AMİP-də Etibar Məmmədov problemi yaranıb
Müxalifətin faciəli həyatı onsuz da ilin bütün dövrlərində davam edir. Şübhəsiz ki, radikal müxalifət cəbhəsində gedən mənfi proseslərin müxtəlif səbəbləri mövcuddur. Həm onların aralarında olan münaqişələr, həm birliyin olmaması, həm bir-birlərinə qarşı olan nifrətləri, kinləri, atmacaları və digər məsələlər müxalifət cəbhəsində faciə yaradan səbəblərə çevrilib. Zaman-zaman ayrı-ayrı müxalifət partiyalarının daxilində hökm sürən mənfi proseslərində şahidi oluruq. Belə ki, bəzi müxalifət partiyaları var ki, öz daxillərində lider davası aparırlar, bəziləri də rəhbərlik etməyə çalışan və bu yolda istənilən çirkin əməllərə əl atan insanları partiyadan uzaqlaşdırmağa cəhd edirlər. Amma bir məsələ məlumdur ki, müxalifətçilərin bütün cəhdləri uğursuzdur.
AMİP-ə rəhbərlik etmək istəyən və partiyadakı bütün səlahiyyətləri əlinə keçirtməyə ciddi surətdə cəhd edən Etibar Məmmədov partiya üçün ciddi problemə çevrilib. Onun problem yaratdığını artıq AMİP-in bütün üzvləri etiraf edirlər və bu etiraflar onu göstərir ki, artıq E.Məmmədovun əlindən, əməllərindən bezən AMİP-çilər onunla ciddi şəkildə mübarizəyə başlayacaqlar və bu mübarizə AMİP üçün çox pis nəticələnəcək fəlakətə səbəb olacaq. Bir məsələni də qeyd etmək lazımdır ki, E.Məmmədov bütün müxalifətçi "bəy"lər arasında yaxşı qarşılanmır və onun fikirləri ilə həmfikir olanlar, demək olar ki, yox səviyyəsindədir. Bu yoxluq isə, təbii ki, E.Məmmədovun tək qalmasına səbəb olub. Tək qalması ilə yanaşı, AMİP-ə rəhbərlik etmək niyyəti ilə partiya üçün başağrısına çevrilən E.Məmmədov tezliklə siyasi səhnədən silinəcəyini özü də yaxşı bilir. Nəinki E.Məmmədov, həmçinin, AXCP (i) sədri Ə.Kərimov, Müsavat başqanı İsa Qəmbərov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "MBH" lideri Lalə Hacıyeva da artıq elə bir acınacaqlı vəziyyətə düçar olublar ki, bundan sonra onlar mütləq siyasi səhnədən silinəcəklər.
Təbii ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların bir-birlərinin işlərinə qarışmaqla, bir-birlərinin partiyadaxili məsələlərinə müdaxilə etməklə özlərini zəiflətməyə göstərdikləri cəhdlər və bu yolda gördükləri tədbirlər də hər kəsə məlumdur. Müxalifət düşərgəsinin "bəy"ləri bu adətlərinə sadiq qalaraq, AMİP-ə də müdaxilə edir və bu partiyanın tamamilə sıradan çıxmasına və E.Məmmədovun daha da nüfuzunu itirməsinə çalışırlar.
Bir zamanlar başı biznes işlərinə qarışan E.Məmmədov indi də rəhbətlik, liderlik eşqinə düşüb. Lakin bu eşq onu məhvə doğru aparır. Çünki liderlik etmək qabiliyyətinə malik olmayan insanlar bu eşqə düşürlərsə, deməli, onlar özlərini məhvə sürükləyirlər. Qeyd etmək lazımdır ki, AMİP çox acınacaqlı vəziyyətə düşüb və bu vəziyyət partiyanın rəsmən dağılmasının çox yaxın zamana təsadüf edəcəyini göstərir. AMİP-də vəziyyət həqiqətən gülüncdür. Belə ki, partiya sədrliyindən istefa verərək, özünü AMİP lideri elan edən E.Məmmədov yenidən qurultay keçirərək, adıçəkilən partiyanın sədri olmaq istəyir. Demək olar ki, artıq partiyanın üzvlərinin hamısı partiyadan uzaqlaşır. Heç bir üzvü olmayan partiyanın mövcudluğu və ona kiminsə sədrlik etməsi mümkün olan məsələ deyil. Bu mənada E.Məmmədovun qurultay keçirmək istəməsi ağılsız istəkdi. O, partiyanın qurultayını keçirmək üçün nə qədər cəhd etsə də, heç nə alınmır.