Müxalifət düşərgəsində qarşıdurmalar səngimək bilmir
Müxalifət partiyalar arasında heç vaxt görmədiyimiz müttəfiqliyi, iş birliyini indi də görmürük. Çünki radikalların iş fəaliyyətində yeganə məqsədləri yalnız bir-birlərinə quyu qazmaqdır.
Zaman müxalifət düşərgəsində bir neçə bloklar, birliklər yaransa da, çox tez bir zamanda bu bloklar dağılıb. Müxalifətçilərin bir-birlərinə qarşı olan nifrətləri, qəzəbləri onların uzun müddət birlikdə fəaliyyət göstərməsinin qarşısını alıb, iş proseslərinə ciddi zərbələr vuraraq, onların aralarında olan qalmaqalları xeyli dərinləşdirib. Hazırda isə AXCP (i) sədri Əli Kərimov özünə yeni rəqib seçib və bu rəqiblə amansız döyüşmək qərarına gəlib. Əslində isə, özü və rəqibi çox gücsüz, siyasi səriştəsi olmayan insanlardır. Rəqibi isə Müsavat partiyasının başqanı İsa Qəmbərovdur. Məlumdur ki, hər zaman siyasi səriştəsizliyi, qeyri-dəqiq siyasəti, səhv addımları ilə tanınan AXCP (i) sədri Ə.Kərimov bu hərəkətlərinin cavabı olaraq sonda müxalifət düşərgəsində radikallar tərəfindən təklənib. Bu təklənmə Ə.Kərimovu çox ağır vəziyyətə salıb. Ağır vəziyyətdən çıxış yolunu "Yurd" şefi İ.Qəmbərovla mübahisə etməkdə gördüyü üçün Müsavat başqanına atmacalar atmağa başlayıb. Ə.Kərimov bildirib ki, İ.Qəmbərovun tezliklə siyasi səhnədən silinməsi müxalifət üçün zəruridir. O, bu fikrini belə izah edib ki, İ.Qəmbərov müxalifətin üz qarasıdır və fəaliyyət göstərdiyi bir neçə ildə həm öz partiyasına və həm də bütün müxalifət düşərgəsinə heç bir uğur qazandıra bilməyib. Müsavat partiyasının başqanı İ.Qəmbərov Ə.Kərimovun bu fikirlərinə tez bir zamanda cavab verib. O, söyləyib ki, AXCP (i) rəhbəri ilk öncə öz siyasi fəaliyyətinə nəzər salmalı və görməlidir ki, onun siyasi fəaliyyəti başdan-başa qara ləkələrlə doludur və bu qara ləkələrin hər biri, Ə.Kərimovun siyasətdən başı çıxmadığını bir daha təsdiq edir. Müsavat başqanı, həmçinin, qeyd edib ki, Ə.Kərimov təkcə Müsavat partiyasının deyil, bütünlüklə, müxalifətçilərin hamısının düşmənidir. İ.Qəmbərov öz fikirlərini təsdiq etməkdə israrlı olduğunu qeyd edərək, söyləyib ki, müxtəlif zamanlarda AXCP (i) rəhbərinin bir neçə müxalifət partiya rəhbərlərinə qarşı atdığı yanlış addımlar, onlar haqqında söylədiyi mənfi, xoşagəlməz fikirlər, onlar üçün qazdığı quyular buna sübutdur.
Məlumdur ki, AXCP (i) rəhbərliyi arasında, xüsusən də, İ.Qəmbərovla Ə.Kərimov arasında ziddiyyətli məqamlar, düşmənçilik illər boyu davam edib və bu gün də davam edir və təbii ki, davam edəcək. Artıq məlum olur ki, bu cür sərt ittihamlarla bir-birlərini əzməyə çalışan müxalifətçilər düşmənçiliklərinə əbədi olaraq son qoymayacaqlar. Bu düşmənçiliyin sonu isə onların hər ikisinin sonda məğlub olmasına gətirib çıxaracaq. Bu insanların heç bir gücü qalmayıb. Sonda isə, qeyd edək ki, artıq bütün güclərinin, imkanlarının tükəndiyini müxalifətçilər özləri də etiraf edirlər. Əslində, onların heç bir zaman gücü, qüvvəsi və xalq tərəfindən dəstəyi olmayıb. İndi isə bu gücsüzlük onların özlərinə də bəlli olub. Hazırda müxalifət düşərgəsinin hər bir nümayəndəsinin dilindən gücsüz, çarəsiz və zəif olduqlarını ifadə edən cümlələr eşidilir.