Uçurumun astanasında Müxalifət xilas yolu axtarır
Parlament seçkiləri yaxınlaşdıqca müxalifət daxilində müəyyən tərpənişlər hiss edilməkdədir. Həmişə olduğu kimi, bu seçkilərdə də düşərgə "sakinləri" müxtəlif formatlı birlik və əməkdaşlıq modelləri yaradır, seçki bloklarının qurulması istiqamətində separat danışıqlar aparsalar da, hələ də bir nəticə hasil olunmur. Hazırda elə bir vəziyyət yaranıb ki, siyasi səhnədə qalmaq istəyən partiyalar zorən düşərgədə qalırlar. Çünki funksionerlər yaxşı görürlər ki, heç bir partiyanın təkbaşına mübarizə aparmaq üçün kifayət qədər elektoratı, maliyyəsi və təşkilati imkanları yoxdur. Nəinki bir partiya, hətta bir blokda birləşmiş bir neçə partiya belə ciddi güc mərkəzinə çevrilə bilmir. Anlaşılan odur ki, 1993-cü ildən bu günə kimi ölkədə keçirilən seçkiləri uduzan müxalifət, özünə təsəlli vermək üçün qarşıdakı parlament seçkilərində müəyyən yer qazanmaq istəyir.
Müxalifətin hazırkı durumu parlament seçkilərindən uğurlu çıxmağa əl yeri qoymur. Düşərgə parçalanıb, vahid komandaya, vahid seçki platformasına malik deyil. Parçalanmalar bəs deyilmiş kimi, qütblər arasında mətbuat savaşı bu gün də davam edir. "Azadlıq" təmsilçiləri Müsavatı söyür, Müsavat isə blokun sosial bazası olmayan partiyaları ələ salır. "Cırtdan" partiyalar isə adekvat reaksiya olaraq böyük rəqiblərini təhqirlərə qonaq edir. Müsavat öz əvvəlki şöhrətini qaytarmaq üçün ortaya yeni bir ideya - Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi formulunu atıb. Siyasi müşahidəçilərin fikrincə, bu təşəbbüs cəmiyyətdə müxalifətin (əslində isə, Müsavatın) imicini bərpa etməyə yönəlib. Yəni, müxalifət parçalanma yaradan qüvvə imicindən qurtulmaq niyyətindədir. Başqa bir məqsəd Müsavatın tamam dağılmasının qarşısını almaqdır. Partiya strateqlərinin bir niyyəti də Müsavatı uğursuzluq zolağından qoparmaq və müxalifətdə ikinci qüvvə mərkəzinin yaranmasını əngəlləməkdir. Amma partiya başbilənləri buna nail ola bilmədilər.
ADP-nin sədri Sərdar Cəlaloğlunun dediyi kimi, bu ideyanı ortaya atanlar yenidən gündəmə gəlmək fikrindədirlər və əsas məqsəd də müxalifiətin birləşməsi yox, özlərinin xal qazanmasıdır.
Uzun illər Müsavatın da, AXCP (i)-nin də kənara atdığı "KXCP" öz ətrafında yaratdığı "DUİ"-ni böyütdü. Artıq bu partiyanın ətrafında 20-yə yaxın "cırtdan" partiya birləşib. Lakin bu, sayca böyümədir, keyfiyyəcə və güc artımı baxımından böyümə deyil. Bu səbəbdən də, "DUİ"-nin parlament seçkilərində uğur qazanacağını söyləmək olmaz. Məsələ burasındadır ki, "DUİ"-də toplaşan partiyaların əksəriyyəti digər bloklara yaxın buraxılmayan zəif partiyalardır. Lakin "DUİ"-də bu partiyalar gölgədə qaldığından, təkid olunarsa, yeni bloka daxil olacaqlarını ehtimal etmək olar. Müsavat başqanı İsa Qəmbərov da, məhz bu amili əsas götürüb öz ətrafına yeni partiyalar yığmağa çalışır.
AXC-nin bərpası ideyası bəzi partiyalar tərəfindən dəstəklənsə də, bu məsələdə daha çox Müsavat strateqləri canfəşanlıq edirlər. Bir müddətdir ki, mətbuata "AXCP (i) və Müsavat liderləri görüşdü", "Partiya sədrləri məxfi danışıqlar apardı" tipli məlumatlar ötürülür. Siyasi analitiklər hesab edir ki, bunlarda məqsəd cəmiyyətə və Azərbaycanla maraqlanan beynəlxalq qurumlara bir mesajı ötürməkdir: "Əsl müxalifət bizik". Cəmiyyətə, narazı elektorata isə "müxalifətin birliyi bu iki liderin razılaşmasından asılıdır" mesajını verir. Amma cəmiyyət bu cür bayağı taktiki addımlardan bezib. Artıq iki partiya sədrinin harada və hansısa məqsədlə görüşməsi qətiyyən heç kimi maraqlandırmır.
Beləliklə, müxalifət cəbhəsi artıq uçurumun yakxınlığında olduğunu tam dərk etdiyi üçün çıxış yolu axtarır. Çıxış yolu tapa bilməyən müxalifət yaxşı bilir ki, bu düşərgədə qarşıdurmalar daha böyük müstəvidə davam edəcək.