PDF Oxu

Müxalifət

  • 11

Uğursuz birlik şousu

Uğursuz birlik şousu
Müxalifət düşərgəsində istənilən birləşmə şousunun uğursuzluqla başa çatdığı hər kəsə bəllidir. Bu düşərgənin mənsubları müəyyən vaxtlarda müxalif qüvvələrin inteqrasiyasının vacibliyindən danışsalar da, bunun hər hansı real nəticəsi olmayıb. Əksinə, radikal düşərgədə hər zaman mərkəzdənqaçma və parçalanma meyili özünü daha qabarıq şəkildə göstərib. Müxalifət düşərgəsində əksər partiyalar, xüsusilə də, AXCP (i), Müsavat, ADP, Vəhdət, ALP, AMİP və digərləri davamlı olaraq parçalanmaya, siyasi aşınmaya məruz qalıblar. Bu qurumlar arasında davam edən transfer oyunu isə düşərgə daxilində münasibətlərin riyakarlıq, qeyri-səmimilik, korporativ maraqlar üzərində qurulmasına səbəb olub. Parçalanma nəticəsində yaranan müxtəlif siyasi qrupların ad, hüquqi varislik uğrunda savaşı cəmi 3-4 il əvvəl radikal düşərgənin siyasi mənzərəsini müəyyənləşdirən başlıca amilə çevrilmişdi. Bütün bunların fonunda AXCP (i) ilə Müsavatın birləşməsi ideyasının ortaya atılması, əslində, düşərgə daxilində yeni siyasi şounun başlanmasına işarədir. Söhbət ondan gedir ki, hər iki təşkilat uzun müddət açıq siyasi rəqabət müstəvisində bir-birilərini sıradan çıxarmağa çalışıblar. Müsavat başqanı İsa Qəmbərov AXCP (i) daxilində baş verən parçalanmanı açıq şəkildə dəstəkləyib, partiyanın Müsavatın müttəfiqi sayılan "klassiklər" qanadını (hazırkı "KAXCP") təmsilçisi olduğu təşkilat daxilində "əritməyə" çalışıb. İndi nə qədər paradoksal görünsə də, o, o vaxt qəbul etmədiyi və mümkün qədər sıradan çıxarmağa çalışdığı AXCP (i)-yə birləşmək təklif edir. Bu məsələdə xaricdən gələn sifarişin rol oynadığı şübhəsizdir. AXCP (i) sədri Əli Kərimovun bütün olub keçənlərin üstündən xətt çəkərək bu birləşməyə razılıq verməsi deyilənləri əyani şəkildə təsdiqləyir. İstənilən halda bu birləşmə təşəbbüsü növbəti siyasi spekulyasiyadan başqa bir şey deyil. Ən azı ona görə ki, indi həm Müsavatın, həm də AXCP (i)-nin sıraları həddən artıq seyrəlib. Bu baxımdan, müvafiq birləşmə baş tutsa belə, müxalifət düşərgəsində nə kəmiyyət, nə də keyfiyyət baxımından hər hansı dəyişiklik baş verməyəcək. Hazırkı şəraitdə nə Müsavat, nə də AXCP (i)-nin elektorat və siyasi reytinq, tərəfdarların sayı baxımından vəziyyəti heç də ürəkaçan deyil. Digər tərəfdən, hər iki partiya pərakəndə və dağınıq durumdadır. Mövcud acınacaqlı vəziyyətin nəticəsi olaraq, hər iki partiyadan kütləvi qopmalar baş verib. Doğrudur, hər iki tərəf bunu müxalifətin dağılmasını şərtləndirən pərakəndəliyin aradan qaldırılması cəhdi kimi təqdim edir. Bununla yanaşı, təklif daha çox Müsavatın AXCP (i)-ni öz daxilində əritmək niyyətinin təzahürü kimi görünür. Əslində, radikal düşərgəyə daxil olan qurumlar "bir olmaq", "birlikdə fəaliyyət göstərmək" və s. bu kimi digər ideyalarla çıxış etməklə ictimai rəydə onlara yönələn mənfi münasibəti, qismən də olsa, dəyişmək istəyirlər. Odur ki, belə taktiki oyunlarla mümkün qədər gündəmdə qalmağa səy göstərirlər. İ.Qəmbərovun "Başqanlıqdan gedirəm, AXCP (i) ilə Müsavat birləşsin" deyərək hər iki tərəfə müraciət etməsi mahiyyət etibarilə ilə qarşı tərəfi aldatmaq üçün edilən incə manevr kimi görünür. O, bir qədər əvvəl partiyanın nizamnaməsinə əsasən, bu il sədrlik müddətinin başa çatacağını qeyd edərək başqanlıqdan gedəcəyini açıqlasa da, onun Müsavata rəhbərlik iddiasından əl çəkəcəyi inandırıcı deyil. Əslində, o, taktiki hiylə işlədərək AXCP (i) ilə "birləşmiş" Müsavatın yeni nizamnaməsinin qəbuluna nail olmaq, bununla da sədrlik müddətini növbəti dəfə uzatmağa çalışır. AXCP (i) sədri Ə.Kərimovun müxalifət düşərgəsində birinciliyə iddialı olduğunu nəzərə alsaq, onun İ.Qəmbərova hər hansı güzəştə gedəcəyi inandırıcı görünmür. Doğrudur, o, bu birləşmənin tərəfdarı olduğunu bəyan edib, ancaq İ.Qəmbərovun yaxın ətrafının birləşmiş partiyanın "Müsavat" adlandırılmasında və yeni nizamnamənin qəbulunda israrlı olması tərəflərin hər hansı formada anlaşmasını qeyri-mümkün edir.

Digər xəbərlər