Açılmamış düyünlər yenidən açıldı
Cari ilin noyabrında keçiriləcək parlament seçkiləri ərəfəsi müxalifət düşərgəsində qarşıdurmalar daha da güclənib. Belə ki, yenə də əvvəlki adətlərindən əl çəkməyən radikal müxalifət liderləri seçkini boykot etmək istəyini ortaya atıb.
Beləliklə də, boykot edənlərlə etməyənlər arasında baş verənlər mətbuatda savaşa başlamaqla yanaşı, qurşaqdan yuxarı "xoruz səsi eşidilməyən" təhqirləri, söyüşləri bir-birilərinə yağdırmaqdadırlar. Bu fonda hazırda müxalifətdaxili ən gərgin savaş "ACP"-Müsavat qarşıdurmasıdır. Bu qarşıdurmalar içində "Açıq Cəmiyyət Partiyası"nın sabiq sədri Akif Şahbazov vaxtı ilə parlamentdə təmsil olunduğu günlər yadına düşdüyü üçün yenidən siyasi meydanda olmağı lazım bilib. "ACP"-dən "Səs"ə verilən məlumata görə A.Şahbazov Müsavat partiyasının və bu partiyaya yaxınlığı ilə tanınan qəzetlərin yenidən ona qarşı kampaniya apardığına görə bəyanatla çıxış edib. Sabiq partiya sədri A.Şahbazovun bəyanatında Müsavat partiyasının rəhbərlərinə qarşı bir sıra ittihamlar yer alıb. Müsavat da borclu qalmayıb. Partiyanın funksionerləri əks-tərəfə təhqirlə cavab veriblər.
"ACP"-nin sabiq sədri mətbuata verdiyi açıqlamasında beynəlxalq təşkilatların da onların siyasi təcrübəsiz və böhtançı olduqlarını bildirdiklərini vurğulayıb: "Lakin həm ictimaiyyət, həm də beynəlxalq təşkilatlar ölkədə keçirilən seçkilərin demokratik, şəffaf və ədalətli olduğunu bildirdiyi halda, hansı üzlə yenidən parlament seçkilərini boykot etmək istəyinə düşüblər?"
A.Şahbazov, görünür, partiyadan uzaqlaşsa da, "liderinə sadiqliyini" göstərmək üçün seçkiərəfəsi əl-ayağa düşüb və bu gün "ACP" əleyhinə Müsavat partiyası və partiyaya yaxın mətbuat orqanlarının onların əleyhinə təbliğat aparmasına qarşı çıxmağı özünə "mənəvi borc" saydı. Uzaqdan-uzağa sözünü dedi, nə dedi: "İsa Qəmbərov, Əli Kərimov, daha nə bilim kimlər səriştəsiz, ləyaqətsiz, məişət və siyasi müstəvidə əxlaqsızlıqla məşğul olan və birillik hakimiyyətləri dövründə Azərbaycanı məhvə sürükləyən xəyanətkar gəmiricilərdir. Bunlar müsavatçılıq ideologiyasını mənimsəyərək, onun təməl prinsiplərini satmaqla öz siyasi mövcudluqlarını saxlaya biliblər. İstər bu partiyalar, istərsə də bu partiyaların qəzetlərindəki bəzi aparıcı simaların hesabına xalqın dəstəyindən məhrum olmuş və müəyyən mafioz qüvvələrin əlində alətə çevrilmiş yaramaz satqınlar, ictimai qınağı öz üzərindən atmaq məqsədilə böhtan və şantaj kampaniyasını davam etdirirlər".
Nə deyəsən belə "qeyrətə", belə "cəsarətə"?! Görünür, bu "cəsarətlə" A.Şahbazov liderinə özünü yaxın etmək istəyir. Ancaq fikirləşmir ki, "keçəl əlac tapsa idi, öz başına edərdi".
Görünür, seçkiöncəsi müxalifət düşərgəsində mübarizə daha kriminal hal alacaq. Çünki radikalların indiki hərəkətləri "suda boğulanın saman çöpündən yapışması"na bənzəyir. Saman çöpü isə, böyük siyasət dənizində batanları xilas etmək qüdrətində deyil.