PDF Oxu

Müxalifət

  • 8

Müxalifətin birlik ideyası fiaskoya uğrayır

Müxalifətin birlik ideyası fiaskoya uğrayır
Deyirlər insanın başına nə bəla gəlirsə nəfsindən və boyundan böyük iddialara düşməsi səbəbindən gəlir. Vay o günə ki, həmin insan ədalət prinsipinin nə olduğunu dərk etməyə və insani əxlaqın, dəyərlərin nə olduğunu da başa düşməyə. Bu halda həmin insan, nəinki özünü, ümumiyyətlə, çevrəsində olan insanları da məhv etmiş olacaq. Çünki batan gəmi kapitanı da özü ilə sərnişinləri də dərin sulara qərq edir. Müasir dövrün elmi-tərəqqisinin inkişaf mərhələsini yaşasaq da, hələ də insani prinsiplərdən, əxlaqi dəyərlərdən uzaq olan kifayət qədər toplumla rastlaşırıq. Belələri daha çox siyasi düşərgələrdə təmsil olunduğunu söyləsək, səhv etmərik. Ən azı ona görə ki, siyasət meydanında olan kəslər pula görə ən yaxın silahdaşını, əqidə yoldaşını satmaqdan belə çəkinmirlər. Onlar üçün partiya nizamnaməsi və əsasnaməsi, sadəcə, kağız parçasından başqa bir şey deyil. Misal kimi Azərbaycan müxalifətinin xarici antiazərbaycan mövqeli qüvvələrdən qəpik-quruş almaq üçün hər cür rəzilliyə, şərəfsiz metodlardan istifadə etmələrini göstərmək olar. Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "Ümid" partiyasının sədri İqbal Ağazadə, "MBH" sədri Lalə Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu və digərlərinin əxlaqa zidd metodlardan istifadə etməklə daha çox pul qazanmağa cəhd etdiklərindən, nəinki mətbuat yazarları, ümumiyyətlə, yekdilliklə Azərbaycan cəmiyyəti məlumatlıdır. O İ.Qəmbərovdur ki, Naxçıvan Muxtar Respublikasının keçmiş baş naziri Becan Fərzəliyevlə birlikdə Türkiyənin saunalar şəbəkəsinə rəhbərlik edən, "Ülgüclər vəqfi"nin genəl başqanı Atilla Kaya ilə görüşüb, ondan pul alması hər kəsə bəllidir. AXCP (i) sədri Ə.Kərimovun Ermənistan müxalifətinin liderlərindən olan Stepan Dəmirçiyanla telefon əlaqəsi saxlayıb Avropanın Cənubi Qafqaz üzrə maraqlı qüvvələri ilə birgə əməkdaşlıq qurulması barədə razılaşma əldə etmələri də uzun müddət mətbuatda müzakirə olunan məsələlərdən olub. ADP sədri Sərdar Cəlaloğlunun özü isə yazdığı kitabın nəşr edilməsi üçün səfirliklərə müraciət edərək, onlardan pul istədiyini etiraf edib. Qısası, radikal müxalifətin pul əldə etmək üçün qeyri-insani metodlardan istifadə etməyə çalışdıqlarına dair kifayət qədər faktlar qeyd etmək olar. O faktlardan biri də bu ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsi Qərbin və Avropanın bəzi maraqlı dairələrinin radikal müxalifətə ilkin olaraq, ümumilikdə, 1,5 milyon dollar ayırmalarıdır. Düzdür, keçən nömrəmizdə qeyd etdiyimiz kimi pulun bölgüsü zamanı Müsavat, AXCP (i) və "DUİ"-də təmsil olunan partiya yetkililəri arasında ciddi ixtilaflar yaranıb. Məhz bu konfliktdən sonra "DUİ" Müsavatla birgə iyunun 31-də rüsvayçılıqla nəticələnmiş mitinqdə iştirak etməkdən imtina etmişdir. AXCP (i) idarə heyətinin üzvü Xalid Bahadır və Ə.Kərimovun müavini İbrahim Vəliyev Müsavatla AXCP (i)-nin birləşməsinin əleyhinə olduqlarını bəyan ediblər. Səbəbi isə Müsavat başqanı İ.Qəmbərovun Ə.Kərimova qarşı hiyləgər davranışı ilə əlaqələndiriblər. Amma buna baxmayaraq, vəsaiti ayıran "Soros" fondu tərəfləri ümumi fikrə gətirməyə müvəffəq olduğu bildirilir. O da qeyd olunur ki, fondun ABŞ-dakı rəhbərliyi tərəfləri razı sala biləcək vəsaitlə təmin edəcəyini söyləyib. Yəni birlik modeli baş tutsa və "DUİ"-nin bu birliyin keçiriləcəyi aksiyalara dəstək verəcəyi təqdirdə, istənilən məbləğdə maliyyə yardımı ayıracağı qeyd olunur. Bu arada ADP, "Ümid", ALP və "VİP" birgə blok yaradaraq, dəstək üçün xarici qüvvələrə müraciət etmələri maraqlı görünən nüansa çevrilib. Bu da onu deməyə əsas verir ki, blok yaratmaq iddiasına düşən partiya sədrləri xarici qüvvələrin onlara da maliyyə yardımı ayırmaqla imkanlarını bir qədər də genişləndirə biləcəkləri xülyasına düşüblər. Ancaq diqqətçəkən məqam ondan ibarətdir ki, kimin hardan və nə məqsədlə pul almasından asılı olmayaraq, həmin partiya sədri cəmiyyət üçün şərəfsiz siyasətçi simvoluna çevrilir. Bu tip mənəviyyatsız, əxlaqsız, dəyərsizlər ictimaiyyətin qınaq obyektindədir. Xarici qüvvələrdən pul alıb, milli və dövlətçilik maraqlarına qarşı çıxmağı heç bir cəmiyyət, eləcə də, Azərbaycan ictimaiyyəti bağışlaya bilməz. Belələri ən yüksək cəzaya layiqdirlər. Yəqin ki, bu cəza növü də payızda keçiriləcək parlament seçkilərində xalqın onlara dəstək verməməsi ilə ortaya qoyulacaq.

Digər xəbərlər