Hər dəfə növbəti seçki kampaniyası yaxınlaşanda radikal müxalifət düşərgəsində mitinq eyforiyası dəbə düşür. Diqqəti çəkən odur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aksiyaların keçirilməsi üçün müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri hər dəfə 5-10 nəfərin iştirakı ilə icazəsiz mitinqlərə cəhd göstərirlər. Bu, radikal düşərgədə uzun illərdir ki, davam edən "ənənə"yə çevrilib. Əslində, belə cəhdlər radikalların dağıdıcılıq, destruktivlik niyyətindən irəli gəlir.
Seçkidən-seçkiyə "kütləvi aksiyalar" şousu ilə gündəmə gəlməyə çalışan bu düşərgənin təmsilçiləri, deyəsən, başqa çıxış yolu tapa bilmirlər. Belə ki, radikalların ara-sıra uğursuz aksiyalara səy göstərməsi artıq adət halını alıb.
Növbəti parlament seçkiləri ərəfəsində isə müxalif düşərgə yenidən qeyri-müəyyənlik və çaşqınlıq içərisindədir. Bu, mahiyyət etibarı ilə anlaşılan və başadüşüləndir. Növbəti parlament seçkilərində uğur qazanmaq şanslarının sıfıra bərabər olduğunu anlayan müxalif düşərgə təmsilçiləri bununla öz məğlubiyyətlərini irəlicədən sığortalamağa çalışırlar. Hazırkı şəraitdə müxalifət təmsilçilərinin siyasi reytinqi çox aşağıdır. Bu səbəbdən istənilən halda müxalifətin əksər namizədləri bu seçkilərdə ciddi uğur qazana bilməyəcək. Bunun səbəbi çox sadədir. Müxalif düşərgənin, xüsusən, müxalifətin radikal qanadının ictimai rəydə imici kifayət qədər mənfidir. Bu düşərgəni təmsil edənlər ictimai rəydə özlərini tam nüfuzdan salıblar. Faktiki olaraq, müxalifətin öz siyasi iddialarını əsaslandırmaq üçün hər hansı ciddi, real arqumenti yoxdur.
Maraqlıdır ki, radikallar hər dəfə ardıcıl uğursuzluğa düçar olaraq siyasi səhnədə görünməz olanda mitinq şousu ilə gündəmə gəlməyə çalışırlar. Bu mənada AXCP (i), Müsavat, "DUİ" təmsilçilərinin növbəti dəfə belə uğursuz aksiyaya cəhd etməsi heç də təsadüfi deyil. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinqlə bağlı müraciətinə cavab olaraq aksiyanın iyulun 31-də saat 15.00-dan 18.00-dək aşağıdakı ünvanlardan birində - Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonunun 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində, Xətai rayonun Zığ yolu küçəsində 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirilməsini təklif etmişdi. Bununla razılaşmayan radikallar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd ediblər və hüquq-mühafizə orqanları tərəfindən qanunsuz aksiya cəhdinin qarşısı qətiyyətlə alınıb.
Əslində, radikallar bununla düşərgə daxilində yaşanan siyasi böhrandan diqqəti yayındırmaq istəyirlər. Onlar müxalifətin radikal qanadının parlament seçkilərinə vahid namizədlər siyahısı ilə getməsini təklif etsələr də, bu ideyanın baş tutmayacağı dəqiq bəllidir. Çünki bu düşərgə daxilində mövcud fikir ayrılıqları qətiyyən aradan qalxmayıb, əksinə, daha da dərinləşib. Məsələn, bu məsələdə AXCP (i) ilə "KXCP" arasında kəskin ziddiyyətlər var. Eyni zamanda, parlamentdə aparıcı müxalifət partiyası olmaq iddiasını açıq şəkildə ortaya qoyan Müsavatın bu iki siyasi qurumdan hər hansı biri ilə maraqlarının uzlaşacağı inandırıcı görünmür. Müsavatın təmsilçisi Arif Hacıyevin, "KXCP" sədri Mirmahmud Fəttayevin, AXCP (i) sədri Əli Kərimovun, ADP sədri Sərdar Cəlaloğlunun fərqli və daban-dabana zidd görünən fikirlərindən, bu, açıq-aşkar sezilir. Xatırladaq ki, Müsavat təmsilçiləri bununla əlaqədar bütün müxalifət partiyaların iştirakı ilə mitinq komitəsinin yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Lakin müsavatçılar bu dəfə də icazəsiz aksiya cəhdi zamanı, necə deyərlər, digər müxalif həmkarlarının arxasında gizləniblər. Bununla da, qeyri-səmimiliklərini həmkarlarına bir daha sübut ediblər.
Hazırda radikal müxalifətin siyasi gündəmdən kənarda qalmasının səbəbləri hər kəsə bəllidir. Əsas səbəb odur ki, bu düşərgə təmsilçiləri populist tənqiddən, qeyri-real, aldadıcı vədlərdən uzağa getmirlər. Odur ki, uzun müddət müxalif partiya rəhbərlərini fanatcasına müdafiə edənlər belə, bu gün onların davranışlarına və fikirlərinə biganədirlər.
Digər tərəfdən, müxalifətin hər hansı aksiya keçirmək cəhdi indi heç kəsi maraqlandırmır. Çünki müxalifətin seçdiyi siyasi mübarizə üsulları əhalinin mütləq əksəriyyəti üçün xoşagəlməz və qəbuledilməzdir. Kütləvi aksiyaların bütün dünyada qəbul olunmuş siyasi mübarizə üsulu olduğunu heç kəs inkar etmir. Lakin radikal müxalifət mitinqlərə şou yaratmaq, vandalizm törətmək vasitəsi kimi yanaşdığından əhalinin bütün təbəqələrinin qınağı ilə üzləşib. Odur ki, bu gün müxalif partiya sədrləri üçün yüz nəfəri bir yerə toplamaq belə əməlli-başlı problemə çevrilib. Adi iclas keçirmək üçün 5 adam tapa bilməyən müxalif partiya sədrlərinin azı 100-150 insanın iştirak etdiyi kiçik bir mitinqin keçirilməsinə nail olacağı inandırıcı görünmür. İndi işsiz-gücsüz adam tapmaq çətin olduğundan ənənəvi üsulla - muzd ödəməklə də kimisə küçəyə çıxarmaq mümkün deyil.