PDF Oxu

Müxalifət

  • 5

Müsavat "Azadlıq" blokunu parçalayır

Müsavat "Azadlıq" blokunu parçalayır
Neçə müddətdir ki, Müsavat partiyası müxalifətdəki digər qüvvələrin, daha dəqiqi, "Azadlıq" blokundakı partiyaların hədəfinə çevrilib. Müsavat hakimiyyətin maraqlarına xidmət etməkdə, müxalifətin birliyinin yaranmamasına çalışmaq da ittiham olunur. Bu ittihamların ən sərt forması isə "Vətəndaş və İnkişaf Partiyası"nın ("VİP") sədri Əli Əliyev tərəfindən səsləndirilir.
Arif Hacıyev isə deyilənləri təkzib edərək, qarşı tərəfin hakimiyyətə işlədiyini və müxalifəti parçalamağa çalışdığını bildirib: "Əli Əliyevin və onun təşkilatının mahiyyətinin nədən ibarət olması AVCİYA təşkilatının buraxdığı broşurada, "VİP"-in ofisindən göndərilmiş sənəddə özünü göstərib. Bu insanların məqsəd və məramının nədən ibarət olması Azərbaycan cəmiyyətinə məlum olub. Əgər Ə.Əliyevin az da olsa, özünə hörməti olsaydı, bu sənəd ortaya çıxandan sonra siyasətdən gedərdi".
Müsavat müxalifətdə parçalanmaya xidmət etdiyi haqda iddialara cavab olaraq, A.Hacıyev bildirib ki, "Azadlıq" blokundakı təşkilatların bəzilərinin hansı "məramlar"a xidmət göstərdiyi qeyd etdiyim yazıda sübuta yetirildi. "Elə bil ki, Allah bu adamlara qənim oldu. Onların məqsəd və məramları üzə çıxdı. Əli Əliyevin adından çap olunmuş həmin sənəd həm hakimiyyətin, həm də "Azadlıq" blokunda olan, konkret olaraq "VİP"-in Azərbaycan siyasətində oynadığı çirkin rolu ortaya qoydu. Biz, AXCP (i)-nin bu qüvvələrlə bir arada olmasını təəssüflə qarşılayırıq"- deyə Müsavat yetkilisi bildirib.
A.Hacıyev onu da deyib ki, Müsavatın müxalifətdaxili birlik təşəbbüslərinə qarşı şərtlər irəli sürməsi yalandır: "Hesab etmirəm ki, bizim müttəfiqlərimiz AXCP (i)-nin yanında olan partiyalardan zəifdir. Əksinə, bizim müttəfiqlərimizin xidmət etdiyi mənəvi dəyərlər onlarınkından üstündür. Ancaq biz, heç bir müttəfiqimizlə "mütləq əlaqə yaratmalısan",- şərtini irəli sürmürük. Əslində, şərt irəli sürən qarşı tərəfdir.
A.Hacıyev AXCP (i)-nin "bostanına daş atmağı" da unutmayıb: "Şəxsən mən, hesab edirəm ki, Müsavat bütün resuslarına görə AXCP (i)-dən daha güclü təşkilatdır. Yəni, bizim cəmiyyətdə nüfuzumuz çoxdur, AXCP (i)-dən güclü struktura malikik, Müsavatın rəhbərliyinə daxil olan şəxslər AXCP (i)-nin rəhbərliyindəkilərdən daha ciddi təsir imkanlarına malikdirlər, beynəlxalq aləmdə biz daha ciddi qəbul olunuruq. Amma bütün bunlara baxmayaraq, biz heç bir şərt irəli sürmədən onlarla tam və bərabərhüquqlu əməkdaşlıq etmək niyyətimizi bəyan etdik. AXCP (i) isə bu təklifi müzakirə etməyi belə lazım bilməyib. O qüvvələri ki, siz müxalifət adlandırırsınız, biz onları müxalifət hesab etmirik. Konkret olaraq, mən Əli Əliyevin təşkilatını müxalifət saymıram".
Göründüyü kimi, müxalifət düşərgəsində ağalıq mövqeyini bir-birinə güzəştə getməyən və bu statusa özünün daha layiq olduğunu iddia edən açıqlamalar hər iki tərəfdə qısqanclıqla qarşılanır. Parlament seçkiləri öncəsi özlərinin cəmiyyətdə ana müxalifət imicini yaratmaq istəyi hər iki partiyanın nüfuzdan düşməsinə səbəb olacaq.

Digər xəbərlər