PDF Oxu

Müxalifət

  • 5

Uğursuzluq sindromu

Uğursuzluq sindromu
Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət mediası yenidən şər və böhtan kampaniyasına başlayıb. Ayrı-ayrı rəsmi şəxslər və siyasətçilərlə bağlı həqiqətə uyğun olmayan məqalələr dərc edən müxalifət mediası, çox maraqlıdır ki, öz fəaliyyətini "obyektivlik" üzərində qurduğunu iddia etsə də, bu, reallıqla uzlaşmır. Məsələ burasındadır ki, bu vaxta qədər Azərbaycan ictimaiyyətini "obyektiv" şəkildə məlumatlandırdıqlarını iddia edən "Azadlıq" və "Yeni Müsavat" qəzelərinin bu vaxta qədər öz "ağaları"nın əməllərini obyektivcəsinə işıqlandırmaq yadlarına düşmür. AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərovun Azərbaycan dövlətinin maraqlarına zidd fəaliyyətləri, xarici donorların verdikləri "paralar" qarşılığında dövlət maraqlarını satmasın, sanki, müxalifət düşərgəsinin "həqiqət carçıları" görmürlər. Bu şəxslərin əməlləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqamı gəlincə, bu qəzetlər də, sanki, "kar" və "kor"a çevrilirlər. "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində liderlərin "döyüşləri"nə isə xarici ölkələrdən və donor təşkilatlardan gələn "pay"ın bölünməsi zamanı təsadüf edilir. Vay o gündən ki, bir partiyanın payı o birisindən çox olsun. Onda nə din qalır, nə də məzhəb. Para maraqları hər şeydən önə keçir. Bu prinsipləri özünə dəyər seçən "həqiqət carçıları"nın bu fəaliyyəti isə çox zaman özlərinə qarşı yönəlir. Müxalifətin "həqiqət carçıları" ilə bağlı başqa bir məqam da kifayət qədər diqqət çəkəndi. Çox maraqlıdır ki, zaman-zaman "özlərindən başqa heç kimi görməyən" müxalifət mediası iqtidaryönümlü və müstəqil qəzetlərin maliyyələşdirilməsi ilə bağlı ortaya məsələ atsalar da, nədənsə özlərinin maliyyəsi ilə bağlı suallar ortaya gələndə susmağa üstünlük verirlər. Çünki müxalifət mətbuatının maliyyə mənbələrinin hardan qaynaqlanması hər kəsə bəllidir. Amma onların özlərinin bununla bağlı başqalarından istədikləri cavab qarşısında danışmağa sözləri yoxdu. Bir də ki, müxalifət mətbuatının öz maliyyəsi barədə danışmağa sözü ona görə yoxdur ki, illərdən bəri ictimaiyyət, ayrı-ayrı şəxslər, dövlət adamları ilə bağlı şər və böhtan yağdıran bu qəzetlərin yazdığı eyni məqalələr insanların gözlərini bir növ "mazol edib". Artıq "həqiqət carçıları" nın insanların gözünə "kül üfürmək", olmayanı olan kimi təqdim etmək cəhdləri nəticə vermir. Çünki "yalançını mənzilinə qədər qovarlar". Bu qəzetlər dəfələrlə yazdıqları şantaj və böhtana görə məhkəmə qarşısına çıxanda günahlarını etiraf etməli olublar. Eyni zamanda, müxalifət mətbuatının "obyektiv fəaliyyəti" ilə bağlı başqa bir məqam da var. Bir halda ki, bu qəzetlər ictimaiyyətə həqiqəti, "obyektiv" məlumatları çatırmaq istəyirlər, nədən insanları bu vaxta qədər özləri ilə bağlı olan xəbərlərdən xəbərsiz qoyurlar? Məsələn, elə götürək "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu ilə "youtube.com" saytı vasitəsi ilə bağlı yayılan videoçarxı. Ya da "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun "Üç Palma" əhvalatını. Biz hələ AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərovun ölkə daxilində və xaricində olan əməllərini demirik. Amma bu qəzetlərin öz liderləri barədə yazmaması heç də Əli Kərimov və İsa Qəmbərova olan sevgidən qaynaqlanmır. Sabah hansısa donor təşkilatın maliyyə yardımları ilə bağlı məsələ ortaya çıxsa, bu halda lider "sevgisi" də yaddan çıxacaq. Siyasi əqidədə də. Odur ki, artıq təkcə müxalifət düşərgəsi deyil, müxalifət mediası da açarı itirib. Bütün fəaliyyətlərini para maraqları üzərində quran "həqiqət carçıları"nın apardığı "qara piar" da effekt verən deyil. Çünki müxalifətin özü kimi qəzetləri də çoxdan uğursuzluq sindromu ilə üzləşiblər.

Digər xəbərlər