PDF Oxu

Müxalifət

  • 9

Rəsul Quliyev ABŞ-dan da çıxarılır

Rəsul Quliyev ABŞ-dan da çıxarılır
İnterpol tərəfindən axtarışda olan "ACP" sədri Rəsul Quliyev bu aralar depressiyaya düşüb. Onun depressiyaya düşməsinə səbəb ABŞ-dan çıxarılması haqda xəbərdir. Həmçinin, vaxtilə özünü ölkənin ən aparıcı müxalif simalarından sayan "Açıq Cəmiyyət Partiyası"nın liderinin hazırkı fəaliyyəti də qətiyyən nəzərə çarpmır. Əgər belə olmasaydı, partiyada onun iradəsindən kənar bu cür proseslər baş verməzdi. Çünki bu partiya yarandığı ilk gündən yaşadığı qalmaqallar və qarşılıqlı ittihamlarla gündəmə gəlir. Elə bunun nəticəsidir ki, "ACP" funksionerləri arasında fikir ayrılıqları yaranıb. Xüsusilə də, parlament seçkiləri ərəfəsi problemlərin əsas "qəhrəman"ları olan sabiq partiya sədri Akif Şahbazovla R.Quliyevin müşaviri Zəminə Dünyamalıyeva arasında baş verən ziddiyyətlərin yenidən çözülməsidir. Partiyadan verilən məlumata görə, hər iki şəxsin tərəfdarları da onlara qoşularaq, bu qalmaqallarda iştirak edirlər. Həmçinin, bildirilir ki, bütün bunların səbəbkarı mühacir ömrü yaşayan R.Quliyevin özünün ABŞ-dan qovulması məsələsidir. Dağılmaq üzrə olan partiyaya kömək edə bilməməsi ucbatından partiya nümayəndələri də R.Quliyevdən üz döndərmək fikrinə düşüb. Onu da qeyd edək ki, R.Quliyevin xaricdən idarə etdiyi partiyanın daxilində də, müəyyən mənada, ziddiyyətlər meydana gəlib. Əgər ziddiyyətlərə səbəb partiyadan narazı olan nümayəndələrin digər partiyalarla tez-tez görüşməsi olubsa, digər səbəb R.Quliyevin maliyyə problemini həll edə bilməməsidir. Partiyadan "Səs"ə verilən məlumata görə, qarşıdurmaları ardı-arası kəsilmək bilməyən "ACP"-nin bu problemlərdən çıxış yolunu tapmasının artıq qeyri-mümkün olduğu bildirildi. Çünki R.Quliyevin məskunlaşdığı ABŞ-da da yaşaması çətinləşib. Səbəb isə, mühacir ömrü yaşayan R.Quliyevə görə ABŞ dövləti özünə problem yaratmaq istəmir. R.Quliyev "ACP"-çilərə pul da göndərə bilmir. Partiyanın, o cümlədən, R.Quliyevin içində olduqları böhran, partiya nümayəndələrinə bir daha pulun verilməyəcəyini deməyə əsas verir. Çünki R.Quliyevə və "ACP"-yə maliyyə dəstəyi verən xarici qüvvələr artıq onlardan əllərini üzüblər. Buna səbəb isə, R.Quliyevin artıq bir siyasətçi kimi effekt vermədiyi və artıq siyasətdə yeri olmadığı faktıdır. Bu səbəbdən də, maliyyə yardımı birdəfəlik dayandırılıb. Onu da qeyd etmək lazımdır ki, hazırda xaricdə yaşayan və İnterpol tərəfindən axtarışda olan R.Quliyevin özünün də maliyyə problemləri var. Axtarışda olması səbəbi ilə fəaliyyətində sərhəd olan "ACP" sədri, sponsorlarının ondan üz döndərməsindən sonra yeni sponsor axtarışına gedə bilmir. Bunun nəticəsində yığdığı borcların sayı getdikcə artır. Telefon zəngləri ilə özünə sponsor axtarışına çıxan R.Quliyev, nə illah edirsə, sponsor tapmır ki, tapmır. Məlumata görə, maşınlarından birini satan R.Quliyev digər maşınını da satmağı düşünür. Onu da qeyd etmək lazımdır ki, artıq yığılan borclar səbəbilə Amerika polisi tərəfindən də axtarışda olan R.Quliyev yaxalandığı təqdirdə, deportasiya olunacaq. Görünür, seçkilərə kimi, interpolun da axtardığı R.Quliyevin tez bir zamanda, həbs olunması gözlənilir. Bundan başqa, R.Quliyevin acınacaqlı vəziyyətini görən "ACP" nümayəndələri partiyanın da dağılacağına əmindirlər. Elə bəlkə də, bu səbəbdən partiyaya yeni güclü sponsoru olan sədr axtarışına başlayıblar. Əgər bu istəkləri baş tutmazsa, "ACP" adında olan partiyanın parlament seçkilərinə qədər dağılacağı heç şübhə doğurmur. Çünki R.Quliyevin zərərli imici artıq partiyanın daimi simasına çevirilib.

Digər xəbərlər