PDF Oxu

Müxalifət

  • 9

Siyasi meyitə çevrilən müxalifət

Siyasi meyitə çevrilən müxalifət
Ölkə böyük siyasi dəyişikliklər dövrünü yaşasa da, müxalifət düşərgəsində qəribə proseslər gedir. Ölkə müxalifətinin böyük bir hissəsinin konstruktiv mövqeyə keçməsi fonunda bir neçə siyasi partiyanın radikallığını davam etdirməsi heç kimin diqqətini cəlb etmir. Sonuncu dəfə bələdiyyə seçkilərində bir neçə radikal qurum səsverməni boykot etmə taktikasına nail ola bilmədilər. Çünki bu qurumlar artıq çoxdan cəmiyyət tərəfindən unudulub. İndi cəmiyyətin bütün diqqəti qarşıdan gələn parlament seçkilərinə və seçkilərdə iştirak edəcək qurumların fəaliyyətinə yönəlib. Radikal düşərgədə gedən proseslər, onu deməyə əsas verir ki, bu qüvvələrin ümumi məqsədi və maraqları yoxdur. Hazırda radikal müxalifət partiyaları bir neçə blokda və ya digər qurumda birləşib. Bu qurumlar arasında birlik yaratma cəhdləri heç bir nəticə verməyir. Üstəlik, belə ittifaqlarda birləşən partiyalar heç öz aralarında belə vahid mövqeyə gələ bilmədilər. Özlərinin də etirafı etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu, hamının bir yerdə olmasını əngəlləyir. Axırda "Əli aşından da oldular, Vəli aşından da". Bəs bölünməyən nədir? Axı bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur. Elə bu səbəbdən də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı verib, heç bir ümumi qurumda birləşmədilər. Çünki bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırırdı. Məsələn, Rauf Arioğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Deyilənə görə, bu adamın Novxanıda bir villası, bağı-bağçası var ki, iki (və ya dörd) göz istəyir ki, tamaşasına dura. Tanrı özünə qismət eləsin. Yainki İsa Qəmbərovun başqa yolumu var? Bu adam da eynən onun kimi, öz kefindədir. Vəzifə, kabinet, maşın, yaxşı ev və s. Bundan artıq nəyi olmalıdır ki? Qaldı ki, o biri liderlərə, onlar da müxalifətdə özlərinə daimi iş yeri tapıblar. Bəs neyləsinlər? Əllərindən başqa heç bir iş gəlmir. Məsələn, götürək elə Əli Kərimovu. Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o vaxt bu uşağı götürüb qoydular dövlət katibi, nə həngamə çıxardı. O boyda Xalq Cəbəhsini necə parçaladı. Deyilənə görə, xasiyyəti də yaman pisdir, heç kimlə yola getmir. Etibar Məmmədovun da iqtisadi cəhətdən durumu fəna deyil. O qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi bir yaxın duran da yoxdur. İndi də, parlament seçkisi ərəfəsi əl-ayağa düşüb ki, partiya sədri olsun və sonra da otursun parlamentdə. Mühacir həyat keçirən Rəsul Quliyev isə, Amerikada şellənərək, ara qarışdırmağa can atır. İqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir. Yerdə qalır bir neçə böyük iddiaya malik "liderciklər" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar dərəni xəlvət hesab eləyib, ortalığa atılıblar. Amma məsələ burasındadır ki, seçki ərəfəsində müxalifət funksionerləri siyasi meyitə çevrilən bu "qoca qurdlar"ın istefasını tələb edirlər. Bildirirlər ki, əgər istefa verməsələr, o zaman başqa cür hərəkət edəcəklər. Görünür, gec də olsa, reallığı və düzgün yolu tapmağın zamanı yetişib.

Digər xəbərlər