PDF Oxu

Müxalifət

  • 5

12 iyunda müxalifət növbəti biabırçılığını yaşayacaq

12 iyunda müxalifət növbəti biabırçılığını yaşayacaq
Artıq bir neçə müddətdir ki, radikal düşərgədə iyunun 12-nə təyin olunmuş mitinqlə bağlı tərəflər arasında gərgin mübarizə getməkdədir. Mayın 21-nə təyin olunmuş mitinqin birdən-birə vaxtının dəyişdirilərək, iyunun 12-nə qədər uzaldılması Müsavatla "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan qüvvələr arasındakı münasibətlərin heç də normal olmadığını aşkara çıxarmış oldu. Hər saat başı mövqelərini dəyişən oyuncaq müxalifət yetkililərinin atmış olduqları addımlar da, bir-birlərinin xoşuna gəlmir. Ona görə də, bir müddət öncə, müxalifətin payızda keçiriləcək parlament seçkilərinə vahid halda getməsi barəsində səslənən fikirlər illüziyadan başqa bir şey olmadığını sübuta yetirmiş oldu. Amma maraqlı bir məqam isə, ondan ibarətdir ki, bu gün müxalifət düşərgəsində təmsil olunan şəxslərin böyük əksəriyyəti çürümüş ideyalarından əl çəkmək istəmir. Onlar istənilən formada maraqları təmin olunmayınca, siyasətdən getməyəcəkləri barəsində səsləndirdikləri fikirlərin üzərində israr edirlər. Əgər belə olmasaydı, müxalifətin iylənmiş İsa Qəmbərovu, Əli Kərimovu, Lalə Hacıyevası düşərgədən uzaqlaşıb burada normal mühitin yaranmasına şərait yaratmış olardılar. Təəssüf və təəccüb doğuran hallardan biri isə ondan ibarətdir ki, zaman-zaman xalqın gözünün içinə baxaraq yalan danışmış və min cür oyunlardan çıxaraq cəmiyyətdə özlərinə qarşı mənfi imic yaratmış müxalifət yetkililəri bu gün müəyyən mitinq və yaxud aksiyalar keçirmək barəsində fikirlər səsləndirir və hətta daha irəli getdiklərini düşünərək, buna cəhdlər belə edirlər. Öz növbəsində isə, onların bu əməlləri və istəkləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çünki müxalifət düşərgəsində olan başıxarablar da başa düşürlər ki, hakimiyyətdə onlara qarşı münasibət tamam fərqlidir. Sadəcə olaraq, onlar öz şəxsi maraqlarını və hansısa bir qondarma təşkilat qarşısında götürmüş olduqları öhdəlikləri yerinə yetirməyə çalışırlar. Bu baxımdan da, Müsavatın başsız başqanı İ.Qəmbərov və "DUİ"-nin özünü klassik adlandıran rəhbəri M.Fəttayevin artıq ikinci dəfədir ki, mitinq və ya piket keçirmək cəhdləri puça çıxır. Onlara bənzərlərin keçirmiş olduqları oyuncaq aksiyalar isə özünün orijinal eybəcərlikləri və biabırçılığın müasir formaları ilə yaddaşlara həkk olunur. Çox təəssüf hissi ilə demək olar ki, bundan sonra müxalifətin sağlamlaşması mümkün olarsa, ardıcılları kimlərin davamçıları olduqlarından utanc hissləri yaşayacaqlar. Bu gün isə bunu nə Ə.Kərimov, nə İ.Qəmbərov nə də ki, onların günündə olan müxalifət yetkililəri anlamaqda çətinlik çəkirlər. Özlərinin daxili insaflarına uyğun olaraq həmişə bir balaca məsələni şişirdib fil boyda etməyə öyrəşmiş radikal müxalifət 12 iyunda keçiricəkləri mitinqdə imkanları olsa, qulaqları ilə də danışarlar. (Hərgah ki, onlar həm kar, həm də kordurlar) Müxalifətin bundan öncə də keçirmiş olduğu gülüş dolu oyuncaq aksiyalarına nəzər salaraq, tam bir qənaətə gəlmək olar ki, iyunun 12-də Müsavatla "DUİ"-nin təşkil etmək istədiyi mitinq əvvəlcə aksiyaya, sonluqda piketə, ondan sonra isə heç nəyə çevriləcək. Çünki bütün olanlar müxalifətin günü-gündən sona doğru yüksək sürətlə irəliləməsindən xəbər verir.

Digər xəbərlər