PDF Oxu

Müxalifət

  • 16

Şanssız radikallar

Şanssız radikallar
Son seçkilərdən sonra müxalifət düşərgəsində ciddi təpki ilə qarşılaşan "ACP" lideri Rəsul Quliyev, bir müddət radikal düşərgədə özünə söykəncək axtarsa da, sonradan ona "qucaq açan" AXCP (i) sədri Əli Kərimov da ondan üz çevirməyə başladı. Bütün bunların müqabilində isə, o, neçə illərdir ki, Rusiyada gizlənən ASDP həmsədri Ayaz Mütəllibovla əməkdaşlıq qurmağa can atır. Bir sıra müxalifət qəzetlərinin yazdığına əsasən, R.Quliyev Rusiyaya gəlməyə və A.Mütəllibovla görüşməyə hzırlaşır. Güman edilir ki, parlament seçkiləri ərəfəsi o, ASDP həmsədrinə əməkdaşlıq təklifi irəli sürəcək.
Bu məsələyə münasibət bildirən ASDP həmsədri Araz Əlizadənin sözlərinə görə, 2002-ci ildə, hələ son prezident seçkilərindən əvvəl R.Quliyev Moskvaya gələrək, A.Mütəllibovla görüşüb, bir sıra müzakirələr aparıb. O zaman müzakirə olunan məsələlərə dair heç bir razılıq əldə olunmayıb: "Görüş baradə, onun harada keçirilməsi haqqında məndə heç məlumat yoxdur. Bundan başqa, bu görüşün keçirilməsinin heç bir mənası da yoxdur. Çünki R.Quliyevin öz dəsti-xətti var, A.Mütəllibovun öz yolu. Bundan başqa R.Quliyevlə A.Mütəllibovun bir yerdə götürülməsi və onların eyniləşdirilməsi qətiyyən düzgün deyil. Mənə elə gəlir ki, R.Quliyevin yaxın ətrafı daima çalışır ki, R.Quliyevlə A.Mütəllibovun vəziyyətini eyniləşdirsin. Lakin bu, belə deyil və onlar bu niyyətlərinə nail ola bilməyəcəklər".
ASDP həmsədri A.Əlizadə parlament seçkiləri ərəfəsi radikalların "birlik" məsələsinə münasibəti bildirərəkən, vurğulayıb ki, bu təxribatçı qurumlarla heç bir zaman əməkdaşlıq edə bilmərik: "Onlar radikallığa təkamülün əleyhdarı kimi yanaşırlar. Qarşıdakı parlament seçkilərində heç bir radikal müxalifət partiyası ilə ASDP-nin qarşılıqlı münasibətləri gözlənilmir".
A.Mütəllibovun vətənə dönməsi ilə bağlı haçalanan fikirlərə münasibətində ASDP həmsədri bildirib ki, əgər eks-prezident vətənə dönəcəksə və seçkilərdə iştirak etmək imkanı olacaqsa, o zaman növbəti seçkilərdə iştirak edəcək, dönməyəcəksə, iştirak etməyəcək. Çünki namizəd özü Azərbaycanda olmasa, onun seçkidə iştirakı lüzümsuzdur. Biz, bunu 2005-ci il son parlament seçkilərində bir daha sınaqdan keçirdik.
A.Əlizadə, həmçinin, radikal müxalifətin "siyasət"ini qəbul etmədiyini də söyləyib: "Təxminən 20 ildir biz siyasətdəyik, hələ indiyədək nə mən fikrimi dəyişmişəm, nə də ki, onlar. Bu gün cəmiyyətimiz üçün daha sərfəli olan üç qüvvənin qalması daha düzgün olardı. Sol qüvvə, sağ qüvvə və mərkəzçi qüvvələr. Mərkəzçi qüvvə YAP-dır, sol qüvvə ASDP və sağ qüvvələr, maşallah, o qədərdir ki, özlərinin istədikləri seçə bilərlər. Müxalifət partiyalarının əksəriyyəti şəxsi ambisiyalar üzərində qurulub. Ona görə də, bu qurumların birləşməsi qeyri-mümkündür. Hazırkı mərhələdə ASDP elə bir gücə malik deyil ki, bu cür birləşmələrə qarşı çıxsın. Dəfələrlə İsa Qəmbərovu, Əli Kərimovu və bunlar kimi yolunu azmışları düzgün yola qayıtmaq üçün xəbərdarlıq etmişik. Amma yenə də onlar öz mövqelərində qalırlar. Görünür, radikal müxalifət liderlərini qəbir də düzəldə bilməz".

Digər xəbərlər