Müsavat və "DUİ"-nin problemi bitmir
Müxalifət düşərgəsinin problemi bitmək bilmir. Bu düşərgə mövcud olduğu gündən burada mövcud olan siyasi partiyalar arasında münasibətlər də gərgin bir məcrada davam etməkdədir. Artıq bu günümüzə qədər iyrənc situasiyalarda fəaliyyət göstərməyi özlərinə ar bilməyən müxalifət yetkililəri istənilən biabırçı oyuna girməklə maraqlarını təmin etmək istəyindədirlər.
Bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirakla bağlı müəyyən fikirlər səsləndirən müxalifət təmsilçiləri aralarındakı problemləri hələ də həll edə bilmirlər. Müxalifətin ümumi probleminə çevrilmiş Müsavat partiyasının başqanı İsa Qəmbərov düşərgədə "təmizləmə" əməliyyatı aparmaq adı ilə özünə rəqib olanları sıradan çıxarmağı düşünür. Elə bu məqsədlə də, İ.Qəmbərov düşərgədə ona rəqib ola biləcək və onun bütün çirkin planlarını pozacaq şəxsləri mümkün qədər zərərsizləşdirməyi planlaşdırmaq iddiasına düşüb. Artıq başqan bu məkrli, iyrənc maraqlarını reallığa çevirmək üçün, ilk növbədə, Azərbaycan Liberal Partiyasının lideri Lalə Hacıyevanı tam formada siyasətdən uzaqlaşdırmaqla müəyyən mənada öz yolunu açdığını düşünür. Bunun ardınca "Azadlıq" blokunun digər təmsilçisi "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevi düşərgədə arzuolunmaz şəxs kimi qələmə verən İ.Qəmbərov və onun kuryerləri nəticə etibarı ilə müxalifətdə özlərinə rəqib görmək istəmədiklərini nümayiş etdirməyə çalışırlar.
Müsavat partiyasında isə payızda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısına adı salınmayanlar başqanın planlarını pozmaq üçün ona qarşı toplum yaratdıqlarını bildiriblər. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu İ.Qəmbərovun onun adını Müsavatın namizədləri siyahısına salmamasının əvəzini ağrılı tərzdə ödəyəcəyini iddia edib. O, 25 saylı Nizami seçki dairəsindən artıq namizədliyini göstərəcəyini və bu barədə Müsavat rəhbərliyini də məlumatlandırdığını bildirib. R.Arifoğlunun ardınca isə Müsavat deputat qrupunun üzvü AXP-nin keçmiş sədri Pənah Hüseynovun da namizəd kimi göstərilməməsini özünə qarşı paxıllıq hissləri ilə əlaqələndirib. İ.Qəmbərovun isə başı partiyasının daxilindəki dərddəndə böyük dərdə düşüb. "DUİ" ilə əməkdaşlıq edib problemlərdən də əlinin bala batacağını düşünən İ.Qəmbərov sonluqda "böyük sürpriz"lə üzləşib. Çünki M.Fəttayev və onun ətrafında olanlar elə əvvəldən bu ittifaqın əleyhinə çıxmışdılar. Ötən ayın 21-nə təyin olunmuş mitinqin də bu problem üzündən təxirə salındığı və iyunun 12-nə təyin olunmuş mitinqə kimlərlə çıxmaq məsələsi də, hələlik, Müsavatla "DUİ" arasında problem olaraq qalmaqdadır. Tamamilə sosial bazadan məhrum olmuş müxalifət partiyalarının hər hansı bir mitinq və ya piket keçirmək cəhdləri isə, öz növbəsində, məhz bu cür biabırçılıqlarla nəticələnir. Çünki İ.Qəmbərov da, M.Fəttayev də çox gözəl anlayır ki, onların arasında artıq beş nəfər qalmayıb ki, hər hansı bir aksiya belə keçirmək mümkün olsun. Sadəcə olaraq, İ.Qəmbərov xarici havadarlarından almış olduğu müəyyən vəsaitlər müqabilində tabeçiliyində olan iki-üç nəfərin cibinə pul basıb metro stansiyalarının qarşısında hay-küy salmağa göndərməklə işini bitmiş hesab edir. İyunun 12-də isə Müsavatla "DUİ"-nin birgə keçirmək istədiyi mitinqində bu cür biabırçılıqla bitəcəyi indidən bütün çılpaqlığı ilə hər kəsə məlumdur. Artıq tamamilə sosial bazadan və bütün imtiyazlardan məhrum olmuş iki müxalifət təmsilçisinin yayın bu isti günlərində özlərini bütünlüklə gülüş hədəfinə çevirəcəkləri bəllidir.