Mirmahmud Fəttayev Əli Kərimovu lənətləyib
Uzun müddətdir ki, AXCP (i)-nin pərən-pərən düşmüş qolları arasında münaqişə səngimək bilmir. AXC lideri Əbülfəz Elçibəyin vəfatından sonra buradakı şəxslərin şəxsi ambisiyalarını açıq şəkildə ortaya qoymaları, partiyanı bir neçə qola ayırmalı oldu. Amma bütün bunlar isə AXC-nin fəaliyyətinin sonluğu bahasına başa gəldi.
Məhz adıçəkilən qurumun dağılmasından sonra, onun yerində AXCP (i), "KAXCP", BAXCP, BQP, "Aydınlar" kimi partiyalar yaranmağa başladı və bundan sonra da yaradılması nəzərdə tutulan qurumlar mövcuddur. Digər tərəfdən, buradakı qüvvələr düşmənçilik prinsipi ilə bir-birindən ayrılmalı oldular.
Digər bir fakt isə ondan ibarətdir ki, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin vaxtı azaldıqca az qala bir-birilərinin ətini yeməyə hazır olan cəbhəçilər, yaratmış olduqları qurumları da qarşı-qarşıya qoymaqla ürəklərinin odunu söndürə bilmirlər. Bariz nümunə kimi dəfələrlə "KAXCP" və AXCP (i) qərargahlarında cəbhəçilərin əlbəyaxa olmaları, qanlı düşmənçilik münasibətlərindən çıxış edərək, bir-birlərinə olmazın söyüş və təhqirlər yağdırmaları, sübut edir ki, onların nə vaxtsa, normal münasibətdə olacağını söyləmək qeyri-mümkündür.
AXCP (i) sədri Əli Kərimovla "KAXCP" sədri Mirmahmud Fəttayev arasında seçkiərəfəsi yenidən qızışan ədavət də məhz bu prinsiplərə söykənir. Bir-birini gözü görmək istəməyən şəxslər, indi daha açıq formada mübarizə metodu seçiblər. Artıq 12 ilə yaxındır ki, bu iki şəxs arasında qanlı düşmənçilik açıq və qapalı formalarda davam etdirilir.
Doğrudur, tərəflər müəyyən bir müddət öz maraqlarına xidmət edən məqamlarda sakit fəaliyyət prinsipinə üstünlük vermişdilərsə, indi bu sabitlikdən əsər-əlamət qalmayıb. Çünki yenidən birlik yaratmaq təşəbbüsü Ə.Kərimovla M.Fəttayevi yenidən qarşı-qarşıya qoyub. Ona görə də, onların bu mübarizəsi artıq kəskin şəkil alıb.
"KAXCP" sədri M.Fəttayev dəfələrlə Ə.Kərimovun siyasətdən uzaq adam, onun tamam başqa yuvanın quşu olduğunu bildirir. Hətta "KAXCP" üzvləri açıq formada və partiya toplantılarında Ə.Kərimovun adı çəkildikdə, "lənət olsun şeytana" ifadəsini işlədirlər. AXCP (i)-də olan funksionerlər isə, həm "Yurd" şefinə, həm də "KAXCP" sədrinə lənətləyərək, bildirirlər ki, müxalifətdə olan funksionerlər bu şeytanlarla birlikdə olduqlarına görə özlərini günahlandırırlar. Bildirirlər ki, parlament seçkilərinə kimi, bu şeytanların odda yanmasına nail olacaqlarını bildiriblər.