Lalə Hacıyeva növbəti dəfə təxribata əl atıb
Radikal müxalifət düşərgəsində lövbər salmış yetkililər sırasında elələri var ki, onların hansı dinə, hansı məzhəbə qulluq etmələrindən insan övladı baş aça bilmir. Bu səbəbdən də, radikal müxalifət düşərgəsində cəngəllik təfəkkürü ilə fəaliyyət göstərən partiya nümayəndələri hələ də, cəmiyyətə adaptasiya oluna bilmirlər. Onlar həmişə istənilən məsələyə ibtidai yanaşma mövqeyi ilə münasibət bəslədiyindən problem də, məhz buradan qaynaqlanır. Çünki sivil dəyərlərlə idarə olunan istənilən bir ictimai təşkilatın qeyri-etik davranışa malik olmasını müşahidə etmək mümkün deyil. Bu baxımdan da, radikal müxalifət düşərgəsində baş verən son olaylar buradakı mövcud təfəkkürü bütün çılpaqlığı ilə açıb göstərmiş olur. Hazırda payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı öz aləmlərində Amerika kəşf edənlər hələ də, yararsız ünsür olduqlarının fərqində deyilllər. Bu isə onların təfəkküründəki çürüklüklə əlaqəlidir. Bu fakt ortalıqda ola-ola isə müxalifətdən yeni bir şey gözləmək və ya onlardan ağıllı bir hərəkət ummağın özü kökündən yanlışdır. Amma çox təəssüf və təəccüblə qeyd etməliyik ki, bu gün müxalifət düşərgəsində öz mövcudluğunu hiss etdirməkdə iddialı olan riyakar qüvvələr var.
Fəaliyyətlərini ancaq xarici havadarlarının istək və arzuları prizmasında quranlardan olan lMilli Birlik Hərəkatı"nın lideri Lalə Hacıyeva da, düşərgədə ancaq problem mənbəyi funksiyasını yerinə yetirməkdə, riyakarlıq, ikiüzlülük nümayiş etdirməkdə öndə gedənlərdəndir. Siyasətə zənginlikdən gəldiyini iddia edən və əslində siyasi bazarlıq nəticəsində varidatını xeyli dərəcədə çoxaldan L.Hacıyeva ara-sıra nəzərləri özünə cəlb etməkdə davam edir.
Bir zamanlar özünü müxalifətin flaqmanı hesab edən L.Hacıyeva üçün sonun başlanğıcı çox acı görünür. "Azadlıq" blokunu özününküləşdirib, doğmalaşdırıb, sonradan da yadlaşdıran L.Hacıyeva siyasi fəaliyyətini də, ziddiyyətlər prizmasında sona vurmaqda, deyəsən, yaman israrlıdır. Əgər belə olmasaydı, onun adına ləkə ola biləcək bloka etirazını bildirib əsəblərini həmkarlarının üzərinə tökməzdi. Çoxdandır ki, Avropanın liberal dəyərlərindən çox uzaq qalmış L.Hacıyevadan ötəri heç bir keyfiyyət meyarı qalmayıb. Ona görə də, "gora gedən özünə yoldaş axtarar" misalından çıxış edərək, onu demək olar ki, L.Hacıyeva siyasətdən gedəndə də, əliboş getmək fikrində deyil. Uzun illərdir ki, onun isti-soyuq suyunu lazımi qaydasında təmin etməyi özünün "müqəddəs" vəzifəsi hesab edən ALP-nin sədr əvəzi Əvəz Temirxan bir balaca məişət işlərindən baş açan kimi siyasi proseslərə də burun uzadır. Ə.Temirxanla bərabər bir qadın yükünü üzərinə götürmüş nə partiyası bir partiya olan, nə də ki, özündən bir siyasətçi çıxmaq ehtimalı duyulan "VİP" sədri Əli Əliyev də, neçə gündür ki, rəzalətin, təkəbbürün təsirindən çıxa bilmir. Amma bir fakt da, ondan ibarətdir ki, Ə.Əliyev nəyin altından çıxa bilməyi necə bacarsa da, hələ də, düşdüyü bəladan çıxa bilmir ki, bilmir. Yazıq duruma düşmüş Ə.Temirxanla Ə.Əliyev son günlər radikal müxalifət düşərgəsində hamının blok yaratmasından cuşə gəlib, onlar da belə bir iddiaya düşüblər. Bu iddialarının həyata keçməsi üçün isə onlar, ilk növbədə, L.Hacıyevanın "qılıncı"nın altından keçməli olublar. Təklif isə ondan ibarət olub ki, yeni yaradılacaq blokda ALP və "VİP" iştirak edəcək, adı isə "Lalə Hacıyevanın bloku" olacaq. Sonradan isə L.Hacıyeva eşidəndə ki, onun adına pulsuz-parasız blok yaradılır, o, buna etirazını bildirib.