Radikal liderlərin siyasi "intihar" şousu...
Məlum olduğu kimi, parlament seçkilərinə qalan vaxt azaldıqca müxalifət düşərgəsində çaxnaşma və vurnuxmalar şiddətlənir. Heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionerləri ancaq müxtəlif ideya və təkliflər irəli sürməklə məşğuldurlar.
Xüsusilə də, "Azadlıq" bloku dağıldıqdan sonra illərlə partiyalara liderlik edənlər öz həmkarları tərəfindən tənqidə məruz qalıblar. Müxalifətin "ideya generatoru" olan Pənah Hüseynov da düşərgədə yaranmış prosesdən hiddətlənərək, nə qədər ürəyində sirləri var idi dedi. Yada salsaq ki, Müsavat deputat qrupunun üzvü hələ ötən ilin sonunda verdiyi açıqlamasında bildirirdi ki, 2009-cu il bələdiyyə seçkiləri ənənəvi müxalifət və onun liderləri üçün son şans olacaq. Millət vəkili onların adlarını da çəkmişdi. Onun siyahsında Müsavat başqanı İsa Qəmbərov, ALP lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP (i) sədri Əli Kərimovun adları var idi.
P.Hüseynov, hətta bu adamlara qarşı ittihamlarla çıxış etməklə yanaşı, onlara öz "dəyərli" məsləhətlərini də verirdi. P.Hüseynov, bu adamların qarşısında çıxış yolu qoyaraq liderlərin yeganə çıxış yolunu seçkilərdə birlik nümayiş etdirməkdə görürdü. Bu gün isə, P.Hüseynov tətildə olduğu üçün daha "dəyərli" məslhətlər axtarışındadır. Millət vəkili əvvəlki uğursuzluqla üzləşməmək üçün parlament seçkiləri ərəfəsində müxalifətin "bir blokda" birləşməsinin mümkünsüz olduğunu söylədi: "Çünki 16-17 il ərzində istər AXCP (i) sədri Əli Kərimov, istərsə də Müsavat başqanı İsa Qəmbərov kimilərdən ancaq baş aşağı işlər gördüklərinin şahidi oluruq. Belə düşünməyə kifayət qədər əsaslar da var. Ona görə ki, bu tezislər təxminən Müsavat başqanı İsa Qəmbərovun tezislərinə oxşayır. Çünki Müsavat başqanı özünü müxalifətin vahid namizədi kimi aparır. Ancaq İsa Qəmbərov bunu özlüyündə düşünə bilər. Bu da təəccüb doğurmur. Çünki əslində, başqan yaxşı bilir ki, o, şansını 2003-cü ildə qeyb edib bir daha müxalifətin vahid namizədinə çevrilə bilməz".
Təbii ki, bunu P.Hüseynov da yaxşı bilir, ona görə də, hazırkı siyasi müttəfiqinin maraqlarından çıxış edir. Çünki Müsavat deputat qrupunun üzvünə məlumdur ki, "ACP" lideri Rəsul Quliyevlə, AMİP lideri Etibar Məmmdovun məğlubiyyətlə barışıb siyasi səhnədən getməyə hazırlaşdıqları yaxın günlərin məsələsidir. Əli Kərimov, Lalə Hacıyeva kimi liderlərin isə müxalifətin vahid namizədinə çevriləcəyi inandırıcı deyil. Bu siyasətçilər özlərinin siyasi reytinqlərini yaxşı bildiklərindən, bu seçkilərdə də boykot taktikasına əl atıblar.
Əslində, P.Hüseynovun fikirləri həqiqətə uyğundur. Həqiqətən də, 2008-ci il prezident seçkiləri İsa Qəmbərov üçün son şans oldu. Əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı parlament seçkilərində də məğlub olacağı təqdirdə, İ.Qəmbərovun siyasi səhnədən çəkilməkdən başqa yolu qalmayacağı uşağa da aydındır. Ona görə də, əvvəlki seçkidə olduğu kimi, boş xülyalarla yaşayan Müsavat müxalifət düşərgəsində nüfuzunu tamam itirməmək və "ana müxalifət lideri" statusunu kimsəyə verməmək üçün qarşıdakı parlament seçkilərində iştirak etməyi məqsədəuyğun sayır.
Müsavat funksionerlərindən Nurəddin İbadov, Zaur Şəbiyev, Kamran Səlimzadə və başqalarının bizimlə söhbəti zamanı yuxarıda deyilən fikirlərlə tam razı olduqlarını bldiriblər. Qeyd etdilər ki, artıq partiya elektoratı başqandan üz döndərər, xarici qrantlar əldən çıxar və başqanın siyasətdən rüsvayçı şəkildə getməsinin tam yetişən vaxtıdır. Ona görə də, üzüsulu ikən siyasi səhnəni tərk etməlidir.
Bir sözlə, müxalifətin düşdüyü vəziyyəti hamı kimi P.Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən, o, özünü o sıraya daxil etmir. P.Hüseynov seçkidə siyasətdən gedəcək liderlərin əvəzinə ümumi düşərgəyə "ağsaqqallıq" etmək iddiasındadır. Belə hesab edir ki, növbəti seçkidə bütün düşrgənin vahid namizədi kimi ortaya çıxsın. Bu da, "ac toyuğun yuxuda darı görməsi"nə bənzəyir. Bunun isə real olması, ancaq "möcüzə" ola bilər.