Uğursuzluğa gedən müxalifət
Radikal müxalifət düşərgəsində son günlərin ən səs-küylü olayı kimi hallanan AXCP (i) - Müsavat yaxınlaşmasına şübhə ilə yanaşanlardan biri də "VİP" sədri Əli Əliyevdir. Ə.Əliyev "Yurd" şefi Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovun fırıldaqçı olduğunu söyləyib.
Ə.Əliyev bildirib ki, hər iki partiya sədri bu illər ərzində cəmiyyəti aldada-aldada gediblər: "Hər seçki öncəsi düşərgədə şou, yaxud da iğtişaş törətmək niyyətində olan Ə.Kərimov və İ.Qəmbərov, görünür, 2003-cü ilin 15-16 oktyabr hadisələrini təkrarlamaq fikrinə düşüblər. Həmçinin, "Azadlıq" blokunun dağıtmaqla orada olan partiya funksionerlərini öz tərəflərinə çəkmək istəyiblər. Ancaq bu istəkləri baş tutası deyil. Çünki artıq funksionerlər onların çirkin niyyətlərinin çox şahidi olublar. Hər iki partiya lideri həmişə öz şəxsi ambisiyalarını həyata keçirməyə çalışıb. Elə bu səbəbdəndir ki, düşərgədə baş verən münaqişələr müxalifətin ağır vəziyyətini daha da ağırlaşdırıb. Nəticədə isə, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərə də didişmələrlə gedən müxalifət partiyalarının uğursuzluqla üzləşəcəkləri artıq aydın görünür".
"VİP" sədri, həmçinin, Ə.Kərimovla İ.Qəmbərovun bu və ya digər formada birlikdə olmasını isə mümkünsüz hesab edir: "Sadəcə olaraq, hər iki qurum AXC-nin "şinel"indən çıxsa da, bir-birinə qarşı sərt mövqedə dayanıblar. Belə bir məqamda isə Müsavat başqanının məkrli niyyətinə əsasən iki düşmən partiyanın bir yerə gətirilməsi cəhdləri isə tamam başqa maraqları özündə ehtiva etmiş olur. Çünki İ.Qəmbərov məhz hər iki partiyanı da sıradan çıxararaq, düşərgədə əlinə-ayağına dolaşan hər kəsi aradan götürməyi planlaşdırır. Onun indiki məqamda dırnaqarası aktivlik nümayiş etdirməsi isə xarici havdaraların vermiş olduğu yeni-yeni sərəncamlar əsasında mümkün olur. Məhz yaşının ahıl vaxtında İ.Qəmbərovun ortalığa düşməsi onun şəxsi maraqları müstəvisindən qaynaqlanan bir şeydir. Bir də cəmiyyətin aldadılmasında İsa Qəmbərov və onun kimilərinin "xidmətləri" çox olub. Ancaq İ.Qəmbərov və Ə.Kərimov yaxşı bilir ki, xalq onları qəbul etmir".
Ə.Əliyev Ə. Kərimova qarşı çıxan funksionerlərin partiyanı tərk etdiyini də bildirib: "Artıq AXCP (i) də parçalanma gedir. Səbəb də Ə.Kərimovla İ.Qəmbərovun birliyinə etirazın edilməsidir. Sözsüz ki, nəticə belə də olmalı idi. Prinsipsiz, mənəviyyatsızlarla bir olmamaq üçün çıxış yolu onlardan uzaqlaşmaqdır. Həmin funksionerlər hesab edir ki, nə vaxtsa səni satmış tərəf-müqabilin növbəti dəfə də səni sata və yaxud bir dəfə mənəviyyatsızlıq edərək, sənə xəyanət etmiş şəxs, bunu növbəti dəfə də təkrarlaya bilər. Mən Müsavat partiyasının sıralarında olan insanın üzərindən xətt çəkmək istəmirəm. Təəssüflər olsun ki, hər iki partiyaların işini onların rəhbərləri istiqamətləndirərək, çoxluğun yerinə şəxsən özləri qərar qəbul edirlər. Mənim Müsavat partiyasıyla bağlı şəxsi etirazım yoxdur, söhbət həmin partiyanın təmsilçisi olan və Azərbaycanın siyasətini çirkaba bulaşdıran başqan İ.Qəmbərovdan gedir. Uzun müddətdir ki, o, ölkənin siyasətində bütün prosesləri məğlubiyyətə doğru aparmağın ruhlandırıcı qüvvəsi olub. Son 20 ildə, o, Azərbaycan müxalifətinə xəyanət etməklə məşğul olub. O, həmişə şəxsi maraqlarını, ölkənin milli, dini maraqlarından üstün tutub və şəxsi maraqlarını təmin etmək üçün çox vacib dönəmlərdə Azərbaycanın siyasi inkişafının qarşısını alıb. Odur ki, belə bir şəxslə birlik qurmaq, hər hansı bir siyasi məqsədləri ümumiləşdirmək, fikrimcə, səhv hərəkət olardı. Nə qədər ki, çirkaba bulaşmış bu cür insanlar siyasi radikallıqla məşğul olacaq, Azərbaycan siyasətindən uğur gözləmək yersizdir və bu şəraitdə demokratik qüvvələrin də nəticə əldə etmələri qeyri-mümkün olacaq. Çünki bu günə kimi cəmiyyətə yalan vədlər verən və funksionerləri aldada-aldada gedən İsa Qəmbərov və onun kimilər siyasi meydanı bir dəfəlik tərk etməlidir. Süni yolla bəyanat vermək ki, "kimsə meydandan çıxmalıdır ki, mən gəlim" fikri tamamilə yanlış olar. Kim sağlam mübarizə aparmağı bacarırsa, buyursun. Amma müxalifət, heç də iqtidara nə forma nə də məna baxımından alternativ kimi görünmür. Elə problem də ondadır ki, hələlik, cəmiyyət hakimiyyətə alternativ görə bilmir. Keyfiyyətsiz müxalifəti açıq seıçkidə məğlub etmək lazımdır".