PDF Oxu

Müxalifət

  • 8

Radikal müxalifət iflasın bir addımlığındadır

Radikal müxalifət iflasın bir addımlığındadır
Bir müddətdir ki, radikal müxalifətin gündəmində müzakirə olunan məsələlərdən biri də, bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirak etməməklə bağlıdır. Əksər müxalifət partiyaları və blokları seçkidə iştirak edəcəklərini bəyan etsələr də, bəzi qüvvələr hələ də seçkidə iştirak məsələsini konkretləşdirə bilmirlər. AXCP (i) sədri Əli Kərimov çirkin taktikasını irəli sürərək, bu prosesə digər müxalifət liderlərini də qoşmağa can atır. Burada Əli bəyin bir sıra məqsədləri və planlarının olduğu gün kimi aydındır. Hələ ötən seçkilərdən sonra ölkənin ənənəvi müxalifət partiyalarının və onların əməkdar sədrlərinin ictimai reytinqinin az qala sıfır səviyyəsində olduğu ortaya çıxmışdı. Öncəki seçkilərdə də müxalifət böyük uğursuzluğa düçar olmuşdu və cüzi səs faizi toplayaraq özlərinin ölkədəki reytinqlərinin nə dərəcədə aşağı olduğunu özləri də istəmədən cəmiyyətə çatdırmışdılar. 1993-cü ildə artıq iflasa uğramış radikal strategiya özünün labüd məhvə düçar olduğunu həmin vaxtdan bəri keçirilən bütün seçkilərdə göstərmişdi. Ölkə müxalifəti prezident və parlament seçkilərində belə nəzərəçarpacaq nəticə göstərə bilmədilər. Müxalifət üçün ən vacib əhəmiyyət kəsb edən seçki prezident seçkiləri olduğundan, biz sonuncu analoji prosesdən sonrakı vəziyyəti analiz etməyə çalışacağıq. Azərbaycanda, məlum olduğu kimi, son prezident seçkiləri 2008-ci ilin payızında keçirilib. Həmin seçkiyə müxalifət, xüsusilə də, radikal müxalifət qurumları və onların ambisioz liderləri çox ciddi hazırlaşmışdı. Ona görə də, radikallar çoxdan bəri gözlərində qalan arzularını gerçəkləşdirmək üçün ən ideal şansın yarandığını güman etməyə başlamışdılar. Amma onlar bir amili nəzərdən qaçırmışdılar- xalq artıq çoxdan ayılmışdı və tükü-tükdən seçirdi. Azərbaycan xalqı artıq 90-cı illərdəki sadəlövh kütlə deyildi. Dünya ölkələrində hakimiyyətə gəlməyin yeganə yolu olan seçkilər yolu ilə hakimiyyətə gəlməyin mümkün ola bilməyəcəyini görən radikal liderlər başqa yollar axtarırdılar. Ölkədə sabit ictimai-siyasi mühiti pozmağa, iğtişaşlar yaratmağa cəhd edən müxalifət hakimiyyəti qəsb etmək üçün bütün qanunsuz və qeyri-sivil variasiyaları nəzərdən keçirir, hakimiyyət hərisliklərini, nəyin bahasına olursa-olsun, həyatda reallaşdırmağa çalışırdılar. Amma bütün bunlara baxmayaraq, müxalifət düşərgəsində sıralar getdikcə seyrəlir, parçalanma və didişmələr düşərgəni uçuruma aparır. Bu proseslərdə (müxalifətdaxili parçalanmalar və xəyanətkarlıq) ən aktiv rol oynayan radikallardan biri də Əli Kərimov idi- bir vaxtlar öz lideri və ağsaqqalı Əbülfəz Elçibəyə belə xəyanət etmiş adam! Özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan Ə.Kərimov digər rəqiblərini ləkələmək, partiyalararası qarşıdurmalar yaradaraq, onları zəiflətmək və son nəticədə müxalifətin perspektivli liderini yaratmaq üçün çalışan siyasətbazlardan biri idi. Ə.Kərimovun üzdəniraq fəaliyyətinin necə davam etməsi haqda bir qədər sonra, hələlik isə, son vaxtlar partiya funksionerləri tərəfindən ortalığa atılan açıqlamalara diqqət yetirək. Bu açıqlamalarda Ə.Kərimovun partiya sədri postundan istefa verə biləcəyinin mümkünlüyü bildirilir. Paralel olaraq, mediaya belə məlumatlar ötürülür ki, "AXCP (i) sədri hesab edir ki, bunun üçün tərəfdarlarının qərarı olmalıdır. İndiyədək müxtəlif insanlar haqda belə "əvəzedilməzlik" fonu yaradılsa da, son nəticədə, bunun doğru yanaşma olmadığı üzə çıxıb"-məlumatlarda deyilir. Maraqlı orasıdır ki, indiyədək öz siyasi fəaliyyətini heç kimə güzəştə getmədən quran və yalnız öz ambisiyalarına uyğun işlərlə məşğul olan Əli "bəy" indi nədən bu mövqeyindən geri çəkilir? Bəlkə o da gənclərə şərait yaratmaq istəyir və ya Etibar Məmmədov kimi yaxasını məsuliyyətdən kənara çəkərək, daha yüksək status hesab olunan liderlik həvəsinə düşüb? Yox, bunların heç biri deyil. Məsələ bir az başqa cürdür. Məsələ ondadır ki, Əli "yoldaş", hətta normal bir qərargahı belə olmayan nüfuzsuz bir partiyanın sədri olmaq "şərəfindən" imtina etmək və həmin postdan qovulmazdan öncə, getmək fikrindədir. Burada bir sıra başqa məqamlar da var. Əvvəla, artıq tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Ə.Kərimov da builki seçkidə heç bir şey edə bilməyəcəklərini gözəl anlayır. O zaman özünü daha da rüsvay etməyə, seçkidən sonra, hətta siyasətdən danışmaq haqqını belə itirməyə nə hacət var? Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi sərsəmləmələrdə bulunan liderlərdən seçkidən sonra soruşacaqlar ki, bəs hanı sizin dedikləriniz? Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən qurumlar da soracaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar. Bütün bunları isə Ə.Kərimov yaxşı bilir. Elə o səbəbdən də, yeganə çıxış yolu kimi seçkidən öncə şou yaratmağı görür. Axı yarışda iştirak etməyənə necə demək olar ki, sən uduzmusan? Çox rahat bir məntiqlə. Ə.Kərimov ortalıqda rəqib partiyaların heç birinin namizədliyini ona görə görmək istəmir ki, onların seçki kampaniyasından istifadə edərək özlərinə və partiyalarına müəyyən reytinq yığmalarına çalışacaqlarını gözəl bilir. O zaman Əli "yoldaş" özü və partiyası kölgədə qalacaq və demək olar ki, unudulacaq. Çünki rəqib partiyalar onlara yaradılmış imkanlardan maksimum istifadə edərək özlərini təbliğ edəcək və ən azı bir neçə ay televiziya və mətbuatın tribunasından çıxış edərək, gündəmdə qalmağa çalışacaqlar. Bu isə Ə.Kərimovun maraqlarına zidd olan bir məsələdir.

Digər xəbərlər