PDF Oxu

Müxalifət

  • 9

Parlament seçkiləri: spontan müxalifətin özünüaldatma instinkti

Parlament seçkiləri: spontan müxalifətin özünüaldatma instinkti

Seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm bir hadisədir. Xalqın iradəsinin ifadəsinə çevrilən seçkilərin demokratik, şəffaf, azad keçirilməsi isə ölkədəki ictimai-siyasi sabitlikdən, demokratik təsisatlara üstünlük verilməsindən, seçki sisteminin təkmilləşdirilməsindən, ilk növbədə, normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Hər şeydən öncə, demokratik seçkilərin keçirilməsi xalqın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir.
II yazı

Azərbaycan hakimiyyəti öz ənənəsinə və söykəndiyi dəyərlərə sadiq qalaraq demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün daim siyasi iradə nümayiş etdirmişdir. Çox da uzaq olmayan tarixin reallıqları da bunu təsdiqləyir. Təsadüfi deyildir ki, 2003-cü ilin mayında qəbul edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi beynəlxalq standartlara cavab verərək Avropa Şurasının Venesiya Komissiyası və ATƏT tərəfindən yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, bu illər ərzində Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədi ilə hakimiyyət beynəlxalq təşkilatların bir çox təkliflərini nəzərdən keçirmiş, bu istiqamətdə aparılan geniş müzakirələrdən sonra 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılaraq sənədin 43 maddəsinə əlavə və dəyişikliklər edilmişdir.
Həmçinin, Prezident İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları seçki praktikasının təkmilləşdirilməsi və seçkilərin demokratik, şəffaf, heç bir administrativ təsirə məruz qalmadan keçirilməsi sahəsində çox mühüm addımlar kimi xarakterizə edilir. Təsadüfi deyil ki, 2005-ci il parlament seçkilərində 125 deputat yerinə qarşı 2063 nəfərin namizədliyi qeydə alınmış, 48 siyasi partiya və seçki bloku qeydiyyatdan keçmiş, siyasi mənsubiyyət fərqi qoymadan bütün namizədlər üçün bərabər rəqabət mühiti yaradılmış, 60-dan artıq deputatlığa namizədləri qeydə alınmış siyasi partiya və bloklara dövlət hesabına pulsuz efir vaxtı ayrılmış, deputatlığa namizədlər üçün teleradio şirkətlərində və dövri nəşrlərdə ödənişli əsaslarla təşviqat aparılması və onların öz seçiciləri ilə sərbəst görüşmələrinə geniş imkan yaradılmışdır. Həmçinin, seçkilərin 45 ölkədən olan 1586 beynəlxalq müşahidəçi, 17014 yerli müşahidəçi tərəfindən izlənməsi, səsvermə zamanı qanun pozuntularına yol verənlər haqqında ciddi tədbirlərin görülməsi, vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ölkə rəhbərinin demokratikləşmə prosesinə verdiyi önəmin nəticəsi kimi səciyyələnir. Sözsüz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin demokratik, azad və ədalətli seçkilər keçirməkdə nə qədər israrlı və inamlı olduğunu nümayiş etdirir.
Bütün bunlara rəğmən, müxalifət üçün ölkədə bu qədər geniş və əlverişli imkanların yaradılmasına baxmayaraq, hakimiyyətin opponentləri yenə də ənənəvi üsul və vasitələrdən yaxa qurtara bilmir, əvvəllər olduğu kimi, arxaik metodlara üstünlük verirlər. Budəfəki seçkilərin favorit mövzularından biri də təsadüfi deyil ki, hər dəfə olduğu kimi, "siyasi bloklaşma" tendensiyasıdır.
Sözsüz ki, siyasi və seçki blokları adətən seçkilər ərəfəsində, özü də konkret məram və məqsədlərlə yaradılır. Müasir təcrübədə çox az hallara rast gəlmək olar ki, seçkiyə hesablanaraq formalaşdırılmış bloklar seçkilərdən sonra da aktuallığını qoruyub saxlasın və effektiv siyasi mübarizə ilə məşğul olsun. Seçkiyə yönəldilmiş siyasi blokları adətən iki aqibət gözləyir: onlar ya siyasi partiyaya çevrilir, ya da rəngarəng proqramları və simaları etibarilə parçalanırlar. Müxalifət düşərgəsində birinci versiya hər zaman istisna olunub. Çünki ortada birləşdirici dəyərlər və prinsiplər mövcud deyil. Bu baxımdan, müxalifət qüvvələrinin müxtəlif adlar altında yaratdıqları seçki bloklarının taleyi indidən sual altındadır. Yeni açıq desək, doğulmamış ölümə məhkum olublar. Bunun səbəbləri əslində məlumdur.
Əsas səbəblərdən biri odur ki, radikal müxalifət düşərgəsində siyasi mühitin spontan mahiyyəti və ya siyasi-ideoloji müxtəlifliyi adi seçicinin gözündən yayınmır. Azərbaycan məkanında radikal müxalifətin yeniləşmə şansını bu və ya digər formada istisna edən mənfi xüsusiyyətlər toplusunun ümumiləşdirilmiş formaları kimi bir sıra təmayüllər var ki, bunlardan biri də ifrat səviyyəyə çatan ultraradikallıqdır. Bu, onunla xarakterizə olunur ki, ölkənin siyasi arenasının başlıca xüsusiyyəti radikal müxalifət liderlərinin bəyanatlarının əksəriyyətinin destruktiv səciyyə daşımasıdır. Bir qisim siyasət dəllalları reallığa əsaslanaraq baş verənlərə loyal münasibət göstərmək və gündəmə gələn olayı öz adı ilə çağırmaq əvəzinə, nihilizm və inkarçılıq mövqeyi tutublar. Belə siyasətçilər üçün yalnız bir prinsip var: hakimiyyətin atdığı hər addım pisdir, çünki həmin addımı hakimiyyət atır. Problem isə ondan ibarətdir ki, bu radikal əhval-ruhiyyəli qüvvələr dövlətçilik anlamıyla bağlı da analoji siyasi hərdəmxəyallıq nümayiş etdirirlər.
Əslində, bu cür davranışın sosial-ictimai nədənlərini müəyyənləşdirmək heç bir çətinlik doğurmur, kifayətdir ki, həmin qüvvələrin partiya və siyasi qruplar şəklində formalaşmağa başladığı erkən mərhələni xatırlayasan. Hazırda müxalifətdə olan qüvvələrin başında duran şəxslər 1990-cı illərin əvvəllərində səhnəyə çıxan siyasi özfəaliyyətin nümayəndələridir. Həmin dövrdə onları yalnız bir məqsəd - köhnə sistemi dağıtmaq istəyi birləşdirirdi. O dönəmdən keçən 16-17 illik zamana rəğmən, dağıdıcılıq, qənimətçilik hissləri həmin "siyasətçilər"in vücud və ağılından hələ də çıxmayıb. Onların böyük əksəriyyəti uzun müddət ərzində dövlət idarəçiliyi ilə məşğul olmayıblar. Hakimiyyətdə təmsil olunduqları müddətdə isə təhtəlşüurlarına pərçimlənmiş dağıdıcılıq hissləri ilə birgə fəaliyyət göstəriblər. Bu şəxslərin əksəriyyəti ölkənin müstəqilliyi ərəfəsində və müstəqillik bəyan edildikdən sonrakı bir neçə ay ərzində də müxalifətdə olublar. Elə o vaxtlarda da bu adamlar situasiyaya nəzarət etmək uğrunda mübarizə aparır, qalib gəlmək üçün yalnız qarşıdurma yaratmaq, süni gərginliyə nail olmaq və ekstremal durumun bərqərar olmasına rəvac vermək taktikasından istifadə edirdilər.
Lakin siyasi mübarizədə opponentləri çökdürmək və onlara öz şərtlərini diktə etmək üçün etiraz aksiyaları və mitinqlər təşkil etmək müxalifət nümayəndələrinə 16-17 il əvvəl uğur gətirirdisə, indi həmin addımların effektivlik əmsalı yetərincə azalıb. Nədən ki, siyasi şərait dəyişib. 16-17 il əvvəl nimdaş normalardan qurtulmaq cəmiyyətin özünün ictimai maraq dairəsinə daxil olduğundan, belə dağıdıcı addımlar kütləvi şüurda az-çox özünə yer tapırdı: bütün bunlara müstəqil milli dövlət qurmaq ehtiyacı kimi haqq qazandıra bilərdi. İndi isə cəmiyyətdə konstruktiv təklif və proqramlara, proqressiv təklif və konsepsiyalara ehtiyac var.
Sivil siyasi mübarizə meydanında təcrübə və populyarlığı yüksək olmayan şəxslər mübarizələrinə əlavə effekt vermək və daha geniş sosial bazanın diqqətini özlərinə cəlb etmək üçün mütəmadi olaraq populizmin ən bəsit və ucuz formalarından, konkret situasiyada neobolşevizm mərəzindən yararlanmaqdan çəkinmirlər. Məlumdur ki, çağdaş dünyada kütləvi aksiyalar sivil siyasi mübarizə vasitəsi kimi qəbul olunur. Hər vətəndaşın öz siyasi baxışlarını bəyan etmək hüququ var. Lakin ümumilikdə kütləvi etiraz aksiyaları, küçə yürüşləri və siyasi azadlıqlar sivil dünyada qəbul olunmuş digər prinsiplərin, məsələn, vətəndaşların əmlak, istirahət, şərəf və ləyaqətlərinin toxunulmazlığı hüquqlarının pozulmasına rəvac verməməlidir. Azərbaycandakı siyasi partiyaların davranışına, mübarizə metodlarına, təbliğat və səsləndirdiyi siyasi şüarlara nəzər saldıqda açıq görünür ki, neobolşevik əhval-ruhiyyə hələ də bu düşərgənin canından çıxmayıb. Bolşeviklərtək hər şeyi inkar etmək rasional və sağlam düşüncə göstəricisi deyil. Azərbaycanda maddi rifah səviyyəsi yüksəlir, yeni evlər, istehsal müəssisələri tikilir. Milyardlarla dollar investisiyaların cəlb olunduğu, mobil telefon, bahalı avtomobil və fərdi kompyuterlərin adambaşına düşən sayına görə postsovet məkanında lider mövqe tutan bir ölkənin siyasətçiləri hələ də küçə aksiyaları səviyyəsindən yüksələ bilmirlər.
Adətən, deyirlər ki, məqsəd vasitəyə bəraət qazandırır. Radikal müxalifətin hakimiyyəti əldə etmək yolunda ortaya qoyduğu bütün cidd-cəhdlər revanşizmin kifayət qədər təhlükəli variantlarının timsalında tam və qəti iflasa uğradıqdan sonra bu istiqamətdə başlıca diqqət təbliğata yönəlib. Nəzarətindəki qəzetlər sayəsində təbliğat sahəsində böyük uğurlar əldə etdiyini düşünən müxalifət liderləri əməllərinin təfərrüatlarına varmadan göstərirlər ki, əslində, revanşist mövqe tutublar. Müxalif düşərgədəki "siyasətçilərin" bəlli isimlərinə məxsus güclü revanşist təmayüllər hətta xarici müşahidəçilərin də diqqətindən yayınmayıb: onların fikrincə, sözügedən təmayüllər birmənalı olaraq təhlükəli məqam sayılmalıdır. Belələrinin ölkə mediasında və kütləvi aksiyalardakı çıxışlarında dəfələrlə bəyan etdikləri qənaətə görə, "hakimiyyətə gələndən sonra indiki iqtidarda təmsil olunmuş yüksək rütbəli məmur və şəxslər əməllərinə görə cavab verəcək, "məhşər ayağına" çəkiləcəklər: indiki iqtidarla əməkdaşlıq edən, bu iqtidara yaltaqlanan və xidmət edən bütün iş adamları, mədəniyyət xadimləri, jurnalistlər, siyasətçilərin adları bizə bəllidir" - tipli açıqlamalar sivil dövlətləri təəccübləndirməyə bilməz.
Hakimiyyətə gəldikdən sonra kimdən necə qisas alacaqlarının təfərrüatlarını belə müzakirə etməkdən çəkinməyən adamların demokratik dəyərlərə sadiqliyinə inanmaq çətindir. Faktiki olaraq müxalifət cəmiyyətə heç bir yeni və konstruktiv ideya təqdim etmir. Kütlə arasında yetərincə populyarlıq yiyəsi olmayan bu adamlar hazırda noyabrda keçiriləcək növbəti parlament seçkisində vahid namizədlərin müəyyənləşdirilməsi variantları ilə bağlı müzakirələr aparır, cəmiyyətin sosial baxımdan narazı təbəqəsini bu namizədlərə səs verməyə çağırmaq istəyir.
İfrat radikalizm mərəzinə tutulmuş bəzi partiya sədrləri seçkidən sonra da bu cəfəng fikri zorla ictimai rəyə sırımağa çalışırlar ki, guya "mövcud iqtidarın dövründə hansısa seçkidə iştirak etmək, qanun çərçivəsində mübarizə aparmaq düzgün deyil". Fəaliyyətini daim dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışan aqressiv müxalifətin məqsədi həm də ölkənin beynəlxalq nüfuzuna xələl gətirməkdir. İctimai rəyə təsir imkanlarından məhrum olmuş, xalqın etimadını tamamilə itirmiş bu qüvvələr gündəmdə qalmaq, çirkin siyasi ambisiyalarını reallaşdırmaq naminə indi hətta ən ağır cinayətlərə hazır olan psixoloji durumdadırlar.
Müşahidələr göstərir ki, radikal müxalifətin təsir dairəsində olan qəzetlər Azərbaycanda guya "insanların təhlükəsiz yaşamaq hüququna təminatın olmadığı", "ictimai-siyasi sabitliyin möhkəm təməllərə əsaslanmadığı" barədə əsassız təbliğat aparırlar. Azərbaycanda ictimai-siyasi sabitliyin getdikcə möhkəmlənməsi, qlobal enerji və kommunikasiya layihələrinin işə düşməsi, vətəndaşların maddi rifah halının ildən-ilə yaxşılaşması "rəngli inqilab" xülyası puça çıxmış aqressiv müxalifətə qətiyyən sərfəli görünmür. Lakin radikal güc mərkəzlərinin dağılması, ideoloji cəhətdən aşınması, elektorat baxımdan zəifləməsinə paralel olaraq konstruktiv qüvvələrin müxalifətdə əsas söz sahibinə çevrilməsi cəmiyyətin sosial sifarişi olaraq ortadadır.
Radikal müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zərurətini diktə edən amillərdən biri də sosial bazasının, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan reallığında hətta normal opponentliyə belə yaramayan müxalifət partiyalarının sosial bazasını təşkil edən qruplar yekrəng və amorfdurlar. Onları ideya-qayəvi birlik, milli həmrəylik, azərbaycançılıq ideologiyası, xəlqi ruh, məfkurə yekdilliyi deyil, şəxsi maraq və ambisiyalar birləşdirir.
Prezident İlham Əliyev mahiyyəti etibarilə Azərbaycan xalqına qarşı qisasçılıq mövqelərində duran radikal və antimilli müxalifətin hakimiyyətə gəlmək şanslarını sıfıra bərabər sayır. Onun fikrincə, müxalifətin işi-peşəsi hökumətin gördüyü işi tənqid etməkdən ibarətdir. Hökumət əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirləri həyata keçirməyə başladıqdan sonra müxalifətin tez-tez müraciət etdiyi iqtisadi və sosial çətinliklər mövzusu tükənməkdədir. Ölkədə real uğurlar əldə olunursa, müxalifət təbii olaraq zəifləyir. Müxalifət bu gün Azərbaycan hökumətinə qarşı deyil, xalqın xoşbəxt gələcəyinə qarşı mübarizə aparır. Müxalifət dəyişməlidir. Cəmiyyətə sağlam, konstruktiv, bu və ya digər məsələyə hökumətin diqqətini cəlb edə bilən, hökuməti sağlam tənqid edən müxalifət lazımdır.

Digər xəbərlər