Əli Kərimov növbəti “bazar"lığa hazırlaşır
Son günlər müxalifət düşərgəsində təmsil olunan üzdəniraq partiya sədrləri dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Bu sıradan AXCP (i) sədri Əli Kərimovu da xüsusi ilə qeyd etmək yerinə düşər. Ə.Kərimov son iki ayda özünü müxalifət düşərgəsində olanlardan "ağıllı" və "bacarıqlı" göstərmək üçün bütün iyrənc metodlarından istifadə etməyə səy göstərir. Artıq ona qarşı müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin tutmuş olduqları birmənalı mövqe də AXCP (i) sədrinin "iş"inə təsir göstərmir. Çünki bu şəxs ancaq öz maraqları naminə istənilən iyrənc əmələ əl atmağı hazırdır. Bütün imkanlarını itirən, sonda isə şəxsi keyfiyyətlərini belə maraqları naminə hərraca çıxaran Ə.Kərimov üçün siyasət meydanı "qazanc" düşərgəsi kimi bir şeydir. Ona görə də, AXCP (i) sədrindən bundan sonra daha ilginc biabırçılıqlar gözləmək olar. İnsani keyfiyyətlərini çoxdan itirmiş Ə.Kərimov üçün artıq heç bir kriteriya qalmayıb. O, indi öz çirkin məqsədləri üçün istənilən formada "bazar"lığa getməyə hazırdır. Bu baxımdan da, son zamanlar Ə.Kərimovun tabeçiliyində qalmış olan iki-üç nəfərin cibinə pul basmaqla, metro stansiyalarının qarşısına göndərməsi, onun hansı iyrənc işlərə əl atmasından xəbər verir.
İyunun 12-də Müsavatla "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyaların keçirmiş olduqları üzqaraldan aksiya sonralar müxalifət düşərgəsində "KAXCP" sədri Mirmahmud Fəttayevə qarşı əməlli-başlı qara piar kampaniyasına çevrildi. Birmənalı olaraq bu kampaniyanın başında Ə.Kərimovun dayanması da illüziyaların tamamilə sözdən ibarət olması fikrini alt-üst etmiş olur. Çünki son günlər bu iki şəxs arasındakı münasibətlər daha da şiddətlənərək, insani kriteriyaları aşıb. Ə.Kərimov əzəli rəqibi olan M.Fəttayevi tamamilə zərərsizləşdirib, sıradan çıxarmağı düşünür. Bunun üçün AXCP (i) sədri tərəfindən atılmış son addımlar, onu göstərir ki, bu gün hər iki cəbhəçi arasında bir müddət öncəyə qədər dondurulmuş münaqişə yenidən alovlanıb. Artıq Ə.Kərimov M.Fəttayevi tam məhv edib siyasətdə lazımsız bir fiqura çevirmək üçün Müsavat başqanı İ.Qəmbərovla əməkdaşlıq müqabilində də müəyyən addımlar atmağı düşünür. Eyni zamanda, Ə.Kərimov əzəli rəqibinin bütün yollarını dağıtmaq üçün köhnə məsləkdaşları ilə razılığa gəlməyə belə hazır olduğunu isbatlamağa çalışır. Elə bu məqsədlə də AXCP (i) sədri tabeçiliyində olan mətbu orqanda belə M.Fəttayevin qaranlıq keçmişi və çirkin əməlləri barəsində yazılar dərc etdirməkdədir. Amma bütün bunların müqabilində isə "DUİ" təmsilçiləri də Ə.Kərimovun onlara qarşı olan məkrinin qarşısında əllərini-qollarını sallayıb dayanmayıblar. Artıq "ittifaq" təmsilçisi olan "Azadlıq" partiyasının sədri Əhməd Oruc Ə.Kərimovun da təmsil olunduğu "Azadlıq" blokunu adın imtina etməyə təhrik edib. Ə.Oruc iddia edib ki, onun partiyası "Azadlıq" blokundan öncə yaranıb və bu addında məhz onun partiyasına aid olması heç kəsdə şübhə doğurmamalıdır. Bunun ardınca isə "KAXCP" sədri M.Fəttayev də öz həmkarına dəstək olaraq "Azadlıq" blokunun bu məsələdə yanlış yol tutduğunu və Ə.Orucun maraqlarının təmin olunması üçün ona istənilən formada dəstək olacağını bildirib.
Bütün bunlar isə müxalifət düşərgəsində əvvəlki münaqişələrdən də dəhşətli problemlərin yaranmasını istisna etmir. Çünki bu gün müxalifət daxilində olanlar onun iflasını addım-addım yaxınlaşdırmış olur.