AMİP-in müttəfiq axtarışı...
Müxalifət düşərgəsində sükuta qərq olan, varlığı-yoxluğu bilinməyən partiyalardan biri də AMİP-dir. Doğrudur, bu partiyanın nominal təmsilçisi olan şəxslər ara-sıra müəyyən açıqlamalar verməklə siyasi gündəmə gəlməyə cəhd edirlər. Lakin bu cəhdlər epizodik xarakter daşıdığından nə ictimai rəydə, nə də müxalifət düşərgəsində hər hansı reaksiya doğurmur.
Milli İstiqlal Partiyası bir müddət əvvəl müxalifətin qalmaqallı, siyasi intriqaların daşıyıcısı olan partiyalarından sayılırdı. Xüsusən, partiyanın aparıcı fiquru sayılan Etibar Məmmədovun sədrlikdən getməsindən sonra partiya iki qanada bölünmüş, uzunmüddətli aşınma, deqradasiya mərhələsinə qədəm qoymuşdu. Hazırda bu partiyada köhnə, az-çox "ağır çəkili" funksionerlərdən, demək olar ki, heç kim qalmayıb. Nazim İmanov, Firudin Cəlilov kimi partiyanın qurucuları sayılan şəxslər artıq neçə ildir ki, AMİP-i tərk ediblər. Bir müddət AMİP-in "ikinci qanadı"nın rəhbəri kimi bu partiyanın adına iddialı görünən Əli Əliyev isə indi tamam başqa ampluadadır. O, indi öz "VİP"-i ilə birlikdə "DUİ"-yə sığınıb və müxalif həmkarlarının həftəlik iclaslarında ordan-burdan danışmaqla məşğuldur.
İndi keçmiş ADP-çi Yusif Bağırzadənin sədrlik etdiyi AMİP seçkilərə bloklara qoşulmadan getmək barədə qərar qəbul edib. Maraqlı və diqqətiçəkən məqamlardan biri də budur ki, digər müxalif partiyalara əməkdaşlıq təklif edən milli istiqlalçılar seçki ilə bağlı müxalif həmkarlarına güzəştə getmək fikrində deyillər. Digər tərəfdən, bu partiyanın daha çox ADP və "KXCP" ilə əməkdaşlığa səy göstərməsi diqqətdən yayınmır. Belə görünür ki, "bloklara qoşulmaq istəməyən" AMİP öz seçkiqabağı fəaliyyətini daha çox bu iki partiya ilə uzlaşdırmaq fikrindədir.
AXCP (i) ilə Müsavatın yaxınlaşması fonunda "KXCP" ilə ADP-nin AMİP-ə meyillənməsi təbii və gözlənilən sayıla bilər. AMİP sədri Y.Bağırzadənin partiyasının hansısa seçki blokuna qoşulmasını istisna etməməsi bu üç partiyanın Müsavat-AXCP (i) cütlüyünə alternativ qruplaşma yaratmaq niyyətində olduqlarını təsdiqləyir. Doğrudur, bu üç müxalif partiyanın münasibətlərində heç də hər şeyin qaydasında olduğunu söyləmək mümkün deyil. Lakin AXCP (i) ilə Müsavat arasında mövcud olan ənənəvi qarşıdurma ilə müqayisədə onların arasında hansısa kəskin ziddiyyətlər, barışmaz münasibət mövcud deyil. Bununla yanaşı, bu müttəfiqliyə kölgə sala biləcək məqamlar da yetərincədir. Məsələn, ADP təmsilçiləri vaxtilə Demokrat Partiyasının sıravi üzvü olmuş Y.Bağırzadəni indi AMİP sədri kimi qəbul edə bilmirlər. Digər tərəfdən, bir neçə il əvvəl, ADP təmsilçisi kimi MSK-da mənsub olduğu partiyanın "iradəsini həyata keçirməkdən imtina edən" Y.Bağırzadə bu gün Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu üçün arzuolunmaz, xoşagəlməz şəxsdir. "KXCP"-yə gəldikdə, onların AMİP ilə deyil, bu təşkilatın lideri kimi təqdim olunan E.Məmmədovla ciddi problemləri var. "Klassiklər" E.Məmmədovu "Rəsulzadə-Elçibəy yolu"na xəyanət etməkdə günahlandırır, onun təmsilçisi olduğu bir təşkilatla hər hansı ciddi əməkdaşlığın qeyri-mümkünlüyünü bəyan edirlər.
"DUİ"-yə gəldikdə daha çox "KXCP"-nin təsir dairəsində olan bu təşkilata daxil olan kiçik partiyaların AMİP-lə yaxın əməkdaşlıq edəcəyi inandırıcı deyil. Bu kiçik qruplaşmaların milli istiqlalçılara münasibəti heç də yaxşı deyil. Digər tərəfdən, daha çox korporativ maraqlarını həyata keçirməyə çalışan "DUİ" mənsubları AMİP-i "xeyirsiz partiya" hesab edirlər. Bu səbəbdən onlar AMİP-lə nə müttəfiqlik, nə də əməkdaşlıq etməkdə maraqlı görünmürlər.
Prinsip etibarı ilə, indiki halda bu partiyaların əməkdaşlığını, müttəfiqliyini mümkün edə biləcək yeganə amil onların Müsavat-AXCP (i) cütlüyünə qarşı olmaları və müqayisədə bu cütlükdən daha güclü olduqlarını sübut etmək istəyidir. "KXCP" bununla "klassiklər"i "islahatçılar"ın ayağına verən Müsavatdan layiqli əvəz çıxacağını düşünür. AMİP-in əvvəllər AXCP (i)-nin müttəfiqi olduğu nəzərə alındıqda burada "tandemlərin yerdəyişməsi" aydın nəzərə çarpır. Beləliklə, həm AMİP, həm də "KXCP" bir güllə ilə iki dovşan vurmuş olurlar. ADP-yə gəldikdə onların həm Müsavat, həm də AXCP (i) ilə köhnə haqq-hesabları var. "DUİ" təmsilçiləri isə alternativ siyasi qruplaşmaya qoşulmaqla bu radikal cütlüyü fakt qarşısında qoyacaqlarını düşünürlər. İstənilən halda, bu, radikal düşərgədə yaranan yeni qütbləşməyə və yerdəyişməyə işarədir.