PDF Oxu

Müxalifət

  • 9

Çayxana müxalifəti...

Çayxana müxalifəti...
Son günlər radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə, bir-birinə ittihamlar yağdıraraq, danışıqları pozurlar. Gedən proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq mümkün olmayacaq. Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks-mövqedə dayanırlar. Əksər partiyalar payızda keçiriləcək parlament seçkisinə təklikdə getmələrinin daha məqsədəuyğun olacağını bildiriblər. Müsavat başqanı tərəfindən irəli sürülən ideya isə heç də özünə tərəfdar tapmayıb. Onu da qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsinin bərpa olunması ideyası elə ideya olaraq qalır. Nədən ki, müxalifətin əsas qanadları şəxsi ambisiyaları üstün tutduqlarından, belə bir təklifə "yox" deyirlər. Burada əsas maneə həmin partiyaların liderləridir. Heç bir partiya rəhbəri hansısa birlikdə əriyib getmək istəmir. Bəziləri isə, yalnız özünün lider kimi qəbul olunacağı birlikdə təmsil olunacaqlarını bildirirlər. Müsavatın bu təklifinin, əsasən, "Azadlıq" blokuna yönəldiyini anlamaq çətin deyil. Lakin bu blokda Müsavata qarşı jest edə biləcək lider yoxdur. Üstəlik, bu blokun rəhbərləri dəfələrlə onları satqınçılıqda, əsil müxalifət olmamaqda və digər rüsvayçı əməllərdə suçlayıb. ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, müxalifət düşərgəsində seçki öncəsi fərqli birliklərin yaradılması mümkünsüzdür. Onun sözlərinə görə, bir neçə özlərini nəhəng müxalifət qüvvəsi hesab edən partiyacıq lidercikləri, boş vaxtlarında yığılıb bir az hap-gop edirlər ki, nə var-nə var, bəs biz müxalifətin məşvərət məclisini (və ya koordinasiya şurasını) yaradırıq: "Amma ortalıqda, hələlik, ciddi bir məfsələ də yoxdur. Hər bir iştitrakçı bekar vaxtı gəlib opponentlərini bir az dolayıb, həzz almaqla məşğuldur. Cəmiyyətə də bunu "böyük danışıqlar" kimi sırıyan bizlər (yəni, media mənsubları) bunların əlindən girinc olmuşuq. Bunlar öz mövqelərini və fikirlərini o qədər sürətlə və yüksək bucaq altında dəyişirlər ki, adam bu dəyişikliyin adını nə qoymaq uğrunda düşünür, ancaq tapa bilmirsən". S.Cəlaloğlu onu da bildirib ki, bu hap-gopda iştirak edən partiya başqanları, bərkə düşəndə belə toplantılara yalnız fikir mübadiləsi məqsədilə qatıldıqlarını deyirlər. Fikir verin: bir qrup siyasi partiya rəhbəri ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşır. Amma ortada heç vaxt konkret nəticə olmur. Məsləhətləşmələrin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı isə, hələlik, sıfıra bərabərdir. Bunlar özləri də qeyd edir ki, bunun məntiqi və nəticəli sonluğu yoxdur, yenə cəmiyyətin gözünə kül üfürürlər. Elə ona görə də, daha heç kim onlara inanmır. Çünki düşərgə sakinlərini çayxana müxalifəti sayırlar". Bu deyilənlərlə həmfikir olan ASDP həmsədri Zərdüşt Əlizadə də bildirir ki, bu müxalifət gələcəyini çayxanalarda müzakirə edir: "Müxalifət partiyaları rəhbərlərinin mütəmadi toplantıları hər hansı qurumun, blokun, yaranması demək deyil. Ümumi toplantıların konkret birliyə çevrilməsinin perspektivi yoxdur. Çünki orada müxtəlif yönümlü, fərqli istiqamətlərdə fəaliyyət göstərən qurumların rəhbərləri toplanır. Onlar, sadəcə, çay içib fikir mübadiləsi aparırlar. Mən bu toplantıları belə qiymətləndirirəm. Həmin formatın vahid bir quruma çevrilmə ehtimalını isə görmürəm". Bax, əsil məsələ budur: sadəcə, çay içmək və bir az da ordan-burdan hap-gop etmək. Bunların başqa nə işi ola bilər ki? Sərdar bəy onlara demək istəyir ki, boş-boş camaatın başını ağrıtmayın, gedin başqa işlə məşğul olun, ayıbdır! Bu çayxanalardan və çay dəstgahlarından əl çəkin! Məncə, builki seçkilər bügünkü müxalifətin son seçkisi olacaq. O biri seçkilərdə artıq xalqımız yeni müxalifət görəcək.

Digər xəbərlər