PDF Oxu

Müxalifət

  • 35

AXCP (i) ilə Müsavat birliyinin reallaşması mümkünsüzdür

AXCP (i) ilə Müsavat birliyinin reallaşması mümkünsüzdür
Son günlər müxalifət düşərgəsində əsas müzakirə obyetinə çevrilən mövzulardan biri müxalifətin birliyi məsələsidir. Tərəflər bu birliyin vacibliyi haqda çox danışsalar da, qarşılıqlı ittihamlar, mübahisələr tərəflər arasında sağlam dialoqun mövcud olmadığını göstərir. Konyuktur siyasət aparan radikal müxalifət qüvvələri blok maraqlarından siyasi vasitə kimi istifadə edirlər.
Sosial dayaqları olmayan, özlərini Azərbaycanın "demokratik müxalifəti" hesab edən qüvvələrin bir-birinə qarşı qeyri-konstruktiv mövqeyi parlament seçkiləri ərəfəsində vahid birlik ideyasını şübhə altına salıb. Müsavat başqanı İsa Qəmbərovun real müxalifət partiyalarının birliyinin yaradılması təklifinə "Azadlıq" blokundakı partiyalardan ALP-nin və "VİP"-in qarşı çıxması, bu partiyaların AXCP (i)-yə təzyiq edərək Müsavatla yaxınlaşmasına imkan verməməsi blok daxilində gərginliyə səbəb oldu. AXCP (i) sədri Əli Kərimova yaxın "Azadlıq" qəzetində İsa Qəmbərovun əleyhinə kəskin yazılar dərc olunması bunu deməyə əsas verir ki, artıq AXCP (i) ilə Müsavatın birliyinin reallaşması mümkünsüzdür.
AXCP (i) Ali Məclisinin sədri Həsən Kərimovun fikirlərinə söykənsək, partiya funksioneri hesab edir ki, onun partiyası 2010-cu il parlament seçkiləri ərəfəsində digər partiyalarla da inteqrasiyanın tərəfdarıdır. O, hesab edir ki, 2010-cu il parlament seçkilərində Xalq Cəbhəsi Partiyası əsas qüvvə kimi "Azadlıq" blokunu və Müsavatı görür. Partiya funksioneri hesab edir ki, Müsavat daha çox AXCP (i)-Müsavat birliyinin və seçkidə birgə iştirakın tərəfdarıdır. Əlavə olaraq AXCP (i) təmsilçisi "Azadlıq" blokunda təmsil olunan ALP və "VİP"-in kənarda hiss olunmadığını qeyd edərək, müttəfiqlərini də bu prosesə qoşmaq niyyətini gizlətmir. Müsavat öz mövqeyini dəyişməyəcəyi təqdirdə, AXCP (i)-nin "Azadlıq" blokundakı müttəfiqlərinə sadiq qalacağına işarə edərək, siyasi münasibətləri şərtləndirir.
Radikal müxalifət təmsilçiləri arasında Əli Kərimov Lalə Hacıyeva ilə Əli Əliyevin təmsil olunduğu düşərgəni tərk edərək, Müsavatla əməkdaşlıq etmək fikrindən uzaqdır. Bir sıra ekspertlərdə belə qənaət yaranıb ki, artıq nəinki Müsavatla AXCP-nin birliyinin reallaşması, ümumiyyətlə, müxalifətin birliyinin baş tutmasına ümid etməyə dəyməz. Digər tərəfdən isə Müsavat-AXCP (i)-"KXCP" birliyi reallaşmasa da, Müsavat-"KXCP" birliyinin reallaşacağı gözləniləndir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə elmə və təcrübəyə söykəndiyini qeyd edərək, bildirir ki, əgər yalnız Müsavat, AXCP (i) və "KXCP" birləşəcəksə, bu revanşizm olacaq, demokratiya olmayacaq.

Digər xəbərlər