PDF Oxu

Müxalifət

  • 10

Seçkiönü situasiya: hakimiyyət demokratik və azad seçkilər keçirməkdə israrlıdır

Seçkiönü situasiya: hakimiyyət demokratik və azad seçkilər keçirməkdə israrlıdır

Demokratik inkişaf yoluna sadiqliyini bəyan etmiş Azərbaycan xalqı legitim, qanuni hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz demokratik seçkilərdə görür. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasının 1-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". 2-ci maddədə isə göstərilir ki, "Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir".
III Yazı

Konstitusiyanın 4-cü maddəsinə görə, "Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur".
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda keçirilən bütün seçkilər müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. 1993-cü ildən etibarən ölkəmizdə keçirilmiş üç referendum, dörd prezident, üç parlament, üç bələdiyyə seçkisi Azərbaycan Respublikasında seçki təcrübəsinin təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazanılan nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkədə keçirilmiş hər bir seçkinin əvvəlki illə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili də sübuta yetirir.
Lakin Azərbaycan dövləti qazanılan nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. 1997-ci ildən ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri xüsusilə diqqəti çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.
Seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın xoş bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı, ilk növbədə, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məcisin müzakirəsinə təqdim edilmişdir.
2002-ci ilin dekabrında Azərbaycan hökumətinin nümayəndələri, müxalifət təmsilçiləri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən təşkil olunmuş "dəyirmi masa"larda Seçki Məcəlləsinin layihəsi ətrafında müzakirələr aparılmış, televiziya vasitəsilə yayımlanan bu tədbirlər nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin layihəsi ilə bağlı məlumatlar əldə etmişdir. Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və ölkə başçısının müvafiq fərmanı ilə qüvvəyə minmişdir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, eləcə də, referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də, dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.
2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını müvafiq şəkildə aparmaq üçün lazımi səviyyədə bərabər imkanlar yaradılmışdır. Bu məqam, eyni zamanda, aktiv seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlıq, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT Parlament Assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. Beləliklə, 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etmiş, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olmuşdur.
Seçki təcrübəsi təkmilləşən proses olduğu üçün sonrakı mərhələdə də Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. 2005-ci il fevral, may və iyun aylarında Azərbaycan və Venesiya Komissiyası ekspertlərinin görüşlərində sənədə bir sıra dəyişikliklərin edilməsi tövsiyə olunmuşdur. Ölkə başçısının 11 may 2005-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Sərəncamı da Seçki Məcəlləsinə mütərəqqi dəyişikliklərin edilməsini nəzərdə tutmuşdur. Ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi təqdim edilmiş, beynəlxalq təşkilatların təklifləri, o cümlədən, Venesiya Komissiyasının irəli sürdüyü tövsiyələrin böyük əksəriyyəti bu layihədə öz əksini tapmışdır.
"Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanuna zidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğat imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən "exit poll" prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.
Sərəncamdan sonra seçki təcrübəsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə dövlət başçısı 2005-ci il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti Sərəncam imzalamışdır. Sərəncamla Mərkəzi Seçki Komissiyasına seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etmək tövsiyə olunmuşdur.
Müvafiq dövlət orqanlarına şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsinin təmin edilməsi, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraitin yaradılması, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan məlumatların təcili araşdırılması və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması tapşırılmışdır. Görülmüş tədbirlərin nəticəsidir ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.
Bununla belə unutmaq olmaz ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən islahatlar durmadan dərinləşir, cəmiyyətin həyatı yeniləşir və beynəlxalq aləmə sıx inteqrasiya olunur. Bu isə vətəndaş hüquq və azadlıqlarının, o cümlədən, seçki hüquqlarının daha etibarlı təminatını ön plana çəkir. 2008-ci ilin may-iyun aylarında Seçki Məcəlləsinə edilmiş dəyişikliklər də məhz bu sənədin bir daha təkmilləşdirilməsinə, 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət edir.
Seçki prosesi hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət olaraq ciddi elmi-politoloji əsaslara söykənir. Hər bir fərdin maraq və mənafelərini özündə ehtiva edən rasional siyasət yeritməyən, yaxud platformasının səmərəlilik əmsalını inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai etimad qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. Son 16-17 ildə Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.
Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 16-17 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.
Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə lap az vaxt qalır. Ötən hər gün bizi bu tarixi və taleyüklü seçimə yaxınlaşdırır. Lakin  növbəti parlament seçkiləri tamam fərqli bir inkişaf mərhələsinə təsadüf edir. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda bu gün kiminsə səhv etməsi, yanılması tamamən istisnadır. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymir. Lakin açıq mübarizədən çəkinərək seçki prosesinin demokratikliyinə əsassız yerə şübhə yaratmağa çalışan nihilist və radikal qüvvələrin 1 illik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Bu səbatsız qüvvələr nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən 1992-1993-cü illərin birinci yarısını əhatə edən dövrün doğurduğu neqativ nəticələr son 16-17 ildə bütün seçkilərin nəticəsinə öz təsirini göstərib.
Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olub. Təbii ki, bu müdrik seçim heç zaman diletantların, təsadüfi meydan qəhrəmanlarının, hakimiyyəti bəsit məqsədləri üçün bir vasitə hesab edənlərin xeyirinə olmayıb. Xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib.
Sözsüz ki, azad, şəffaf, demokratik şəraitdə keçəcək  növəbti seçkilərdə də  qələbəyə daha layiq olan namizədlər qələbə çalacaq. Əslində, realist seçici hər zaman "Bu seçim bizə nə verə bilər" sualı üzərində düşünərək əvvəlcədən mövqeyini qətiləşdirir.
Azərbaycan seçicisinin seçimini bu gün həm də dövlətin və xalqın maraqları şərtləndirir. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsindən gedir. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırmış ulu öndər Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasının inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir.
Azərbaycan vətəndaşlarını növbəti parlament seçkilərində fəal iştirak etməyə və öz mövqeyini qətiyyətlə ortaya qoymağa sövq edən bir mühüm amil də var. Söhbət təkcə seçkilərin demokratik, azad, şəffaf keçirilməsi üçün yaradılmış hüquqi bazadan deyil, həm də bu məqsədlə atılmış praktik addımlardan gedir. Seçki ərəfəsində siyasi qüvələr üçün bərabər şəraitin yaradılması bir daha göstərir ki, ölkə rəhbərliyi seçkilərin demokratikliyi və şəffaflığı üçün sonadək lazımi siyasi iradə nümayiş etdirəcək. Sözsüz ki, həyata keçirilən bu və ya digər tədbirlər seçkilərin demokratik keçəcəyinə bəri başdan şübhə yaratmağa çalışan bəzi qüvvələrə ən tutarlı cavabdır.

Digər xəbərlər