PDF Oxu

Müxalifət

  • 10

Məhv olmuş müxalifət

Məhv olmuş müxalifət
Hər seçkidə uğursuzluğa adət edən radikal müxalifətin heç nəyə yaramadığını partiya funksionerləri də qəbul edirlər. Əslində, etməsələr nə olacaq, başqa çıxış yolları var ki? Elə götürək, son seçkiləri. Keçirilən hər seçki zamanı müxalifət boykot çağırışı etsə də, sonda biabırçı uğursuzluğa düçar olur.
Parlament seçkisi ərəfəsi Müsavatın keçmiş baş redaktoru Rauf Arifoğlu müxalifətin hazırkı durumunu xarakterizə edən növbəti açıqlama verib. Bu açıqlama düşərgədə böyük çaxnaşma yaradıb. R.Arifoğlunun açıqlamasını, əslində, müxalifətin 2010-cu ilin sonundakı vəziyyətinə bir baxış hesab etmək olar. Doğrudur, belə bir açıqlama əvvəlki seçkilərərəfəsi də olub. R.Arifoğlu müxalifətin boykot taktikasını heç vaxt qəbul etməyib, bu gün də onların parlament seçkiləri ilə bağlı cəfəngiyyatlarını mənasız və boşboğazlıq kimi qələmə verir. R.Arifoğlu bildirir ki, "özünü "ana müxalifət" adlandıran qüvvələr əvvəlki seçkilərin nəticələrinə təsir edə bilmədiyi kimi, qarşıdakı parlament seçkisinə də təsir edə bilməyəcəklər. Çünki müxalifət artıq ictimaiyyət tərəfindən nəinki qəbul edilir, heç tanınılmır".
R.Arifoğlu müxalifətin parlament seçkiləri ilə bağlı Müsavatın rayon təşkilatlarının toplantı keçirmək planının heç bir nəticə verməyəcəyini də söyləyib.
"Yeni Müsavat"ın baş yazarı bildirir ki, İ.Qəmbərovun sədrlik etdiyi partiyada qalmaq və seçkiyə getmək özünə hörmətsizlikdir. Neçə illərdir ki, "boykot" qışqıran Müsavat başqanı, görəsən, nəyə nail olub? Xalqın nifrətinə, müxalifətin qəzəbinə, ən əsası isə biabırçı uğursuzluğa. Bu gün də parlament seçkilərinin keçirilməsini "boykot" etmək təklifinin bir mənası olacaqmı? Axı, bu müsavatçılar niyə bu fırıldaqçının sözlərinə inanırlar. R.Arifoğlu onu da bildirib ki, nə qədər müxalifətdə İ.Qəmbərov var, Azərbaycanda bu qüvvələr ictimaiyyət tərəfindən nifrətlə qarşılanacaq.
Baş yazar, həmçinin, seçki ərəfəsi müxalifətin yaratmaq istədiyi "birliklər"in də mənasız olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən hər hansı seçki zamanı uğursuz müxalifətin uğursuz əməkdaşlığı labüddür. Çünki bütün seçkilər ərəfəsi yaranan blokların, qurumların xoruz səsi eşitməyən müxtəlif adlarla meydana çıxmaları müxalifətin uçuruma getməsini daha da tezləşdirir. Çünki bu qurumları, blokları yaradanların siyasi düşüncəsi 18 il bundan əvvəlki düşüncədir. Elə bunun səbəbidir ki, ölkədə keçirilən bütün seçkilərdə müxalifət biabırçılıqla məğlubiyyətə uğrayır.
Müsavat funksioneri hazırkı durumda radikalların növbəti boykot yolu tutmağının heç bir nəticə verməyəcəyini də bildirib. Onun qənaətincə radikal düşərgədki qüvvələr, əvvəllər olduğu kimi, yenə də öz maraqları üçün çalışır və onlara müxalifətin əməkdşlığı ilə bağlı heç nə lazım deyil. R.Arifoğlu bunu onunla əlaqələndirib ki, bu qüvvələrin hər biri tamam başqa-başqa qüvvələrə xidmət edirlər.
R.Arifoğlu bugünkü müxalifətin olduqca zəif, rəzil və əlacsız durumda olduğunu da bildirir. Onun sözlərinə görə, böyük ehtimalla, bu ildə də müxalifət birləşib ciddi siyasi gücə çevrilə bilməyəcək. Bunun ilkin işartısı isə indidən başlanan radikal düşərgədaxili "razborkalar"dır.

Digər xəbərlər