PDF Oxu

Müxalifət

  • 16

Radikal düşərgədə iflas sindromuna start verildi

Radikal düşərgədə iflas sindromuna start verildi
Müsavat başqanı İsa Qəmbərov ötən həftənin sonunda açıqlamasında AXCP (i) və Müsavat arasında gedən danışıqlar prosesinin çətinliyini və müzakirələrə gec başlamaqlarını etiraf etmək məcburiyyətində qalıb. Namizədlərin razılaşdırılması məsələsinə toxunan İ.Qəmbərov nəzəri cəhətdən AXCP (i) üzvlərinin əksəriyyətinin, lazım gələrsə, öz dairələrindən güzəştə getməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, səhvini boynuna alaraq bildirib ki, hər iki partiya arasında "vahid namizəd" əldə olunması məsələsində, hələlik, problemlər qalmaqdadır.
"Bu birliyin baş tutmayacağı təqdirdə, AXCP (i) Müsavatı günahlandıracaq və Müsavat buna cavab olaraq izah edəcək ki, məsələnin bu yerə çatmasının məsuliyyəti kimin üzərindədir. Seçici də deyəcək ki, yenə birləşmədilər" - deyə İ.Qəmbərov gözlənilmədən şok etiraflar etməklə, əslində, həmişə olduğu kimi, yenə də, məsuliyyəti boynundan atmaqla özünü sudan quru çıxarmağa çalışır. Əslində isə, hamı bilir ki, müxalifət düşərgəsində nə baş verirsə, hökmən onun altından İ.Qəmbərov çıxmalıdır. Çünki bu adam burnunu istədi-istəmədi, gördüyü yerə soxur ki, bunun da axırı məhz belə olur.
Maraqlısı isə, ondan ibarətdir ki, son günlər AXCP (i) Müsavat yaxınlaşmasından dəm vuranlar artıq bu məsələdən danışmaq belə istəmirlər. Yenə də, görünən odur ki, torbada pişik var.
Ümumiyyətlə, günlər keçdikcə Müsavat-AXCP (i) danışıqlarının nəticə verməyəcəyi barədə rəylər daha da artır. Artıq tərəflər arasında səmimi bir müzakirə olmadığı da sezilir. Hətta bizə belə bir məlumat da daxil olub ki, İ.Qəmbərovla Ə.Kərimovun ötən həftənin cümə günü keçirilən görüşündə hansısa bir anlaşma əldə olunmayıb və müzakirələr qeyri-müəyyən vəziyyətdə, yarımçıq başa çatıb. Məlumatda bildirilir ki, müzakirələr həmin görüşdə namizədlərin razılaşdırılması ilə bağlı olub və konkret anlaşma əldə olunmayıb.
Hər bir halda, Müsavat-AXCP (i) danışıqlarında bir problem yarandığını sezməmək mümkün deyil. Bu məsələyə dair mövqeyini öyrəndiyimiz adının çəkilməsini istəməyən müsavatçı da birliyin baş tutmasına artıq inamlarını itirdiklərini və elə başdan da, buna razı olmadıqlarını bildirib. Bütün bunlar isə onu göstərir ki, müxalifət düşərgəsində deyildiyi kimi, blok və ya birləşmə mədəniyyəti olmadığından AXCP (i) Müsavat birliyi də baş tutmadı. Əvəzində isə müxalifət özü üçün yeni iflas sindromu qazanmış oldu.
Bir faktı da qeyd edək ki, artıq Müsavat-AXCP (i) seçki blokunun baş tutmayacağı barədə konkret və qəti qərar verilib. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev artıq seçkiyə rəsmi start verilməsinə bir neçə gün qalmasına baxmayaraq, hələ də, Müsavat partiyası ilə AXCP (i) vahid namizəd məsələsini həll edə bilmədiyini deyib. Qeyd edib ki, Müsavat deputat qrupunun üzvü olan şəxslərin heç biri hələ də tərəflər arasında gedən danışıqlar nəticəsində vahid namizəd kimi dəstəklənməyib. Bütün bunların isə hər iki partiya arasında aparılan danışıqlara və mövcud münasibətlərə təsirinin olduğunu bildirən A.Hacıyev seçkiyə qədər Müsavatla AXCP (i) arasında seçki bloku yaradılmadığı təqdirdə, siyasi blokun yaranacağını söyləyib. lBu isə uzun müddət tərəflər arasında olan münasibətlərin daha da çılğın bir hədd səviyyəsinə yüksəldəcək" deyən A.Hacıyev Müsavat AXCP (i) danışıqlarından pessimist olduğunu da gizlətməyib.
Sadalanan və etiraf olunan faktlardan aydın olur ki, müxalifət düşərgəsində bu və ya digər formada ortalığa atılan seçki bloku və birləşmə oyunları mövsümi xarakterdən çıxar bilmir. Bütün olanlar və olacaqlar isə, onu göstərir ki, radikal düşərgədə cərəyan edən proseslər müxalifətin acı sonluğunu bir qədər də yaxınlaşdırmış olub. Ona görə də, bu gün istənilən müxalifət yetkilisi artıq özlərinin nəyə qadir olduqlarını anlayaraq birləşmədən, bloklaşmadan danışmaqda çətinlik çəkirlər. Çünki müasir cəmiyyətdə özlərinin yerinin olmadığın hələ də anlaya bilməyən fiqurlar üçün bundan sonra siyasi bazarlıq yolu ilə gündəmdə qalmaq iddiası iflasa uğrayıb. Bu səbəbdən də, düşərgədə artıq hər bir radikal partiya sədri öz ətrafında oyuncaq blokcuqlar yaratmaqla məsələdən kənar qalmağa çalışırlar. Amma hər bir halda radikal müxalifətin iflasdan qurtulması qeyri-mümkün görünür.

Digər xəbərlər