Müsavat növbəti dəfə özünü biabır etməyə hazırlaşır
Bir neçə gündür ki, az qala özünü böyük bir qurum kimi təqdim etməyə çalışan Müsavat partiyası bütün iyrənc metodlarla gündəmin nəbzini tutmağa çalışır. Artıq bir ənənə halını almış müxalifət partiya sədrlərinin və nümayəndələrinin hər seçki öncəsi özlərini reklam edərək gündəmdə saxlamaq cəhdləri bu dəfə də açıq şəkildə seçkilməkdədir. Çünki radikal düşərgədə olanlar süni problemlər və köhnə qalmaqalları yenidən gündəmə gətirməklə hay-küy salmağın onların işinə müəyyən dərəcədə yaramış olduqlarının fərqindədirlər. Elə bu səbəbdəndir ki, bütün güc və imkanlarını tamamilə itirmiş radikal müxalifət nümayəndələri son günlər öz aralarında kiçik bir şou düzənləməklə nəyəsə nail olmağa çalışırlar.
Onların bu addımı bir tərəfdən şəxsi prinsipləri özündə ehtiva etmiş olsa da, digər yandan kənar sifarişlərin də izini açıq şəkildə müşahidə etmək olur. Çünki bu gün radikal müxalifətə Azərbaycan cəmiyyəti tərəfindən istənilən formada bu və ya digər şəkildə dəstək göstərilmir. Onlar, sadəcə olaraq, öz mövcudluqlarını şəxsi maraqları müstəvisində hiss etdirməyə çalışdıqları üçün məhz belə bir durumla qarşılaşmalı olublar. Radikal düşərgədə süni canlanmanın yaranması səbəblərinə gəlincə isə, bunun başında dayanan iki-üç müxalifət fiqurunu göstərməklə hər şeyin gün kimi aydın olduğunu sezmək mümkün olur. Elə siyasətə ancaq şəxsi prizmasından yanaşan Müsavat partiyasının başqanı İsa Qəmbərovun da axır zamanlar əldən-ayaqdan düşərək, gündəmdə qalmaq cəhdləri də sadaladıqlarımzla eynilik təşkil etmiş olur. Bu il başqanlıq müddətinin başa çatmasına baxmayaraq, müxalifətin qocaman nümayəndəsi inadkarlığından dönmək istəmir. Onun bu inadkarlığı isə insani keyfiyyətləri ilə əlaqəlidir. Reallıqda isə onun maraqlar müstəvisində hansı oyunlara getdiyinin hər kəs şahidi olub. Bu səbəbdən də, İ.Qəmbərovun bundan sonra siyasətdə iy verməsi düşərgənin özü üçün da başlıca problemlərdən hesab olunur. Amma Qəmbərovun bu düşüncəsindən və iki ay öncə xarici havadarlarından almış olduğu yeni göstərişlər prizmasından çıxış edərək, hələ çox eybəcərliklərə əl atacağı danılmazdır. Artıq müxalifətin bir nömrəli probleminə çevrilmiş İ.Qəmbərov üçün heç bir ənənəvi kriteriya qalmayıb. O, hazırda qarşıdan gələn parlament sekilərində öz tərəfdaşlarını və əlaltılarını qurban vermək hesabına olsa belə, "uğur" qazanmaq iddiasındadır. Ona görə də, davamlı şəkildə almış olduğu maliyyə dəstəyi hesabına öz əlaltılarının metrostansiyalarının giriş və çıxışlarında, insanların gur olduğu yerlərdə, park və istirahət guşələrində hay-küy salmağa göndərən İ.Qəmbərov iyulun 31-də növbəti dəfə belə bir biabırçı addım atacağı barəsində bəyanat səsləndirib. Müsavat partiyasının bundan öncə keçirmiş olduğu aksiyalara nəzər saldıqda isə, ümumilikdə, müxalifətin hansı səviyyədə olduğunu açıq şəkildə müşahidə etmək mümkün olur. Çünki istər Müsavat partiyası istərsə də, digər müxalifət qurumlarında radikalları dəstəkləyənlər qalmayıb. Ona görə də, qəmbərovlar, kərimovlar, fəttayevlər və digərləri mitinq keçirəcəyik deyib boğazdan yuxarı ağız dolusunca danışdıqda, adamı gülmək tutur. Özlərini lap gülüş hədəfinə çevirmiş bu şəxslərin iki-üç nəfər əlaltılarının cibinə pul basmaqla hay-küy salıb qaragüruhçuluq yaratmağa göndərmələri isə cəmiyyət tərəfindən böyük hiddətlə qarşılanır. Bu baxımdan da, onların mitinq-mitinq deyib sonluqda isə normal bir aksiya belə keçirə bilməmələri müxalifətin ümumi mənzərəsinin göstəricisidir. Müsavat partiyasının məhz belə bir məqamda mitinq keçirmək barədə vermiş olduğu qərar gəldikdə isə, bu, son zamanlar diqqəti özünə cəlbetmə oyunundan başqa bir şey deyil. Artıq onların özləri də çox gözəl bilirlər ki, keçirdikləri aksiyalar gülüş predmetindən başqa bir şey deyil. Digər bir yandan isə bu gün birlikdən, əməkdaşlıqdan dəm vuran İ.Qəmbərov nədənsə 31 iyul mitinqinə heç kimi çıxara bilməyəcəyi məyusluğunu yaşayır.