AXCP (i)-nin qurultayının keçirilməsi vaxtı növbəti dəfə dəyişdirilib. Belə ki, avqustun 21-də keçirilməsi nəzərdə tutulan qurultay bu dəfə oktyabr ayınadək təxirə salınıb. Diqqəti çəkən odur ki, ayrı-ayrı AXCP (i) funksionerləri bu faktı fərqli və ziddiyyətli formada şərh edirlər. Bu baxımdan, AXCP (i) sədrinin müavinləri Nurəddin Məmmədli ilə Həsən Kərimovun açıqlamaları, demək olar ki, biri digərini inkar edir. Məsələn, N.Məmmədli AXCP (i)-nin qurultay keçirə bilməməsini "meriyanın müvafiq yer ayırmaması" ilə əlaqələndirməyə çalışır. H.Kərimov isə bunu təşkilati problemlər və rayon təşkilatlarının qurultaya hazır olmaması ilə izah edir. Partiyanın digər funksioneri Fuad Qəhrəmanlı isə qurultayın təxirə salınmasını təmsilçisi olduğu qurumun indiki mərhələdə daha çox parlament seçkilərinə əhəmiyyət verməsi ilə bağlı olduğunu əsaslandırmağa səy göstərir. Beləliklə, AXCP (i) təmsilçilərinin mövqelərinin kifayət qədər haçalandığı ortaya çıxır.
Əslində, qurultayın baş tutmamasının başlıca səbəblərindən biri də funksionerlər arasında mövcud olan fikir ayrılığıdır. Belə görünür ki, onlar partiyanın qurultayının nə vaxt və hansı şərtlər daxilində keçirilməsi barədə yekdil fikrə gələ bilmirlər. Meriyanın qurultayın keçirilməsi üçün yer ayırmaması barədə səsləndirilən qeyri-ciddi mülahizələr isə, sadəcə, bəhanədir. Çünki AXCP (i) son illərdə kəskin destruktivizmə yuvarlanaraq meriyanın partiyanın yerləşməsi üçün yaratdığı şəraitdən, bu məqsədlə onlara təklif olunan yerlərdən istifadə etməyib. Bu səbəbdən qurultayın keçirilməsi üçün ayrılan istənilən yerin AXCP (i)-nin başbilənlərini qane etməyəcəyi irəlicədən bəllidir. Prinsipcə, müxtəlif vasitələrlə xaricdən maliyyələşən bu təşkilatın hər hansı əlverişli məkanı bir neçə saatlıq icarəyə götürüb öz qurultayını keçirməsi də mümkündür. Lakin qurultay məsələsini şouya çevirməyi qarşılarına məqsəd qoyan "islahatçılar" bundan ucuz siyasi reklam vasitəsi kimi yararlanmaq istəyirlər.
Xatırladaq ki, müxalifət partiyalarından ADP öz qurultayını "Avropa" otelində keçirmişdi. Bu partiya maliyyə imkanlarına və siyasi elektoratına AXCP (i) ilə müqayisədə daha zəif sayılır. Əgər maliyyə imkanları yetərincə zəif olan ADP "Avropa" otelində öz qurultayını keçirə bilirsə, bu məsələdə "bir addım irəlidə" görünən AXCP (i) niyə "meriyanın yer ayırmadığını" bəhanə gətirir? Belə görünür ki, siyasi fəaliyyətində antimilli mövqe tutan bu təşkilat iddialarını uğursuz siyasi spekulyasiyalar vasitəsilə reallaşdırmağa çalışır. Əslində, bu qurumun məqsədi heç də qurultay keçirmək deyil, əksinə, qurultay məsələsini süni şəkildə şişirdərək problem həddinə qaldırmaqdan ibarətdir.
Qurultayın parlament seçkilərinə hazırlıqla bağlı təxirə salınması barədə səsləndirilən mülahizələrə gəldikdə, bütün bunlar, əslində, diqqəti əsas hədəfdən yayındırmaq məqsədi güdür. İstənilən halda belə fikirlər ciddi arqumentlərə söykənmir və reallıqdan kifayət qədər uzaq görünür. Əgər AXCP (i) seçkilər ərəfəsində 100-150 nəfər partiya fəalını bir araya toplayaraq, kiçik bir qurultay keçirə bilmirsə, onda seçkiyə hər hansı hazırlıqdan da danışmaq mümkün deyil.
Əslində, AXCP (i)-nin nə qurultay, nə də seçki ilə bağlı konkret mövqeyi, ciddi əsaslandırılmış, seçicilərin müəyyən qisminin diqqətini cəlb edə biləcək real seçki taktikası mövcud deyil. Az-çox tanınmış funksionerlərin əksəriyyəti partiyadan uzaqlaşdığından AXCP (i)-nin seçkilərdə nisbi uğur qazana biləcək 3-5 namizədi belə qalmayıb. Bu səbəbdən nə Müsavatla birləşmək oyunu, nə dəfələrlə təxirə salınan qurultay, nə seçki prosesi ilə bağlı uğursuz spekulyasiyalar AXCP (i)-ni siyasi tənəzzüldən və növbəti məğlubiyyətdən sığortalamır.