Müxalifətin qara günləri bitmək bilmir
Müxalifətçilər arasında çəkişmələr qarşılıqlı ittihamlar getdikcə daha gərgin xarakter almaqdadır. Onların iş fəaliyyətində yeganə bir məqsədləri var ki, yalnız bir-birlərinə quyu qazmaqla, bir-birlərinin arxasınca danışmaqla, təhqir və tənqidlə məşğuldular. "Bəy"lərin hərdən yadına mitinq keçirmək də düşür. Ancaq sonradan anlayırlar ki, mitinqi kiminlə, hansı qüvvə ilə keçirəcəklər? Belə ki, Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədov və qeyriləri cəmiyyətdə etibar qazana bilməyiblər. Onlara nəyisə etibar etmək öz əlinlə özünə qəbir qazmaq deməkdir. Millətin onları sevməməsi bütün seçkilərdən sonra yaranan nəticələrdə özünü sübut edib. Onu da qeyd edək ki, radikal "bəy"lərin məğlubiyyətinə səbəb olan amillərdən birincisi müxalifətin xalq sevgisindən uzaq düşməsidir.
İndi də müxalifətçilər arasında sərt qarşıdurmalar davam edir və bu da yeni qalmaqallara yol açır. Hər bir müxalifət partiyasının rəhbərləri bəyan ediblər ki, biz heç bir blokda birləşə bilmərik. Bu da, onu göstərir ki, bu il keçiriləcək parlament seçkilərində də, əvvəllər olduğu kimi, radikal partiya liderləri bir-birlərinə qarşı qətiyyətli olaraq sərt mövqe tutacaqlar. Beləliklə, bütün bunlar onu göstərir ki, radikal müxalifət partiyalarının birləşmək, birlikdə seçkilərə qatılmaq cəhdi yenə baş tutmayacaq. O da məlumdur ki, müxalifət düşərgəsində hələ də gərginlik yaşanmaqdadır. Müsavat başqanı İ. Qəmbərovun, AXCP (i) sədri Ə. Kərimovun, "MBH" lideri L. Hacıyevanın, AMİP lideri E. Məmmədovun, "ACP" lideri R. Quliyevin, ALP-nin sədr əvəzi Ə. Temirxanın və digərlərinin təmsil olunduğu radikal düşərgə elə bəlaya tutulub ki, onun əlacı yoxdur, bəlalar əlacsızdır. Çünki radikal və çirkin əməllərlə məşğul olan "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyaları bəlalarla üz-üzə qoyublar. Xatırladaq ki, düşərgəyə daxil olan partiyalarda vəziyyət kritik haldadır. Yəni xalqın dəstəyini ala bilməyən, sosial bazası olmayan müxalifətçilər iflic vəziyyətdədir, daha doğrusu, ölü vəziyyətdədir. Düşərgənin bu vəziyyəti onu söyləməyə əsas verir ki, onlar builki seçkilərdə də məğlub olacaqlar. Məğlubiyyətləri onların alınlarına yazılıb. Həm də bu yerdə onlara bir atalar məsəlini də misal çəkmək olar ki, "Özü yıxılan ağlamaz". Yəni radikal bəylər öz çirkin əməlləri ilə özlərini yıxıblar. Radikalların özlərinə qazdığı quyu da dərinləşib. Bu da siyasi səriştəsizliyin bir nümunəsidir. Müxalifətçilər seçki öncəsi, həmçinin, bir-birlərinə qarşı son dərəcə ciddi və mənfi fikirlər söyləyirlər. İsa "bəy", Ə.Kərimovu və E.Məmmədovu qaralayıb desək, yanlış olmaz. Müsavat başqanı onların hər ikisinə söyləyib ki, siz və sizin partiyanız seçkilərdə iştirak etməsə yaxşıdır. Bunun səbəbinə gəldikdə isə, İ.Qəmbərov bildirib ki, E.Məmmədov da, Ə.Kərimov da siyasi səriştəsi olmayan və siyasətdən heç nə anlamayan insanlardır və onların millət vəkili olmağa haqqı, hüququ yoxdur. İ.Qəmbərov bilməlidir ki, həm digər radikal bəylərin və həm də özünün millət vəkili olmağa heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq. Çünki onlar xalqımızın mənafeyi naminə heç bir iş görməyiblər.
Sonda qeyd edək ki, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın güclü inamını qazanan və hər zaman millətinə xidmət edən Yeni Azərbaycan Partiyası qalib gəlib və bundan sonra da YAP bütün seçkilərdə qələbə qazanacaq.