PDF Oxu

Müxalifət

  • 15

Kim - kimə?!

Kim - kimə?!
Son vaxtlar radikal müxalifət düşərgəsində hər kəs Müsavatla AXCP (i)-nin "yaxınlaşmasından", "doğmalaşmasından", "əkizləşməsindən" və nəhayət, bir-birilərinə "dürtülməsindən" danışır. Bir çoxları bu "birləşmənin", "dürtülmənin" baş tutmayacağını bildirsələr də, ancaq məsələnin diqqətçəkən tərəfi hələ də heç kəsə aydın olmayıb. Aydın olan isə odur ki, bu xam xəyallı radikal müxalifət düşərgəsindəkilərin bir ənənəvi "xasiyyəti" var ki, onlar 20 ilə yaxındır ki, bir-birilərinə yaxınlaşdıqca, daha da uzaqlaşıblar. Bəzən bir qərargahda belə lövbər salmış radikallar arasında sanki bir okean qədər məsafənin olduğu müşahidə olunub. Müxalifət düşərgəsində bu vəziyyət bu gün də belədir. Sadəcə olaraq, burada müəyyən qədər informator qüvvələr var ki, onlar düşüncəni başqa səmtə yönəltməkdə mahirləşiblər.. Guya ki, müxalifət düşərgəsində "yel əsib, qoz tökülüb" mənzərəsini nümayiş etdirməyə çalışan Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov indi ağız-ağıza verib "birlik" havasından dəm vururlar. Reallıqda isə onların nədən dəm vurması heç kəs üçün maraqlı olmasa da, özlərini bu dərəcədə pafoslu formada göstərmələri istər-istəməz insanda ikrah hissi yaradır. Faktlara əsaslanaraq, demək olar ki, radikal müxalifət adlı bir şəbəkə mövcud olandan İ.Qəmbərovla Ə.Kərimov arasında münasibətlər qatı düşmənçilik səviyyəsində olub. Məhz insanı da hiddətləndirən cəhət ondan ibarətdir ki, birdən-birə bunları belə bir hay-küylə çıxış etməyə vadar edən səbəb ortaya çıxmışdır. Bu da sübut etmişdir ki, onların ikisinin də başının bir yerə bağlandığı nöqtə mövcuddur. Əsgər komandirinə tabe olan kimi İ.Qəmbərovla Ə.Kərimov da, pul alıb göstəriş aldıqları qüvvələrə tabedirlər və bütün "əmrləri" sözsüz və irad bildirmədən yerinə yetirməlidirlər. Elə buradan da, aydın olur ki, İsa "bəy"lə, Əli "bəy" niyə "nikah" evinə girməyə tələsirlər. Amma bu işin içində də çoxlu əmmalar mövcuddur. Bu əmmalardan Ə.Kərimovla İ.Qəmbərovun yaxasını kənara tutması müşkül məsələdir. Ona görə də, onların hər ikisinə kənardan yeni "birləşmə" barəsində "paket" göndərilib. Məhz bu "paket" əsasında onların birləşməsi qeyri-mümkündür. Amerikalı qağaları Əli ilə İsaya deyiblər ki, gedin biriniz birləşəcəyiniz partiyanın başqanı olun, biriniz də gələcəkdə priezidentliyə namizəd olarsınız. Bu məntiq isə özlüyündə müxalifət düşərgəsindəki uçurumun növbəti dalğasının başlanğıcı kimi qiymətləndirilir. Çünki adları qeyd olunan şəxslərin hər ikisi ömürlərinin son məqamına qədər prezident olmaq sevdası ilə yanıb-alışacaq. Belə məqamda onların qarşısında konkret şərtin qoyulması isə prosesdəki çatların daha da böyüməsinə gətirib çıxarıb. Elə bu səbəbdəndir ki, AXCP (i) sədri Ə.Kərimov tabeçiliyində olan mətbu orqanlarda birləşmənin tərəflərinə dair şərh verərkən, dolayı yolla olsa belə, İ.Qəmbərovun ünvanına çata biləcək ifadələr işlədib. Bu isə indiki məqamda həssaslığın bir qədər də yüksəlməsini təmin etmiş olub. Digər bir məsələ isə ondan ibarətdir ki, İ.Qəmbərov təklif "paketi" ilə qaneedici görünür. Çünki birləşmə baş tutarsa, "vahid namizəd" o olacaq və Ə.Kərimovun formal başqanlığı isə heç nəyi həll etməyəcək. Sonradan isə öz tərəfdarlarını Ə.Kərimovun üzərinə qaldırmaqla, İ.Qəmbərov faktiki olaraq, onu zərərsiz bir fiqura çevirəcək. Ona görə də, bu məsələ ətrafında dolaşan söz-söhbətlərdən belə aydın olur ki, müxalifət düşərgəsində böyük fırtınanın ilkin addım səslərinin sədası bu günlərdə yaman çıxacaq.

Digər xəbərlər