Rəzil, xəyanətkar, simasız adam
Rəzil, simasız, xəyanətkar, öz vətəninə, millətinə, dövlətinə qarşı çıxan, xəbis xislətli "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin adını yenidən çəkərək onu şərəfləndirmək niyyətindən uzağıq. Sadəcə, radikal müxalifət düşərgəsinə mənsub müəyyən şəxslərin bu şəxsi canıyananlıqla müdafiə etməsi, onun adını məqsədli şəkildə "siyasi məhbus", "vicdan məhbusu" kimi hallandırmaları, onun "qəhrəman" obrazını yaratmağa çalışmaları bizi adi, sıravi jurnalist kimi vətəndaşlıq mövqeyi nümayiş etdirərək bu məsələyə bir daha qayıtmağa vadar edir.
Belələrinin məntiqi ilə yanaşdıqda, bütün vətən xainləri "əsl qəhrəman" adlandırılmalıdır. Başqa sözlə, onların gözündə və sözündə "qəhrəman" olmaq üçün, ilk növbədə, doğma vətəninə - Azərbaycana xəyanət etməlisən, milli dövlətçiliyimizə, ölkəmizin ərazi bütövlüyünə qarşı çıxmalısan, mənsub olduğun xalqa, millətə "yuxarıdan aşağı" baxmalısan, iqtidarın ünvanına iftira, böhtan, hədyan yağdırmalısan. Ondan sonra isə Eynulladan "bir addım irəli" gedib deməlisən ki, bəs ermənilər bizim deyil, biz ermənilərin torpağını işğal eləmişik. Xocalı soyqırımından da bu "binəva ermənilərin" heç xəbəri yox imiş, orada baş verənləri də, deyəsən, elə özümüzünkülər törədib, axı bu "yazıq Eynulla"dan nə istəyirsiniz? Bax, onda bu ermənipərəstlərin gözündə sənin "tayın-bərabərin" olmayacaq. Bir sözlə, E.Fətullayev yalan, sən gerçək olacaqsan. Amma fürsət tapıb, əli-qolu azərbaycanlıların qanına bulaşmış bir neçə erməni qulduru ilə qol-qola şəkil çəkdirməyi də unutmamalısan. Belə olduqda, "fakt" qarşısında qalıb deyəcəklər ki, afərin, qoçaqsan! Sən də Eynulla kimi "vicdanlı" olub deyə biləcəksən ki, əgər bu ermənilər quldur, qaniçəndirlərsə, onda məni niyə öldürmədilər?..
Bəli, E.Fətullayev kimiləri üçün 20 mindən çox azərbaycanlının Qarabağda ermənilər tərəfindən qətlə yetirilməsi, şəhid olması, 10 minlərlə soydaşımızın yaralanması, xəsarət alması, 1 milyondan çox azərbaycanlının yurd-yuvasından didərgin düşməsi, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı vicdan, namus məsələsi deyil. Fitnəkar erməni zabitinin Azərbaycan hərbçisi Ramil Səfərov tərəfindən qətlə yetirilməsi, layiqli cəzasına çatdırılması isə, əksinə, ondan ötrü "namus, qeyrət məsələsi" sayılır. Hər necə də olsa, həyat yoldaşı erməni əsillidir axı, onun "qeyrət"ini çəkməlidir. Odur ki, E.Fətullayevin "Ramil Səfərov qəhrəman deyil" deyərək erməniləri müdafiə etməsi heç də təəccüblü deyil. Zarafat deyil, bu "qeyrətli oğlan" ermənilərdən qız alıb, onlarla qardaş, qohum olub. Ramil Səfərov da gedib onun əliqanlı qohumlarından birini cəhənnəmlik edib. İndi o, erməniləri qoyub bizi müdafiə etməyəcək ki... Bax, "qeyrətli, qəhrəman oğlan" belə olar, "Xocalı sakinlərinə azərbaycanlılar, AXC batalyonları atəş açıb" deyər.
Ən qəribəsi də odur ki, indi Eynullanı elə köhnə AXC-nin şinelindən çıxanlar məhz belə adlandırır. Milli duyğuları, vətənpərvərliyi, millətpərəstliyi, dövlətçiliyi isə onlar artıq yaramaz, xoşagəlməz, hətta təhlükəli təzahür kimi qiymətləndirirlər. Beləliklə, Eynullanı müdafiə edənlər ondan çox fərqlənmirlər. Fərq yalnız ondan ibarətdir ki, bu simasız, şərəfsiz adam bunları açıq şkildə Azərbaycan xalqına, xocalılara qarşı qanlı cinayətin iştirakçısı olmaqda ittiham edir. Onlar isə ermənipərəst dairələrin 5-10 manat qrantlarına aludə olaraq ciddi-cəhdlə vətən xaininə "siyasi məhbus" donu geydirmək istəyirlər. Bu, heç də təəccüblü deyil. Çünki vaxtilə Əlikram Hümbətov kimi separatçılar, vətən xainləri də belələri tərəfindən "siyasi məhbus" adlandırılırdı. Onlar 2000 dollar müqabilində erməni kəşfiyyatının toruna düşən, ermənilərə "hakimiyyətə gələriksə, Qarabağ məsələsini şokoladla konyak içə-içə həll etməyə hazırıq" vədini verən Ruslan Bəşirlini də "siyasi məhbus", "vicdan məhbusu" adlandırır, Eynulla ilə birlikdə ona da "azadlıq" istəyirlər. Ən faciəli, təəssüf doğuracaq məqam budur ki, R.Bəşirli vətənə xəyanətlə, ermənilərə satılmaqla əldə etdiyi haram pulla özünə toy etmək, ailə qurmaq xəyalına düşmüşdü.
İndi bu iki şəxsin bəzi müxalif qəzetlərdə qoşalaşan şəkilləri hər cəhətdən biri digərinə "layiq" görünür. Yəqin elə buna görə deyiblər ki, gec-tez taylı tayını tapır. Onların hər ikisi mənfi xüsusiyyətlərinə, yaramazlıqlarına görə bir-birilərini tamamlayırlar. Məsələn, onlardan biri erməni əsilli qadınla evlənərək öz dövlətinə, millətinə dönük çıxıb, indi açıq şəkildə ermənipərəstlik nümayiş etdirir, digəri isə ermənilərə satılmaqla toy etmək, ailə qurmaq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma, vəhşiliklərə göz yumaraq, işğalçı ölkənin kəşfiyyatının muzdlu köləsinə çevrilməklə "xoşbəxt olmaq" xəyalına düşmüşdü. Hər ikisi milli düşüncədən, vətənpərvərlik duyğusundan tamamilə uzaqdır. Hər ikisi eyni dərəcədə şərəfsiz, məsuliyyətsiz və vicdansızdır. Onlardan biri ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı öz ayağımıza yazmaq istəyir, digəri bu faciənin üstündən keçərək ermənilərlə bir süfrə arxasında sağlıq deyə-deyə, qədəhləri toqquşduraraq, konfetlə konyak içə-içə sadəlövhcəsinə Qarabağ məsələsini həll edə biləcəyinə inanır. Onların hər ikisi burunlarından uzağı görə bilmədikləri üçün diletantcasına ermənilərin toruna düşüblər. İndi isə biri yazdıqlarını, digəri ermənilərin sübut kimi qoltuğuna verdiyi videokaseti inkar edir...
Bütün bunların fonunda ermənipərəst dairələrin sifarişini yerinə yetirən radikal qurumların Eynulla kimi vətən xainlərini müdafiə etməsi qətiyyən təəccüb doğurmur. Onlar məhz belələrini - ermənilərin toruna düşənləri, Azərbaycanı parçalamaq istəyən separatçıları, xainləri, fitnəkarları, simasızları müdafiə edirlər. Bu mənada Eynullanın kimliyinin, doğrudan da, onlar üçün heç bir əhəmiyyəti yoxdur, bunu özləri də açıq şəkildə deyirlər. Çünki kosmopolit düşüncəli bu insanları yalnız öz korporativ maraqları məşğul edir. Onlara yalnız milli hisslər deyil, həm də bütün insani duyğular yaddır. Azərbaycan xalqı isə belələrinə qarşı birmənalı olaraq barışmaz münasibət nümayiş etdirir, ictimaiyyətin belələrinə qarşı münasibəti kifayət qədər sərtdir. Çünki vətənə, doğma torpağa münasibətdə hər hansı xəyanət bağışlanılmaz, qəbuledilməzdir.