Əli Kərimovun qurultay arzusu hələ də gözündə qalıb
Radikal müxalifət partiyaları hələ də çıxış yolu axtarırlar. "Bəy"lərin hərdən yadına mitinq keçirmək də düşür. Ancaq sonradan anlayırlar ki, mitinqi kiminlə, hansı qüvvə ilə keçirəcəklər? Bax, bu sual ortaya çıxanda, onları "qarın ağrısı" tutur. Çünki müxalifət partiyalarının sosial bazası iflic vəziyyətdədir. Bu mənada, təkcə AXCP (i) sədri Ə.Kərimov deyil, həmçinin, Müsavat Partiyasının başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərləri də elə bəlaya tutulublar ki, bu bəlalar əlacsızdır. Çünki radikal və çirkin əməllərlə məşğul olan "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyaları bəlalarla üz-üzə qoyub.
Hər zaman öz səmərəsiz işləri ilə yadda qalan "Yurd" şefi yenə də qurultay keçirmək arzusuna düşüb. Belə ki, parlament seçkiləri öncəsi partiyasının qurultayını keçirmək istəyən Ə.Kərimov ayılıb ki, qurultay keçirmək üçün partiyada adam qalmayıb. Bunu görən AXCP (i) sədri düşünür ki, digər müxalifət partiyalarına üz tutsun və həmin partiyalarda rəhbərliklə düşmənçilik edən şəxsləri özünə cəlb etməklə, onları iş birliyinə vadar etsin. Elə bu düşüncə ilə də, Ə.Kərimovun ilk hədəfi Rauf Arifoğludur. Belə ki, İsa Qəmbərova qarşı Rauf Arifoğlunun başladığı bu "səlib yürüşü"nə AXCP (i) sədri Əli Kərimov da qoşulub. Ə.Kərimov İsa Qəmbərova qazılan quyunun daha da dərin olmasına görə, bu quyuda aparılan qazıntı işlərinə yaxından kömək göstərmək niyyətində olduğunu gizlətməyib. Belə ki, "Yurd" şefi Rauf Arifoğluna əməkdaşlıq təklif edib. R.Arifoğlu isə bu əməkdaşlığı qəbul etmək niyyətində olduğunu bildirib. Amma inandırıcı deyil ki, müxalifət düşərgəsində kimsə kimləsə birləşə. Hazırda Ə.Kərimovda R.Arifoğlu da üzdə dost, daxildə isə düşməndirlər. Buna heç kimdə şübhə yoxdur.
Həmçinin, bir məsələdə gözlənilir ki, son zamanlar İsa Qəmbərovu kəskin şəkildə tənqid edən Lalə Hacıyeva da Müsavat başqanına qarşı hansısa koalisiya yaradılarsa, həmin koalissiyanın tərkibinə daxil olsun. Müxtəlif zamanlarda ALP-nin sədr əvəzi Əvəz Temirxan və Lalə Hacıyeva İsa Qəmbərova sərt şəkildə tənqidi fikirlər söyləyirlər. Bütün cərəyan edən bu proseslər ondan xəbər verir ki, Ə.Kərimov qurultaydan öncə, bəzi qüvvələrlə birləşmək istəsə də, hələ ki, heç bir nəticə əldə edə bilmir. Onsuz da o, heç bir işində nəticə əldə etməyib və etməyəcək də. Ə.Kərimov qurultay keçirmək sevdasına düşməmişdən öncə, düşünməli idi ki, partiyasında hər kəslə münasibəti gərginləşdirmək onun üçün baha başa gələcək. Belə ki, açıq-aşkar görünür ki, AXCP (i)-də heç kim qalmayıb. Ə.Kərimovun səhv siyasəti nəticəsində partiya üzvləri partiyadan bir daha geri qayıtmamaq şərti ilə uzaqlaşıblar.
Onu da qeyd edək ki, müxalifət düşərgəsi üzvləri tərəfindən arzuolunmaz şəxslərdən biri, daha dəqiq desək, birincisinə çevrilən "Yurd" şefi, "Azadlıq" bolkunda təmsil olunan AXCP (i) sədri Ə.Kərimovun yaranmış bu gərgin vəziyyətdə nə etdiyi və ya nə edəcəyi həm özünə, həm də ətrafındakılara bəlli deyil. O, parlament seçkilərindən öncə, elə bir vəziyyətə düşüb ki, artıq indidən məlumdur ki, AXCP (i) bu seçkilərdə də, hər zaman olduğu kimi, məğlubiyyətlə üzləşəcək.