Bəhruz Nəbiyev: "ARAF-ın dünya atçılıq federasiyaları arasında nüfuzu artır"
Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) cari fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF haqqında geniş məlumat verib. O qeyd edib ki, federasiya 1997-ci ildən fəaliyyət göstərir. Bu günə qədər Azərbaycanda atçılıq üzrə 8 yarış keçirilib ki, bunlardan 1-i beynəlxalq, 7-si isə ölkə səviyyəli yarış olub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində atçılıq idmanı inkişaf edib və bu gün Azərbaycan atçıları beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında iştirak edirlər. Baş katib bildirib ki, ARAF atçılıq idmanı infrastrukturlarının yaradılmasına, müasir səviyyədə qurulmasına və lazımı avadanlıqlarla təchiz edilməsinə, peşəkar idmançıların hazırlanması və atların yetişidirilməsinə xüsusi önəm verir: "Bu zəmində təcrübə daha çox toplandıqca beynəlxalq arenaya qapılar açılır. Beynəlxaq əlaqələr genişləndikcə, Azərbaycan idmançıları müxtəlif səviyyəli yarışlarda iştirak etdikcə, ARAF-ın dünya atçılıq federasiyaları arasında nüfuzu artır. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Qafqaz liqası artıq tam fəliyyət göstərir".
Atçılıq idman növləri olaraq konkur qaydaları yarışmalarının əsasən Azərbaycanda keçirildiyini bildirən B.Nəbiyev gələcəkdə atçılıq növlərinin genişləndiriləcəyini vurğulayıb: "Bildiyiniz kimi atçılığın 7 növü var, bunlardan yalnız birinin inkişafına nail olmuşuq. Lakin buna baxmayaraq biz öz fəaliyyətimizi genişləndirmək fikrindəyik. Belə ki, federasiyanın üzvü olan "Günay" atçılıq klubu artıq at sürmə bacarığı növünü mənimsəmək üzrədir".
Carı il ərzində 2 beynəlxaq turnirin keçiriləcəyini bildirən federasiyanın baş katibi qeyd edib ki, bunlardan biri artıq keçirilib, digəri isə ilin sonunda keçirilməsi planlaşdırlır. Bundan əlavə o, bildrib ki, 2011-ci il ərzində respublikada 3, 4, 5 ulduzlu Beynəlxalq səviyyəli yarışlar da keçiriləcək: "Fəaliyyət göstərdiyimiz illər ərzində Azərbaycanda keçirilən turnirlər iki ulduzlu hesab olunurdu. Lakin bu illər ərzində topladığımız təcrübəyə güvənərək deyə bilərəm ki, gələn ildən etibarən Azərbaycanda 3,4,5 ulduzlu beynəlxalq yarışların keçirliməsinı planlaşdırırıq".
Daha sonra federasiyanın nümayəndəsi yerli at cinslərinin qorunub saxlanılması, bu sahənin inkişafı məsələlərinə toxunub: "Hazırda Azərbaycanda iki cins at var - "Dilbaz" və "Qarabağ". Hazırda bu at cinslərinin beynəlxalq arenalarda, yarışlarda iştirakı üçün hazırlıq işləri görülür. Çünki yerli atlar dözümlülük baxımından "Ərəb" atlaraından yüksək səviyyədə durur".
Qəbələ, Şəki və Gəncədə atçılığın inkaf etdirilməsi üçün işlərin görüldüyünü bildirən B. Nəbiyev qeyd edib ki, ARAF-ın əsas məqsədi Azərbaycanda atçılığı sevdirmək, gənclər arasında yayılmasını təşkil etmək və at sevgisini mədəni miras olaraq mühafizə edərək, Azərbaycandakı atçılığı ölkə daxilində və ölkənin hüdudlarından kənarda tanıtmaqdan ibarətdir: "Federasiyamız qısa müddət ərzində bir çox beynəlxalq yarışlara ev sahibliyi edərək, böyük nailiyyətlər qazanaraq Azərbaycan atçılığını dünya səviyyəsində lazımınca təmsil edəcəkdir".