Müsavat Rauf Arifoğluna sahib çıxmadı
Müsavat partiyasının payızda keçiriləcək parlament seçkilərində namizədlərinin müəyyənləşdirilməsi məsələsi böyük hay-küyə və bəlkə də, bundan sonra illərlə həlli mümkün olmayacaq problemin yaranmasına yol açmış oldu.
Çünki Müsavat başqanı İsa Qəmbərov bundan sonra bu kürsüdə qaldığı müddətdə ona qarşı çıxanların hər birini zərərsizləşdirməyi planlaşdırıb. Bu baxımdan da, Müsavat daxilində bundan sonra baş verənlərin məhz eyni prinsip üzündən reallaşması heç kəsdə zərrə qədər şübhə yeri qoymamalıdır. Başqanlıq müddətinin bu il sona çatmasına baxmayaraq, tutmuş olduğu postu əldən verməməyə çalışan İ.Qəmbərov artıq birmənalı şəkildə Müsavat daxilindəki rəqiblərini zərərsizləşdirməyə başlayıb. Bu "qara piar" kanpaniyasına açıq şəkildə start verən başqan, ilk növbədə, Rauf Arifoğlunu və daha çox onun işlərinə burun uzadan Pənah Hüseynovu proseslərdən kənarlaşdırmağa başlayıb. Artıq payızda keçirilən parlament seçkilərində Müsavat partiyasının namizədlərinin açıqlanması və bu siyahıda R.Arifoğlunun və P.Hüseynovun adının olmaması deyilənləri və olanları daha qabarıq formada təsdiqləmiş olur. Müsavatın məlum siyahısı bəlli olduqdan sonra yaranan fikir və illüziyalar onu göstərir ki, bu qurum daxilində böyük bir partlayışın olması qaçılmazdır. Çünki başda R.Arifoğlu olmaqla bütövlükdə müsavatçılar İ.Qəmbərovun əlindən zəncir çeynəyirlər. Onların iddiasına görə, İ.Qəmbərov Müsavatda "gestapo" rejimi yaratmaqla yanaşı, özünə yaxın olanlardan başqa digər şəxsləri gözümçıxdıya salıb.
Məhz namizədlərin müəyyənləşməsi məsələsi və bunun ardınca baş verən proseslər onu göstərir ki, artıq Müsavatın parçalanması prosesi tez bir zamanda baş verə bilər. Bunun üçün münbit şəraitin yetişdiyini nəzərə alaraq R.Arifoğlu başda olmaqla İ.Qəmbərovdan narazı olanlar "Yeni Müsavat" partiyasının təsisçilik məsələsi üstündə baş sındırırlar. Bir faktı da nəzərə almaq lazımdır ki, R.Arifoğlunun baş redaktorluq etdiyi "Yeni Müsavat" qəzetinin təsisçilik hüququ da İ.Qəmbərovun əlindən alınıb. Elə bunu da, məhz parçalanmanın tərkib hissəsi kimi qiymətləndirən anti-qəmbərçilər başqa variantlardan istifadə etməklə bu ilin payızında keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədirlər. Elə bu niyyətin faktiki sübutu kimi R.Arifoğlunun "Demokratiya Uğrunda İttifaq" tərəfindən namizədliyinin təsdiqlənməsini və dəstəklənməsini göstərmək olar. "DUİ"-nin seçki qərargahının sədr müavini P.Hüseynov da R.Arifoğlunun Müsavat tərəfindən namizədliyinin dəstəklənmədiyini təsdiqləyib. O, qeyd edib ki, R.Arifoğlunun namizədliyi mənsub olduğu qurum tərəfindən dəstəklənməsə də, "DUİ" onun 25 saylı Nizami Seçki Dairəsindən namizədliyini irəli sürüb və dəstəkləyib. Eyni zamanda, həmin dairədən digər namizədlə razılıq əsasında bu prosesin baş verdiyini bildirən P.Hüseynov Müsavatın onun və R.Arifoğlunun namizədliyini dəstəkləməməsini anormal bir hal kimi dəyərləndirib.
Qeyd edək ki, R.Arifoğlu Müsavatın namizədlərinin müəyyənləşdiyi və açıqlandığı vaxt verdiyi açıqlamasında siyahıda adının çıxmamasını texniki hal kimi dəyərləndirərək, 25 saylı Nizami Seçki Dairəsindən öz namizədliyini irəli sürəcəyini və bunun da Müsavat rəhbərliyi tərəfindən dəstəklənəcəyinə ümidlərini ifadə etmişdi. Amma görünən odur ki, İ.Qəmbərov Müsavatda hər kəs kimi R.Arifoğlunun da ümidlərini puça çıxarmaq niyyətindən geri qalmadı. R.Arifoğlunun isə gözlənilmədən "DUİ"-nin namizədi kimi təqdim olunması isə düşərgə daxilində belə, adi hal kimi qarşılanmayıb. Çünki bu şəxs rəhbərlik etmiş olduğu qəzetdə davamlı olaraq "DUİ"-ni oyuncaq qurum, "KAXCP" sədri Mirmahmud Fəttayevi isə müxalifət düşərgəsində arzuolunmaz şəxs kimi qələmə verirdi. Görünür, R.Arifoğlunun qarşı çıxdığı qurumun namizədi olması onun bundan başqa çıxış yolunun qalmadığını bir daha isbatlamış olur. Digər bir məqam isə, ondan ibarətdir ki, heç vaxt müxalifətdə olanlar öz şəxsiyyətlərinin deyil, maraqlarının arxasınca qaçıblar.