Radikallar seçkilərə çayxanalarda hazırlaşır
Son günlər radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Belə ki, bir tərəfdən radikal "lider"lər bəyan edirlər ki, birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə bir-birinə ittihamlar yağdıraraq danışıqları pozurlar. Gedən proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq mümkün olmayacaq.
Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks-mövqedə dayanırlar. Elə buna görədir ki, hər seçkiərəfəsi "birlikdən" ağızdolusu danışan müxalifət cari ilin sonu keçiriləcək növbəti parlament seçkilərində də heç bir birliyə nail ola bilməyəcək. Bu fikirlərlə razılaşan Vəhdət Partiyasının sədri Tahir Kərimli "Səs"ə verdiyi açıqlamasında bildirib ki, şəxsi ambisiyalar üstündə qurulan siyasətin nəticəsi həmişə uğursuzluğa düçar olur: "Partiyaların liderlər, hansısa birlikdə əriyib getmək istəmirlər. Bəziləri isə, yalnız özünün lider kimi qəbul olunacağı birlikdə təmsil olunacaqlarını bildirirlər. İndi də düşərgə liderlərinin AXC-nin yaranması təklifini irəli sürməsi də gülüncdür. Çünki satqınçılıqla, birgə alyansları dağıtmaqla məşğul olan liderlərin hansı birliyindən danışmaq olar?".
AXCP (i)-dəki mənbənin "Səs"ə verdiyi məlumata görə, müxalifət düşərgəsində seçki öncəsi fərqli birliklərin yaradılması haqda da müzakirələrin aparıldığı bildirilir. Eyni zamanda, o da vurğulanır ki, bir neçə özlərini nəhəng müxalifət qüvvəsi hesab edən partiyacıq lidercikləri, boş vaxtlarında yığılıb bir az hap-gop edirlər ki, nə var-nə var, bəs biz müxalifətin məşvərət məclisini (və ya koordinasiya şurasını) yaradırıq: "Amma ortalıqda, hələlik, ciddi bir məsələ də yoxdur. Hər bir iştirakçı bekar vaxtı gəlib opponentlərini bir az dolayıb, həzz almaqla məşğuldur. Fikir verin, bir qrup siyasi partiya rəhbəri ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşır. Amma ortada heç vaxt konkret nəticə olmur. Məsləhətləşmələrin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı isə, hələlik, sıfıra bərabərdir. Bunlar özləri də qeyd edir ki, bunun məntiqi və nəticəli sonluğu yoxdur, yenə cəmiyyətin gözünə kül üfürürlər. Elə ona görə də, daha heç kim onlara inanmır, həmçinin, biz funksionerlər də".
Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev isə bildirib ki, müxalifət partiyaları rəhbərlərinin mütəmadi toplantıları hər hansı qurumun, blokun, yaranması demək deyil. Onun fikrincə, ümumi toplantıların konkret birliyə çevrilməsinin perspektivi yoxdur: "Çünki orada müxtəlif yönümlü, fərqli istiqamətlərdə fəaliyyət göstərən qurumların rəhbərləri toplanır. Onlar, sadəcə, çay içib fikir mübadiləsi aparırlar. Mən bu toplantıları belə qiymətləndirirəm. Həmin formatın vahid bir quruma çevrilmə ehtimalını isə görmürəm".
Göründüyü kimi, əsil məsələ budur: sadəcə, çay içmək və bir az da ordan-burdan hap-gop etmək. Bunların başqa nə işi ola bilər ki? A.Hacıyev onlara demək istəyir ki, boş-boş camaatın başını ağrıtmayın, gedin başqa işlə məşğul olun, ayıbdır! Bu çayxanalardan və çay dəsgahlarından əl çəkin!
Belə olan halda, seçkiərəfəsi bu hay-küy nəyə lazımdır. Bir də, adamda neçə sifət olar ki, özünü ortalığa atıb desin ki, bəs, mən də müxalifətəm və cəmiyyətdə nüfuzum var. Seçkidən sonra da qışqırıb-bağıracaqlar ki, bəs, qoymayın xalq bizə səs verəcəkdi, hakimiyyət qoymadı-filan. Məncə, builki seçkilər bügünkü müxalifətin son seçkisi olacaq. O biri seçkilərdə artıq xalqımız yeni müxalifət görəcək.