Seçki öncəsi müxalifət düşərgəsində yeni qalmaqallar yaranır
Müxalifət partiyalarının liderləri arasında heç vaxt görmədiyimiz səmimiliyi, mehribanlığı, dostluğu, müttəfiqliyi, iş birliyini indi də görmürük. Çünki radikalların iş fəaliyyətində bir məqsədləri var, o da budur ki, onlar yalnız bir-birlərinə quyu qazmaqla məşğuldular. Quyunuz dərin olsun, "bəy"lər!
Hər kəsə məlumdur ki, müxalifət düşərgəsində bir neçə blok, birlik yaransa da, çox tez bir zamanda bu bloklar dağıldı. Müxalifətçi "bəy"lərin bir-birlərinə qarşı olan nifrətləri, qəzəbləri onların uzun müddət birlikdə fəaliyyət göstərməsinin qarşısını aldı, iş proseslərinə ciddi zərbələr vurdu və aralarında olan qalmaqalları dərinləşdirdi. Hazırda AXCP (i) sədri Əli Kərimov özünə yeni rəqib seçib və bu rəqiblə döyüşmək qərarına gəlib. Əslində isə, özü və rəqibi çox gücsüz, siyasi səriştəsi olmayan insanlardılar. Rəqibi isə Müsavat partiyasının başqanı İsa Qəmbərovdur. Məlumdur ki, hər zaman siyasi səriştəsizliyi, qeyri-dəqiq siyasəti, səhv addımları ilə tanınan AXCP (i) sədri Ə.Kərimov bu hərəkətlərinin cavabı olaraq sonda müxalifət düşərgəsində radikallar, "bəy"lər tərəfindən təklənib. Bu dəfə qazılan quyuya "Yurd" şefi Ə.Kərimovu salan radikal "bəy"lər onun bu ağır vəziyyətinə ləzzətlə tamaşa etmək istəyirlər. Bu təklənmə Ə.Kərimovu çox ağır vəziyyətə salıb. Ağır vəziyyətdən çıxış yolunu "Yurd" şefi İ.Qəmbərovla mübahisə etməkdə gördüyü üçün Müsavat başqanına atmacalar atmağa başlayıb. Ə.Kərimov bildirib ki, İ.Qəmbərovun tezliklə siyasi səhnədən silinməsi müxalifət üçün zəruridir. Müxalifətçilərin parlament seçkiləri öncəsi bir-birlərinə qarşı bu cür fikirlər səsləndirməsi, onların seçkidən öncə planlaşdırılmış şəkildə özlərini zəiflətməyə cəhd etdiklərindən xəbər verir.
Onu də qeyd edək ki, Ə.Kərimov İ.Qəmbərov haqqında dediklərini belə izah edib ki, İsa "bəy" müxalifətin üz qarasıdır və fəaliyyət göstərdiyi bir neçə ildə həm öz partiyasına və həm də bütün müxalifət düşərgəsinə uğur qazandıra bilməyib. Ə.Kərimov fikirlərinin doğru olduğuna əmin olduğunu qeyd edərək bildirib ki, İ.Qəmbərovun siyasi fəaliyyəti göz qabağındadır və bu fəaliyyəti boyunca Müsavat başqanı heç bir uğura imza atmayıb.
Müsavat partiyasının başqanı İ.Qəmbərov Ə.Kərimovun bu fikirlərinə tez bir zamanda cavab verib. O, söyləyib ki, AXCP (i) rəhbəri ilk öncə öz siyasi fəaliyyətinə nəzər salmalı və görməlidir ki, onun siyasi fəaliyyəti başdan-başa qara ləkələrlə doludur və bu qara ləkələrin hər biri Ə.Kərimovun siyasətdən başı çıxmadığını bir daha təsdiq edir. Müsavat başqanı, həmçinin, qeyd edib ki, Ə.Kərimov təkcə Müsavat partiyasının deyil, bütünlüklə müxalifətçilərin hamısının düşmənidir. İsa "bəy"də öz fikirlərini təsdiq etməkdə israrlı olduğunu qeyd edərək, söyləyib ki, müxtəlif zamanlarda AXCP (i) rəhbərinin bir neçə müxalifət partiyası rəhbərlərinə qarşı atdığı yanlış addımlar, onlar haqqında söylədiyi mənfi, xoşagəlməz fikirlər, onlar üçün qazdığı quyular buna sübutdur.
Məlumdur ki, Müsavat partiyasının rəhbərliyi ilə AXCP (i) rəhbərliyi arasında, xüsusən də, İsa Qəmbərovla Əli Kərimov arasında ziddiyyətli məqamlar, düşmənçilik illər boyu davam edib və bu gün də davam edir və təbii ki, davam edəcək. Artıq məlum olur ki, bu cür sərt ittihamlarla bir-birlərini əzməyə çalışan müxalifətçilər düşmənçiliklərinə əbədi olaraq son qoymayacaqlar. Bu düşmənçiliyin sonu isə onların hər ikisinin sonda məğlub olmasına gətirib çıxaracaq. Bu insanların heç bir gücü qalmayıb. Sonda isə qeyd edək ki, artıq bütün güclərinin, imkanlarının tükəndiyini müxalifətçilər özləri də etiraf edirlər. Əslində, onların heç bir zaman gücü, qüvvəsi və xalq tərəfindən dəstəyi olmayıb. İndi isə bu gücsüzlük onların özlərinə də bəlli olub. Hazırda müxalifət düşərgəsinin hər bir nümayəndəsinin dilindən gücsüz, çarəsiz, zəif olduqlarını ifadə edən cümlələr eşidilir.