AXCP (i)-nin qarşıdan gələn parlament seçkilərində Müsavat partiyası ilə birgə seçki blokunda iştirak etmək barədə qərarı düşərgədə o qədər də ciddi qarşılanmadı. Çünki ilin əvvəlindən müttəfiqlərinə sadiq qalacaqlarını bəyan edən AXCP (i)-nin belə bir addım atması müttəfiqləri üçün "daldan atılan daş" oldu. "Azadlıq" blokundakı digər partiyalar (ALP və "VİP") artıq oyundankənar vəziyyətə düşdülər.
"Biz Ali Məclisin Rəyasət Heyətində bu məsələni müzakirə etdik və Müsavatla seçki bloku formasında fəaliyyət göstərməyin mümkünlüyü ilə bağlı qərar qəbul etdik" fikrini söyləyən AXCP (i) sədrinin müavini Nurəddin Məmmədli bildirib. Onun sözlərinə görə, artıq hər iki partiyadan nümayəndələr ayrılıb, bu istiqamətdə danışıqlar davam etdirilir: "Biz hesab edirik ki, ən azı seçki bloku formasında fəaliyyət göstərmək imkanları kifayət qədər realdır. Hər şeydən öncə, seçkiyə vahid namizədlə qatılmaq ideyası çox aktualdır, çünki elektoratın parçalanmaması baxımından bu addım mütləq atılmalıdır. Digər tərəfdən, belə bir əməkdaşlığa böyük bir sosial sifariş var. Biz hesab edirik ki, bu sifarişi nəzərə alaraq, seçkiərəfəsi mərhələdə əməkdaşlıq imkanlarını genişləndirək".
"MBH" lideri Lalə Hacıyeva son hadisə ilə bağlı fikirlərini bildirərkən söyləyib ki, bu, onun üçün o qədər də gözlənilməz olmayıb: "Son altı ay ərzində həm "Azadlıq" qəzetinin yazarlarının bəziləri, həm AXCP (i) funksionerlərinin əksəriyyəti AXCP (i) - Müsavat birliyi təşviqatını aparırdılar. Bütün bunların hamısı görünən məsələ idi. "MBH" heç bir vəchlə Müsavatla hansısa əməkdaşlığa, yaxud birliyə gedəsi deyil. Çünki Müsavat bütün körpüləri yandırıb. Mən bu qərarı gözləyirdim. Hər halda, mən bunu mətbuatdan oxumaq istəmirdim".
"MBH" lideri, həmçinin, Müsavatın "bostanına da daş ataraq" İsa Qəmbərovun həmişə çirkin oyunlar oynadığını söyləyib: "Mən demişdim ki, demokratiya uğrunda mübarizəni bütün demokratlar bir yerdə aparmalıdırlar. Ondan sonra Müsavat mənə qarşı çox çirkli qara piar kampaniyası apardı. Yəni, təklifimi qəbul etmədilər. Görünür, kiminsə marağında deyil. Ona görə də, biz belə pərakəndə şəkildə seçkilərə gedirik. Mən bunu yaxşı hal hesab etmirəm. Müxalifət iqtidara, müxalifət müxalifətə düşmən kimi baxanda, artıq demokratiya olmur. Ona görə də, biz yaxşı olmayan bir durumdayıq".
Qeyd edək ki, AXCP (i)-nin qarşıdan gələn parlament seçkilərində Müsavatla birgə iştirak barədə qərarının müxalif düşərgədə yaratdığı ajiotaj davam edir. Xüsusilə də, Müsavat-"MBH" savaşı qızışmaqdadır. Müsavat partiyasının başqanı İsa Qəmbərovun "heç kim AXCP (i)-yə ayaqbağı olmayacaq" deməsi isə "Azadlıq" blokundakı digər partiyaları da hiddətləndirib.
ALP-nin sədr əvəzi Əvəz Temirxan həm Əli Kərimova, həm də İ.Qəmbərova cavab olaraq, söyləyib ki, nə Müsavat başqanında, nə də AXCP (i) sədrində belə bir fikir işlətməyə haqqı çatmır: "Çünki mübarizə üçün həm İsa Qəmbərovda, həm də Əli Kərimovda nə cəsarət, nə də ki, əl-ayaq var. Hər iki liderin işi ancaq satqınlıq və meydandan qaçmaqdır. AXCP (i) kimi 50 partiya ilə də seçkiyə birgə getsə, İsa Qəmbərovun mübarizə əzmi güclənməyəcək".
L.Hacıyeva, Ə.Kərimov və İ.Qəmbərov dəfələrlə yaradılan blokların Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb. Əgər bu şəxslər bu günə kimi qurduqları blokları axıra qədər apara bilməyiblərsə, bundan sonra nəyə nail ola biləcəklər? Hazırkı durum da göstərir ki, bu partiyalar, hətta seçkiyədək bir yerdə olsalar belə, seçkidən sonra yolları ayrılacaq. Artıq bu ayrılığın görüntüləri cızılır. Çünki parlament seçkilərinin ardından prezident seçkiləri gəlir. Burada isə, Əli Kərimov və İsa Qəmbərov bir-birinə güzəştə getməyəcək. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynamaz".
Bunu düşərgə "sakinləri" də yaxşı bilir ki, hər iki lider birinci olmaq arzusundadır. Sabiq AXCP (i) funksionerləri Sahib Həmidov, Kərim Səmədzadə "Səs" qəzetinə açıqlamalarında bildirdilər ki, arzu istəyə nail olmaq deyil: "Çünki neçə illərdir ki, Əli Kərimov, İsa Qəmbərov, Etibar Məmmədov, Sərdar Cəlaloğlu, Lalə Hacıyeva və başqaları bu istəkdə olublar. Doğurdan da gülün və arzularına çatası istək deyil. Birincisi, nə prezident, nə də digər seçkilərdə uzağı 1-2 faiz səs toplayaraq biabırçı uğursuzluqla üzləşirlər. İkincisi isə, gərək layiq olduğun və çatacağın arzu ilə yaşayasan. Vaxtilə müxalifətdə olmağımıza baxmayaraq, bu adamlar heç çobanlara da başçı ola bilməzlər. Ancaq seçkiərəfəsi "mehriban düşmənlər" özünü birinci lider kimi göstərmək istəyir. Çünki müxalifətdə xarici qrantlar, adətən, ən güclü qüvvəyə verilir. Özlərinə müxalifətdə ömürlük vəzifə təmin etmiş bu adamlar isə, təbii ki, bu imkandan mərhum olmaq istəməzlər. O səbəbdən də, AXCP (i)-Müsavat "dostluğu" cəmi 4-5 ay sürəcək. O ki qaldı, digər partiyalara, onlar da, yəqin ki, öz aralarında birləşib, müxalifət düşərgəsini zəbt edən veteranlara qarşı mübarizə aparacaqlar. Nəticədə, müxalif düşərgənin onsuz da çox az olan elektoratı parçalanacaq. Bu isə, seçkidə iştirak edəcək müxalifət bloklarının hərəsinin bir neçə faiz səs yığmasına gətirib çıxaracaq".