PDF Oxu

Müxalifət

  • 6

Müxalifətin içində çaxnaşma

Müxalifətin içində çaxnaşma
Son günlər ərzində müxalifət lüşərgəsində gərginlik daha da artmaqdadır. Belə ki, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin açıqlamasına görə, "Azadlıq" blokunun dağılması ilə rəhbərlik etdiyi partiyada aktivlik də azalıb: "Qarşıdakı parlament seçkiləri ərəfəsi belə duruma düşməli olmayan qüvvəmizi daha da zəiflətdi. Xüsusilə də, AXCP (i) sədri Əli Kərimovun "Azadlıq" blokunu dağıtmaqla yeni blokda təmsil olunması qəbuledilməzdir. Çünki Ə.Kərimov elə bir xəstəliyə mübtəala olub ki, onun ayağı dəyən yer dağılır".
"VİP" sədri iyul ayının 21-də yaranacaq blokda "Yurd" şefinin təmsil olunması tərəfdarı olmadığını da bildirib: "Çünki "Azadlıq" blokunun daxilində baş verənlərin yeni yaranacaq blokda da baş verəcəyini istəmirik. Hazırda parlament seçkilərində iştirak formaları üzərində işləyirik, daxildə namizədlərin müəyyənləşməsi, siyahının hazılanması işi gedir. Ən vacib işlərdən biri də seçki blokunda kimlərin olacağı sualının cavabıdır".
"VİP" sədri onu da vurğulayıb ki, "Azadlıq" blokunda üç müxalifət partiyası - AXCP (i), ALP və "VİP" partiyaları təmsil olunurdusa, yeni yaranacaq blokda Əli Kərimovun təmsil olunmasına funksionerlər öz etirazlarını bildirirlər: "Çünki hələ iyulun 13-də "Azadlıq" blokuna daxil olan AXCP (i)-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan etdilər".
Bu fikirlərlə razılaşan AMİP katibi Əli Orucov AXCP (i) sədrinin həkimə ehtiyacı olduğunu deyib: "Çünki bu gün AXCP (i) adlı partiya tarixin arxivinə doğru sürətlə irəliləməkdədir. 18 il partiyaya rəhbərlik edə bilməyən partiya sədri Əli Kərimovun yeni yaradılacaq blokda birləşənlərə nə gün "ağlayacaq" ? Bir məsələni də vurğulamaq istəyirəm ki, AXCP (i)-nin AMİP-ə qarşı tutduğu mövqeyi düz olmayıb. Səbəbi də bu gün AXCP (i) adlı partiyanın tarixin arxivinə doğru sürətlə irəliləməsindədir. Yəni, bu partiyanın sosial bazası tükənib, cəmiyyətə verəcəyi boş vədləri yoxdur, sadəcə olaraq, bu partiya bir nəfərin ambisiyalarını həyata keçirmək üçün bir vasitədir. Yeri gəlmişkən, ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının liderlərini iki qismə bölmək istərdim. Bir qismi odur ki, öz səlahiyyətlərini siyasət üçün xərcləyən, bir də var ki, siyasətdən öz məqsədləri üçün istifadə edənlər. Əli Kərimov və digərləri öz məqsədlərini güdən siyasətçilərdəndir. Düşünürəm ki, bu da uzaqgedən yol olmayacaq. Hər kəs aparılan siyasəti, məqsədi çox gözəl dərk edir. Ona görə də, ola bilsin ki, müəyyən zaman kəsiyinə qədər bu partiyaların rəhbərləri öz korporativ maraqlarını siyasi fəaliyyət pərdəsi altında gizlədə bilsinlər. Cəmiyyət inkişaf etdikcə, insanlarda siyasi fəallıq və maraq artdıqca, bu imkanlar partiya sədrlərinin əlindən alınır. Amma kimlərin içi qaradırsa, onun səbəblərini deyə bilmərəm. Hər halda bir vətəndaş olaraq Əli Kərimova məsləhətim o ola bilər ki, sağlamlıq durumu üçün özünü həkimə göstərsin. Fakt odur ki, Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimovda paxıllıq, qısqanclıq, mənəm-mənəmlik, sədr və liderlərin özəl şəxsi ambisiyaları var və bunlar da imkan vermir ki, cəmiyyətdə gedən siyasi proseslərə ayıq gözlə baxıb, obyektiv yanaşsınlar. Bir-birlərinin gördüyü işlərə qara eynəklə baxırlar. Bu, ən böyük bəladır. Arzu edərdim ki, Müsavat və AXCP (i)-dən cəmiyyət xilas olsun. Onsuz da bu partiyada 5-19 nəfərdən başqa bir kimsə yoxdur. Onların da getməyə yerləri yoxdur, yoxsa gedərdilər".

Digər xəbərlər