PDF Oxu

Müxalifət

  • 8

Radikal müxalifət ənənəvi ampluasındadır

Radikal müxalifət ənənəvi ampluasındadır
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri xarici ağalarının sifarişi əsasında ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhdləri göstəriblər. Onlar gah iğtişaşlar törədir, gah da hədələyici bəyanatlarla çıxış edirlər. Bununla kifayətlənməyib, beynəlxalq təşkilatlarda Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün bu qurumlara "donos"lar da ünvanlayırlar. AXCP (i) sədri Əli Kərimov isə "Azadlıq" qəzetinin müxbiri olduğu dönəmləri yadına salaraq "bu cür siyasətdə olmaqdansa, jurnalist fəaliyyəti ilə məşğul olmaq daha yaxşıdır" düşüncəsi ilə ara-sıra şeytan yuvası hesab olunan müxalifət qəzetlərində cızmaqaralar edirlər. Bir qədər əvvəl isə erməni ortaqlarının sifarişi, ABŞ-dakı havadarlarının yardımı ilə Ə.Kərimov "Vaşinqton post" qəzetində Azərbaycan əleyhinə şər-böhtan xarakterli məqalə ilə çıxış etmişdir. Amma şərəfsizcəsinə atılan addımlarla Azərbaycanın beynəlxalq aləmdə imicini ləkələmək cəhdini iflasa uğratmışdır. Çünki hər kəs, o cümlədən, beynəlxalq qurumlar da Azərbaycanın demokratik prinsiplərə riayət etdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi üçün çox mükəmməl qərarlar qəbul edib, proseslər həyata keçirdiyini görürlər. Radikallara isə çoban itləri kimi mənasız yerə hürmək və gecələr ulamaq qalır. Düzdür, parlament seçkiləri ilə əlaqədar olaraq radikal müxalifət pozuculuq xislətini davam etdirir. Yəni seçkilərin yaxınlaşması fonunda icazəsiz mitinqlər və mini-piketlər keçirməyə səylər göstərirlər. Bu tip aksiyalar tam şəkildə rüsvayçılıqla müşayiət olunsa da, radikallar orta əsrlərin ac feodalları kimi, ağlar gözlə də, olsa, qəzetlərdə pafoslu bəyanatlarla çıxış edirlər. Aradabir ictimai rəyi çaşdırmaq üçün qəzetlərində təxribat xarakterli məlumatlar da yayırlar. Xüsusilə də, iki nəfərin dalaşmasından, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunan insanlar ətrafında şoular yaradır, məzhəkələr qururlar. Tərtər rayonunda iki qohum arasında baş verən dava-dalşdan radikal müxalifətin və onların təsiri altında qəzetlərindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərmələri də, ənənvi şoulardandır. Müxalifətin təxribat maşının iddialarına görə, Tərtər rayonun Dördyol deyilən ərazisində məskunlaşan Ağdam rayonundan olan qaçqınlarla Tərtər rayon sakinləri arasında kütləvi qarşıdurma olub. Hətta Müsavat başqanı İsa Qəmbərovun ikrahla rədd etdiyi "Yeni Müsavat" qəzeti utanıb-çəkinmədən, demək olar ki, həyasızcasına Tərtərdə baş verən qohumarası davanı Qırğızıstanın Oş şəhərində baş vermiş kütləvi iğtişaşlarla eyniləşdirməyə çalışıb. Qəzetin şər-böhtan xarakterli məlumatına görə, Tərtər rayonunda baş verən qarşıdurmanı aradan qaldırmaq üçün rayona daxili qoşunların hissələri yeridilib. Tərtər rayonundan olan siyasi elmlər namizədi Cavid Əlizadənin bizimlə söhbətində dediyinə görə, "Yeni Müsavat" və digər müxalifət qəzetlərində Tərtər rayonuna məişət zəminində baş verən olayı şişirdib, cəmiyyətə özlərinə sərf edən formada təqdim etməyə çalışmaları əxlaqsızlıqdan başqa bir şey deyil:"Bazarda iki qohum arasında mübahisə baş vermişdir. Sonradan bu mübahisə davaya çevrilsə də, problem aradan qaldırılmışdır". C.Əlizadə onu da qeyd etdi ki, münaqişədə vəhhabilərin də iştirak etdiyini qəzet manşetinə çıxarmaq, yazının birbaşa siyasi sifariş əsasında yazdığından xəbər verir. Çünki dava-dalaşda və dalaşanların barışdırılmasına səylər göstərilməsində heç bir dindar iştirak etməyib. Qeyd etmək yerinə düşər ki, rayona ezam olunmuş müxbirimiz də, Tərtərdə heç bir ciddi olayın baş vermədiyini bildirdi. Onu da qeyd etdi ki, qohum arasında baş verən davadan zərər çəkmiş şəxs həkim nəzarətinə götürülmüşdür. Artıq onun durumu yaxşıdır. Müxbirimiz bununla belə gələcəkdə bu cür halların baş verməməsi üçün hüquq-mühafizə orqanlarının araşdırmalar apardığını bildirdi. Bir sözlə, radikal müxalifətin təxribatlar yaratmaqla ictimai rəyi çaşdırmağa nə qədər səylər göstərdiyi, ancaq buna nail ola bilməydiyi bir daha təsdiqləndi. Bir daha aydın oldu ki, müxalifət və onların təsiri altında olan təxribat maşınları xəstə niyyətlərindən əl çəkmək niyyətlərində deyillər. Yəqin ki, buna ümid etməyə də dəyməz. Çünki onların da dolanışıqları xarici maraqlı qüvvələrin ayırdıqları maliyə yardımlarından çıxır.

Digər xəbərlər