Müxalifət partiyaları səriştəsizlik ənənəsinə sadiqdir
Bildiyimiz kimi, müxalifət partiyaları gah birləşmək qərarı alır, gah da, qarşıdurma yaradaraq, bir-birilərinə müharibələr elan edirlər. Bir qədər əvvəl, Müsavat başqanı İsa Qəmbərov parlament seçkilərini əsas gətirərək, partiyalara birləşmək təklifi ünvanlamışdır.
Bu təklif İ.Qəmbərovun irəli sürdüyü birinci təklif deyildi. Hər dəfə birləşmə təklifi ilə çıxış edən Müsavat başqanı sonda gərginliyə səbəb olan tərəf kimi yadda qalır. Dağınıq partiyaları birləşdirmək niyyətli müxalifət lideri olduğunu nümayiş etdirən İ.Qəmbərov əsl niyyətdə partiyaların arasını vuraraq, düşərgə daxilində gərginliyə rəvac verir. Təbii ki, partiyaları hər kəsə zavallı, Müsavatı isə ən ideal birləşdirici partiya kimi göstərərək, uğur əldə etmək istəyir. Bununla hər söhbətdən özünü süddən çıxma ağ qaşıq kimi göstərməyə çalışan İ.Qəmbərovun unutduğu bir şey var ki, səriştəsiz partiyaların adları arasında Müsavatın da adı var. Müxalifətin əldə etdiyi hər uğursuzluqda Müsavatın da payı olduğu bir faktdır. Xatırlasaq, görərik ki, xarici sponsorların göstərişləri ilə, xalqı iğtişaşlara cəlb edən öz çirkin əməllərinə, səriştəsizliklərinə, uğursuzluqlarına tərəfdarlarını da alət edib. Təbii ki, bu da tərəfdaşlar tərəfindən narazılıqla qarşılanır. Bu uğursuzluq ümumilikdə müxalifətin birgə fəaliyyəti, birgə uğursuzluğudur.
İ.Qəmbərov bu yaxınlarda yenidən birlik təklifi ilə çıxış etmişdi. Olanlardan nümunə götürməyən müxalif partiyalar, hər dəfə olduğu kimi, bu dəfə də təklifə inanmışdılar. Yaradılması nəzərdə tutulan birliyə Mirmahmud Fəttayevin sədrlik etməsi nəzərdə tutulurdu. Birlikdə "KAXCP", Müsavat, ADP və "Azadlıq" blokunun üzvlüyü nəzərdə tutulmuşdu. Əlbəttə, M.Fəttayevin Əli Kərimov ilə son zamanlar arasındakı gərginliyə nəzər salsaq, görmüş olarıq ki, AXCP (i)-nin bu birlikdən kənarda qalacağı şübhəsizdir. Hətta M.Fəttayev Ə.Kərimovu müxalifətin xəyanətkar siması adlandırması məsələnin nə dərəcədə ciddi olmasını göstərmişdi. Bütün bu proseslərə nəzər salsaq, görərik ki, əgər bu birlik alınsaydı, çox absurd bir hadisə olardı. Çünki birliyə daxil olacaq partiyaların bir-biri ilə qarşıdurması, nəinki birliyin dağılmasına, hətta uzun bir vaxt gündəmdən düşməyəcək gülüş mövzusuna çevriləcəkdi. İ.Qəmbərovun Lalə Hacıyevanı "Madam" ləqəbli agent adlandırması və ardınca bir dam altında fəaliyyət göstərməsi çox gülünc bir hadisə olardı. Bir an belə birliyin yarandığını düşünsək və birliyin sağ və sol qollarının bir-biri ilə qarşıdurmasının olması çox dəhşət bir hadisə olardı. Bu səbəbdən də, bu birlik haqqındakı təkliflər, razılaşmalar hər zamankı kimi uğursuzluğa məhkumdur.