PDF Oxu

Müxalifət

  • 8

Bu həftə "Azadlıq" bloku rəsmən buraxıla bilər

Bu həftə "Azadlıq" bloku rəsmən buraxıla bilər
Müxalifət düşərgəsində yarpaq tökümü artıq yenidən başlayıb. Bu dəfə siyasətdən ağız dolusu danışanların bloku yəni "Azadlıq" bloku siyasi səhnəni tərk edir. Bu baxımdan da, "Azadlıq" blokunun dağılmaq üzrə olduğu haqda səslənən fikirlər və verilən bəyanatlar təsdiqlənməkdədir. Ötən həftə bloka daxil olan partiyalardan ikisi - Azərbaycan Liberal Partiyası ilə "Vətəndaş və İnkişaf Partiyası"nın bu ittifaqdan ayrılmaq barədə fikirlər səsləndirmişlər. Blokun buraxılması qərarı bu həftə rəsmən elan olunsa da, olunmasa da reallıq dəyişmir. Çünki blok təmsilçiləri arasında bütün körpülər yandırılıb və faktiki ayrılma baş verib. Daha dəqiq ifadə olunsa, ALP ilə "VİP" bir yerdə AXCP (i)-yə qarşı çıxıblar. Onlar iyunun 19-da və iyulun 3-də "Azadlıq" bloku adından keçirilən etiraz aksiyasına çıxmamaqla, ilk praktiki addımlarını atmış oldular. ALP-nin sədr əvəzi Əvəz Temirxan etiraz aksiyasına çıxmamalarının günahını AXCP (i)-nin üzərinə yükləyib və Ə.Kərimovdan izahat istəməsi isə ayrılmaya əsas yaradan addımlardan hesab olunan addım idi. Temirxan bilirdi ki, boyundan yuxarı tullanmasına AXCP (i) rəhbərliyindən sərt cavab verənlər olacaq. Amma bütün bunlara baxmayaraq, Ə.Temirxanın bunu bilə-bilə Ə.Kərimovdan izahat tələb etməsi "keçi suyu bulandırması"ndan başqa, bir şey deyildi. Çünki bunun məntiqi davam kimi, ALP ilə "VİP" təmsilçiləri "Azadlıq" bloku adından keçirilən 3 iyul mitinqinə də qatılmadılar. Halbuki AXCP (i) rəhbərliyindəki bəzi şəxslər müttəfiqlərinin budəfəki aksiyaya yüksək səviyyədə qoşulacağını bildirmişdilər. Bütün bunlar isə, onu göstərir ki, artıq AXCP (i) sədri Ə.Kərimovun oyunbazlığı və hoqqabazlığı müttəfiqlərini də dilə gətirib. Əgər belə olmasaydı, dünənə kimi bir qabdan su içdiyi "dost"ları Ə.Kərimovu ifşa etməzdilər. Ötən gün isə "VİP" sədri Əli Əliyev mediaya müsahibəsində "Azadlıq" blokunun dağılmaq üzrə olduğunu təsdiqləyib və məsuliyyəti öz üzərindən atıb: "Əslində, elə şərait yaranıb ki, bloku saxlamaq mümkün görünmür. Ancaq bu, bizdən asılı səbəblərə görə baş verməyəcək. Biz bu şəraitdə fəaliyyəti effektli hesab etmirik". Ə.Əliyevin sözlərinə görə, keçən həftə rəhbərlik etdiyi partiyanın siyasi şurasının iclası olub, iclasda ona "Azadlıq" blokunun gələcək taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Ona görə də, partiya sədri yaxın günlərdə öz mövqelərini ifadə edəcəyini deyib: "Bir neçə gün əvvəl Ə.Kərimov, Ə.Temirxan və mənim aramda görüş olub. Biz blokdakı vəziyyəti müzakirə etmişik. Hər kəs öz fikrini söyləyib. Təəssüf ki, vahid mövqeyə gələ bilməmişik. Belə vəziyyətdə isə effektli fəaliyyət mümkün olmur". Ə.Əliyevin bu fikirləri "Azadlıq" blokunun de-fakto dağıldığını söyləməyə əsas yardır. Artıq ekspertlər də bildirir ki, ALP ilə "VİP"-in AXCP (i)-yə, xüsusən də, Ə.Kərimova qarşı çıxması indi də baş verməsəydi, parlament seçkilərində reallaşacaqdı. Çünki ortada belə bir konkret plan var idi. AVCİYA-nın keçirdiyi seçki tədbirindən hazırlanmış kitabda "VİP" sədri Ə.Əliyevin adından dərc edilən məşhur məruzədə həmin plan açıq qeyd olunmuşdu. Sadəcə olaraq, təsadüf nəticəsində həmin gizli plan Ə.Əliyevin əsil məruzəsi əvəzindən kitaba daxil edildi və deşifrə olundu. Ekspertin fikrincə, parlament seçkisində icraya yönəldilməli olan plan ifşa olunduğu üçün ALP lideri ilə "VİP" sədri Ə.Kərimovla bir yerdə qalmağın onlar üçün mümkünsüz olduğunu anlayıblar. Beləliklə, əminliklə söyləmək olar ki, "Azadlıq" blokunun ömrünün sona çatması AXCP (i)-nin də ömrünü daha da qısaltmış olacaq. Digər bir yandan müxalifət yetkililəri blokun dağılmasını AXCP (i)-nin buxovlardan azad olması kimi qimyətləndirirlər. Amma düşərgədə nəyin baş verməsindən asılı olmayaraq, son zamanlar olanlar düşərgədəki anormallıqları bir daha aşkara çıxarmış olur. Çünki gec, ya tez Ə.Kərimovun, Lalə Hacıyevanın, Ə.Əliyevin, İsa Qəmbərovun məkrli sifətlərinin aşkara çıxması və çirkin niyyətlərinin ifşa olunması qaçılmazdır. Bu günə qədər müxalifət adı altında bu şəxslərin düşərgədə qalmaları isə onların şəxsi prinsiplərinin və riyakarlıqlarının olması ucbatından baş vermiş olur.

Digər xəbərlər