarla və "qara piar"a söykənən seçki təbliğatı ilə radikal müxalifətin seçkidə nisbi uğur qazanması belə mümkün deyil. Digər tərəfdən, radikal düşərgə ardıcıl olaraq 3 parlament seçkisində məğlubiyyətə uğrayıb. Bu səbəbdən radikal düşərgəni təmsil edən namizədlərin seçkidə uğur qazanmaq şansı çox aşağı dəyərləndirilir.
Müxalif düşərgənin seçkidə nisbi uğur qazanmaq şansını məhdudlaşdıran və sıfıra endirən məqamlardan biri də düşərgə daxilində mövcud olan barışmaz rəqabətdir. Sözdə birlikdən danışan radikallar öz aralarından ən sadə məsələlərin həllində belə razılığa gələ bilmirlər. Düşərgə daxilində mövcud olan qarşılıqlı ittihamlar dalğasına, ayrı-ayrı funksionerlər arasında gedən söz savaşına indi də say davası əlavə olunub. Uğur qazanmaq şanslarının sıfır həddində olmasına baxmayaraq, müxalif bloklar seçki dairələri üzrə namizədlər irəli sürmək məsələsində əməlli-başlı bəhsə girişiblər. Məsələn, Müsavat-AXCP (i) cütlüyü 95 dairədən öz namizədlərini irəli sürəcəklərini bildirirlər. Bu cütlükdən geri qalmaq istəməyən "KXCP" isə "DUİ" ilə birlikdə 105 dairədə namizədlə təmsil olunmağa iddialıdır. "İnsanlıq naminə" insafa gələn "Milli Birlik Hərəkatı" ilə VİP isə parlament seçkilərində 75 seçki dairəsində birgə namizədlərlə iştirak edəcəklərini bəyan ediblər.
Bu sırada 50, 60, 70 yerə iddialı olduğunu bəyan edən digər müxalif qruplaşmaları da yaddan çıxarmaq lazım deyil. Beləliklə, 125 seçki dairəsi üzrə müxalifətin 600-700 nəfər iddialı namizədi meydana çıxır ki, bu da radikal düşərgədə hər dairə üzrə 6 rəqib namizədin olması deməkdir. Bir-birilərinə qarşı sərt ittihamlar irəli sürən bu şəxslər istənilən halda öz iddialarından geri çəkilmək və hər hansı müxalifət namizədinə güzəştə getmək niyyətində deyillər. Digər tərəfdən, maraqları toqquşan bu blokların öz aralarında hər hansı anlaşma əldə etməsi ehtimalı qeyri-realdır. Radikal qurumların bir-birilərinin acığına şərti namizədlərinin sayını artırması isə namizədlik savaşının siyasi intriqalar müstəvisinə keçdiyini göstərir. Mahiyyət etibarı ilə, bu çəkişmədə müxaliflərin mümkün namizədlərin sayını xeyli şişirtməsi də istisna deyil. Onlar əvvəlki seçkilərdə bənzər üsullardan dəfələrlə yararlanmağa çalışıblar. Lakin onların bu oyunları hər dəfə bumeranq effekti yaradaraq radikalların özlərinə qarşı yönəlib.
Düşərgə daxilində şəxsi intriqaların ideya-siyasi mübarizəni üstələməsi, siyasi xətti eyni olan partiyaların belə korporativ maraqların önə çəkilməsi ucbatından birləşə bilməməsi indi burada baş verən "say davası"nın əsl mahiyyətini ortaya qoyur.

Digər xəbərlər