"Eynulla Fətullayev ümumxalq nifrətin və qəzəbin hədəfi olmalıdır"
Bu gün Azərbaycanda ictimaiyyət yekdilliklə Eynulla Fətullayev kimilərinin hərəkətlərini lənətləyir. E.Fətullayevin antimilli fəaliyyəti Azərbaycan üçün qara ləkədir. O, bir vaxtlar verdiyi müsahibələrdə xocalılıların şərəf və ləyaqətini alçaldıb və bununla da, Azərbaycanın düşmənlərinin, necə deyərlər, dəyirmanına su töküb.
O, Ermənistanda Azərbaycan xalqının qanını tökmüş, torpaqlarımızı talan etmiş erməni separatçıları ilə şəkillər çəkdirməklə dövlətimizə qarşı çox təcavüzkar bir mövqe sərgiləyib. Bütün bunlar E.Fətullayevin Azərbaycana nə qədər xəyanət etdiyini göstərir. E.Fətullayev birmənalı şəkildə ermənilərin əlində alət olub. Ermənilərin onu cidd-cəhdlə müdafiə etməsi də buna sübutdur. Bu gün E.Fətullayevin hədyan, böhtan və iftira xarakterli son açıqlamaları Xocalı sakinlərinin kəskin etirazına səbəb olub.
Ermənilərin təsir dairəsinə düşərək Xocalı soyqırımını azərbaycanlıların, törətdiyini iddia edən E.Fətullayev indi müxtəlif məkrli bəyanatlar səsləndirərək özünə bəraət qazandırmağa çalışır. Respublika Şəhid Ailələri Cəmiyyəti Xocalı rayon şöbəsi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin Xocalı rayon şöbəsi və Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyəti Xocalı rayon şöbəsinin "Xocalı Soyqırımının Tanıtımı" İctimai Birliyi müraciət qəbul ediblər. Müraciətdə deyilir: "18 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyaya məxsus 366-cı alayın şəxsi heyəti ilə birgə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocalı şəhərini yerlə yeksan etdi. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, o cümlədən, 63 azyaşlı uşaq, 70 nəfər ahıl qoca həlak olmuş, 1275 nəfər əsir və ya girov götürülmüşdür. Lakin Azərbaycanın suyunu içən və çörəyini yeyən "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev erməni daşnaklarının törətdiyi bu vandalizm aktını öz soydaşlarının üzərinə atmaqla bağışlanılmaz bir cinayət törətmişdir. Belə ki, Ermənistana və Dağlıq Qarabağa etdiyi səfər zamanı o qatı cinayətkar Arkadi Qukasyan və digər erməni separatçıları ilə görüşmüş, onlardan müsahibə almışdır. Yazılarında azərbaycanlıları qınayan cinayətkar faciənin azərbaycanlılar tərəfindən törədildiyini, AXC-nin Ağdam rayon şöbəsi tərəfindən miqyasının artdığını qeyd edir. Eyni zamanda, Naftalan şəhərində müvəqqəti məskunlaşmış yüzlərlə Xocalı sakinləri ilə görüşdüyünü, şəhəri tərk etmək üçün onlara erməni silahlıları tərəfindən dəhliz verildiyini bildirir. Bu və ya digər ağ yalanlara görə Xocalıdan olan şəhid ailələri, müharibə əlil və veteranları respublikamızın hüquq və mühafizə orqanlarının Eynulla Fətullayev barədə məhkəmə hökmünün ədalətli olduğunu təsdiqləyir, onun xəyanətkar əməllərini müdafiə edənlərin özlərinin də eyni əməllərin sahibləri olduğunu bildiririk. Yəni onların özləri də Azərbaycana qarşı xəyanətkar davranış nümayiş etdirirlər.
Biz Xocalı ictimaiyyətini təmsil edən ictimai təşkilatlar olaraq E.Fətullayev və onun kimi "sapı özümüzdən olan baltalar "Azərbaycan qarşı apardığımız mübarizədə xalqımızı bizimlə birgə olmağa çağırırıq. Xocalı soyqırımını və digər müsibətləri xalqımızın başına gətirən erməniləri özünün bütün yazılarında müdafiə edən E.Fətullayev ümumxalq nifrətinin və qəzəbin hədəfi olmalıdır. Ümidvarıq ki, Azərbaycan xalqı taleyüklü məsələdə bizimlə həmrəy olduğunu bildirəcəkdir".