AMİP lideri Etibar Məmmədov liderlik statusunu itirir
Bildiyimiz kimi, Müsavat, AXCP (i) və "DUİ" bu yaxınlarda birləşmək və vahid birlik yaratmaq kimi gülünc bir təkliflə çıxış ediblər. Hətta mitinq belə keçirməyə cəhd ediblər. Lakin elə birləşmələrin baş tutmadığını biz dəfələrlə görmüşük.
Bu birliyin çox yaxın gələcəkdə qalmaqallarla sonlanacağına heç bir şübhə yoxdur. Bütün bu təmtəraqdan kənarda qalan AMİP liderinin sən demə dərdi böyükmüş. AMİP dağılmağa üz tutub. Etibar Məmmədov partiyanı düşdüyü böhrandan xilas etmək üçün qara-qara fikirlərə düşməyə başlayıb. Digər tərəfdən, partiyalar tərəfindən AMİP lideri bütün bu proseslərdən kənarlaşdırılıb. Partiyalar AMİP-i, zəif fəaliyyəti ucbatından, özlərindən kənarda saxlayırlar. Təbii ki, bu da AMİP-i böhran içinə salıb. Bütün bu olanlar qarşısında E.Məmmədovun əlindən heç bir iş gəlmədiyindən, partiyadakı nüfuzu da təhlükə altına düşüb. Aldığı sərəncamların hər zaman uğursuzluqla nəticələnməsi AMİP liderini çıxılmaz vəziyyətə salıb. Hətta bir aralar AMİP dağılma həddinə belə yaxınlaşmışdı. Buna səbəb səhv addımların atılması idi. İlk səhv addım Əli Əliyevin partiyaya sədr gətirilməsi idi. Sədr kimi keyfiyyətsiz fəaliyyət nümayiş etdirən Ə.Əliyev az qala partiyanı dağılma həddinə çatdırmışdı. Onu da qeyd etmək lazımdı ki, Ə.Əliyev E.Məmmədovun yaxın qohumlarından biridir. Ə.Əliyev bu qohumluqdan istifadə edərək partiyada özbaşınalığın təməlini qoydu. Çox keçmədi ki, özbaşınalıqlarla dolu Ə.Əliyev dövrü bitdi. Partiya çökmə ərəfəsində idi. E.Məmmədov yenə də qərar qəbul etməli idi. Çox keçmədi ki, AMİP lideri Yusif Bağırzadəni partiyaya sədr olaraq gətirdi. E.Məmmədov hər şeyin yoluna düşəcəyini düşünmüşdü. Lakin düşündükləri baş tutmadı. Əksinə, Y.Bağırzadə partiya tarixində ən fəaliyyətsiz sədr olaraq yaddaşlara yazıldı. Xatırlayaq ki, Y.Bağırzadə əvvəllər də partiya da idi. Y.Bağırzadənin partiyada olduğu müddətdə uğursuzluqlar indikindən heç də az deyildi. E.Məmmədovun bütün bunları bilə-bilə onu partiyaya gətirməsi partiya nümayəndələri tərəfindən heç də xoş qarşılanmamışdı. Ardı-ardına cərəyan edən proseslərin sonunda partiya maddi cəhətdən də uğursuzluq yaşayıb. Digər partiyalar kimi, AMİP-in də sponsorları var idi. Həmin sponsorlar AMİP-ə maddi yardımlar edirdilər. Lakin bütün bu uğursuz gedişi görən sponsorlar da partiyadan üz döndəriblər. Sponsorların partiyadan üz döndərməsi AMİP liderini böhranın kulminasiya nöqtəsinə gətirib çıxarıb. Bütün bu olanlar qarşısında partiya nümayəndələri o gün olmur ki, narazılıq bildirməsinlər. Hətta bir neçə partiya nümayəndəsi birləşib və AMİP liderinin qarşısını kəsərək, "ya partiyanın bu uğursuz gedişə son ver, ya da partiyanı birdəfəlik tərk et" dedikləri bildirilir. Bütün bu olanlar qarşısında səssizliyini pozmayan E.Məmmədovun nə edəcəyi bilnmədiyindən, partiyadaxili söz-söhbətlərin ardı-arası kəsilmək bilmir.