PDF Oxu

Müxalifət

  • 12

"Freedom House"dən daha bir qərəzli hesabat

"Freedom House"dən daha bir qərəzli hesabat
Bu günlərdə dünyanın ən böyük hüquq müdafiə təşkilatı sayılan "Freedom House" təşkilatı özünün növbəti hesabatını açıqlayıb. Budəfəki hesabat da qərəzli olması ilə əvvəlkilərdən geri qalmır. "Dünyada işçilərin hüquqları: ədavətli dünyada azad işçi qüvvəsi" adlı hesabatda 165 ölkədə ticarət birliklərinin işi və işçilərin azadlığı qiymətləndirilib. 2009-cu ilin göstəricilərini özündə ehtiva edən hesabat Azərbaycana qarşı da qərəzli mövqeyin olması ilə seçilib. Qeyd edək ki, bu hesabat "Freedom House" təşkilatı tərəfindən ilk dəfədir hazırlanır və hesabatda dünyanın bütün əhalisinin əmək hüquqlarının nə dərəcədə təmin olunması məsələsi əsas götürülmüşdür. Gəlinən nəticə isə ondan ibarətdir ki, dünya əhalisinin 1/3 hissəsi əmək hüquqlarının pozulduğu cəmiyyətlərdə yaşayır. Hesabata görə, Qərbi Avropadan başqa dünyanın bütün regionlarında beynəlxalq səviyyədə tanınan əmək normaları pozulur. Ən ciddi hüquq pozuntularının isə Yaxın Şərq və keçmiş sovet ölkələrində qeydə alındığı göstərilir. Əmək hüquqlarının pozulması ilə bağlı ölkələri "azad", "əsasən azad", "qismən azad", "repressiv" və "çox repressiv" kateqoriyalara bölən "Freedom House" Azərbaycanı bu sıralamada "repressiv" ölkələr sırasına daxil edib. Onu da qeyd etmək lazımdır ki, "Freedom House" təşkilatı bundan əvvəlki hesabatları zamanı da Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmişdi. Bu qərəzli münasibət istər insan hüquqlarının təmin olunması, istər söz azadlığının təmin olunması, ümumilikdə, demokratiyanın bərqərar olması ilə bağlı hesabatlarda özünü göstərmişdir. Son hesabatda da bu qərəzli mövqeyin yer alması təşkilatın tutduğu qeyri-obyektiv mövqeyi nümayiş etdirmiş olur. Azərbaycanda əmək normalarının pozulması kimi mövcud olmayan bir faktı süni şəkildə ortaya çıxarmaq və bunu bu dərəcədə qabartmaq absurd bir məsələdir. Hansı məqsəd və mərama qulluq etdikləri məlum olmayan, lakin özlərini demokratik bir qurum adlandıran və dünyada demokratiyanın carçısı kimi çıxış etməyə çalışan "Freedom House"nin hesabatında heç bir məntiq və əsas tapmaq mümkün deyil. "Freedom House"nin hesabatı 1990-cı illərin əvvələrini əhatə etsəydi, onu haqlı saymaq olardı. Lakin göründüyü kimi, bu hesabat Azərbaycanın inkişafının yüksək bir səviyyəyə qalxdığı bir dövrü - 2009-cu ili əhatə edir. İstər iqtisadi, istər siyasi, istər sosial inkişafın son illərdə ən yüksək səviyyəyə çatdığı bir dövrdə Azərbaycan əmək normalarının pozulması faktı ilə çıxış etmək heç bir halda məntiqə uymayan bir amildir. Bütün sahələrdə insan hüquqlarının yüksək səviyyədə təmin olunduğu bir ölkədə işçilərin əmək normalarının pozulması nə dərəcədə reallığı əks etdirə bilər? Bu gün Azərbaycanda ölkənin inkişafını hərtərəfli təmin etmək üçün çox böyük işlər görülür, iri müəssisələr açılır, əhali işlə təmin olunur. Əgər ölkədə əmək normaları pozulsaydı, indiki inkişafa da nail olmaq mümkün olmazdı. Bu gün bütün dünya tərəfindən etiraf olunan bu inkişaf nədənsə "Freedom House"nin diqqətindən kənarda qalıb. Məsələ ilə yaxından tanış olmadan qərar çıxardan və bunu da öz hesabatında əks etdirən qurum bir daha verdiyi hesabatlarda qeyri-obyektiv olduğunu göstərmiş oldu. "Freedom House"nin qeyri obyektiv olduğunu ifşa edən digər bir məqam isə onun qonşu ölkələrlə müqayisədə Azərbaycanı daha aşağı sıralarda görməsidir. Belə ki, hesabata görə, qonşu Ermənistan və Gürcüstan qismən azad ölkələr sırasında yer alıblar. Yəni Azərbaycandan bir pillə irəlidə. Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi sayılan Azərbaycanın bu ölkələrdən geridə qalması yalnız gülüş doğuran bir məsələdir. Məlumdur ki, yuxarıda adları çəkilən ölkələr bütün sahələrdə inkişaflarına görə Azərbaycandan geridə qalır. Xüsusilə, Ermənistanın Azərbaycandan üstün tutulması ağlasığmaz bir hərəkətdir. Bu gün özbaşınalıq və xaosun baş alıb getdiyi, bütün sahələrdə böhranın müşahidə olunduğu bir ölkədə hansı əmək normalarından danışmaq olar. Ermənistanda olan işçi qüvvəsinin işsizlik ucbatından kütləvi şəkildə xarici ölkələrə uz tutduğu da məlumdur. Belə olan halda, necə demək olar ki, Ermənistanda əmək normaları pozulmur. Burada söhbət müzakirə mövzusu ola biləcək məsələdən deyil, məhz açıq aydın hamıya məlum olan bir faktdan gedir. Kiminsə bu faktı danması isə onun məsələyə qərəzli münasibətini nümayiş etdirir. Görünür, "Freedom House" bu mövqedə dayanmağı üstün tutur. Lakin təşkilat onu da nəzərə almalıdır ki, onun bu cür qeyri-obyektiv və qərəzli mövqeyi təşkilatın nüfuzunu da aşağı salmış olur ki, bu da onun gələcək hesabatlarına və ümumiyyətlə, fəaliyyətinə inamı azaldır.

Digər xəbərlər