Müsavat və AXCP (i) cütlüyü "Ümid" partiyasını təkləyib
Seçki öncəsi radikal müxalifət düşərgəsində partiya sədrləri arasında yeni qarşıdurmaların yaranması və daxildə ziddiyyətlərin güclənməsi ilə müşahidə olunmaqdadır. 2008-ci ildə prezident seçkilərindən sonra yolları ayrılan AXCP (i) və Müsavat partiyalarının sədrləri parlament seçkiləri ərəfəsində "vahid namizəd"in müəyyənləşdiriləcəyini bəyan ediblər. Cəmiyyət tərəfindən ciddi siyasi fiqur kimi qəbul olunmayan düşərgə mənsublarının siyasi orientasiyaları "Ümid" partiyasının sədri İqbal Ağazadəni çətin vəziyyətə salıb. Radikal müxalifət daxilində ziddiyyətlərin, qarşıdurmaların olması cəmiyyətdə bu düşərgə təmsilçiləri barədə birmənalı mənfi rəy yaradıb. Ötən prezident və parlament seçkiləri, hazırda isə parlamentə seçkilər ərəfəsində bu hal özünü qabarıq göstərməkdədir. Müxalifət partiyalarının ayrı-ayrılıqda bloklar yaratmaları qütbləşmələrə gətirib çıxarıb. Formal xarakter daşıyan bu "birlik" modelləri partiya rəhbərlərinin maraqlarının ifadəçisinə çevrilərək digər müxalifət partiyalarına qarşı yönəlib. Öncə hədəf kimi "Ümid" partiyasının seçilməsi, bu sırada partiyaların sayına təsirsiz ötüşməyəcək. Müsavat və AXCP (i)-dən kənarda olan partiyaları hakimiyyətlə iş birliyində, müttəfiqliyə xələl gətirən hərəkətlərə yol verməkdə günahlandıran radikallar konyuktur maraqlara uyğun olaraq siyasi fəaliyyətə kökləniblər.
Radikal düşərgəni iki qütbə bölən Müsavat və AXCP (i) seçkidə iştirakla bağlı fikir ayrılığının yaranmasından sonra münasibətlər daha da gərginləşdirib. Uzun illər bir cinahda partiya rəhbərləri olan və avtoritar idarəçiliyi ilə məşhurlaşan İ.Qəmbərov və Ə.Kərimov hazırda düşərgə daxilində çıxılmaz vəziyyət yaradıb. 35 saylı Xətai üçüncü seçki dairəsini hazırda parlamentdə İ.Ağazadə təmsil etməsinə baxmayaraq, radikal müxalifətin öz partiya maraqlarını qoruya bilmədən Aqil Səmədbəylini dəstəkləməsi düşərgə daxilində ciddi mübahisələr yaradıb. Əvvəlki iddia ilə seçki prosesinə qatılmaq niyyətində olan Müsavat başqanının hazırkı situasiyada "vahid namizəd" məsələsini gündəmə gətirməsi və "Ümid" sədrini təkləməsi məqsədlidir. Radikal müxalifət partiyalarının parlamentə keçiriləcək seçkilərə də münasibəti əvvəlkilərdən heç nə ilə fərqlənmir. Bu düşərgəni təmsil edən partiyalar köhnə amplualarından əl çəkməyərək, bir-birinə qarşı siyasi mübarizə aparırlar.
Faktiki olaraq təklənən müxalifət partiyaları apardıqları uğursuz kampaniya nəticəsində siyasi təşkilatlar bir yerdə fəaliyyət göstərməyin mümkünsüzlüyünü anlayıblar. Radikal müxalifət partiyaları arasındakı münasibətlərin gərginləşdiyi bir vaxtda keçmiş "müttəfiqlərin" indi bu "Ümid" partiyasının sədrinə qarşı siyasəti gözlənilən idi. Partiya təmsilçilərinin ayrı-ayrı mətbuat səhifələrində ziddiyyətləri daha da dərinləşdirən fikirləri münasibətləri kulminasiya həddinə çatdırıb. Vəziyyətin arzuolunmaz istiqamətdə cərəyan etdiyini və özünütəcrid siyasətinin effekt vermədiyini müzakirə predmetinə çevrilib. Radikal müxalifət partiyalarının yenidən birlik ideyasının ortaya çıxdığı bir vaxtda "Ümid" partiyasını sıxışdırmaq məqsədi daşıyır. İ.Ağazadə növbəti seçkilərdə də namizədliyini irəli sürərək, həmin dairədən sabiq rəqibi A.Səmədbəyli ilə mübarizə aparacaq. Müsavat-AXCP (i) "birliyi"nin 35 saylı dairədən namizədinin müəyyənləşdirməsinə münasibət bildirən İ.Ağazadə qeyd edib ki, İ.Qəmbərovun, Ə.Kərimovun namizədliklərini verməsini arzulayır:"Aqil Səmədbəyli ilə nə mübarizə aparasıyam? Buyursunlar gəlsinlər. Demokratik seçki naminə çox arzu edərdim ki, mənlə eyni dairədən namizədliklərini versinlər. Həm də başqaları üçün yol açılar, o biri dairələr boşalar. Bəzən çox yanlış bir tendensiya formalaşır ki, liderlərin dairəsindən heç kim namizədliyini verməsin".