PDF Oxu

Müxalifət

  • 8

Düşərgədə yarpaq tökümü başladı

Düşərgədə yarpaq tökümü başladı
Milli Məclisin son plenar iclasında müxalifətin səsi daha da artıb. Görünür, parlamentdə son günlərini və növbəti seçkilərdə tam uğursuzluğa düçar olacaqlarını bildikləri üçün belə hay-küylə danışırlar. Xüsusilə də, may ayının ilk günlərindən Kür və Araz çayında baş verən daşqınlar müxalifət deputatlarının söz demələrinə məqam yaradıb. Ən çox canfəşanlıq edən AXP-nin keçmiş sədri Pənah Hüseynovla "Ümid" partiyasının sədri İqbal Ağazadənin pafoslu çıxışına hiddətlənən müxalifət funksionerlərindən Elman Hümbətov, Sahibə Nəzirzadə, Davud Xəniyev "Səs" qəzetinə verdikləri açıqlamalarında bildirdilər ki, artıq özlərini müxalifət adlandıranlar düşərgədə fırıldaqçı kimi tanınırlar. Sifətləri padoş olan müxalifət liderlərinin 17-18 il bu yolu gedə-gedə hansı oyunlardan çıxmaqları barədə şərh verməyə ehtiyac duymuruq. Gərək nə qədər abırsız olasan ki, hər seçkidən biabırçı məğlubiyyətə düçar olduqdan sonra yenidən funksionerlər qarşısına çıxıb deyəsən ki, bu dəfə "qələbə bizimdir". Funksionerlər seçki ərəfəsi təbii fəlakətdən də yararlanmaq istəyən müxalifət deputatların arasında baş verən qalmaqaldan da danışdılar. Bildirdilər ki, qarşıdakı parlament seçkiləri ərəfəsində də eyni proses baş verməkdədir. Demək olar ki, onların əksəriyyəti öz ətraflarına siyasi qurumlar cəmləşdirərək, düşərgədəki rəqiblərinə qurşaqdan aşağı zərbələr endirməyə başlayıb və bu, açıq şəkildə reallaşdırılır. Doğrudur, onsuz da neçə illərdir ki, radikal düşərgədə elementar siyasi əxlaq qaydalarını ayaqları altına atmış və bir-birlərini ailə-məişət zəminində ittiham edən müxalifət rəhbərlərinin bu gün xalqın qayğısına qalmaqla bağlı pafoslu çıxışlar ancaq onların növbəti şousundan başqa bir şey deyil. Bu, belə də olmalıdır, çünki onlardan nəsə başqa bir addım gözləmək sadəlövhlük olardı. Müxalifət funksionerləri, həmçinin, liderlər arasında baş verən qalmaqallardan da danışdılar. Bildirdilər ki, guya Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar aparılır. Lakin bir həqiqətdir ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istərsə referendum, istərsə də bələdiyyə seçkiləri ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgədaxili inteqrasiya, daha doğrusu, müxalifət partiyalarının qarşıdakı növbəti parlament seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib. Müsavat öz ətrafına beş "cırtdan" siyasi partiyanı və bir qeyri-hökumət təşkilatını cəmləməklə digər müxalifət partiyalarında özünə qarşı əks-reaksiya yaradıb. Demək olar ki, "MBH", AMİP və AXCP (i) kimi partiyalar Müsavatın əleyhinə olmazın ittihamlarını səsləndirərək, onu ənənəvi şəkildə düşərgədə parçalanma yaratmaqda və müxalifəti qarşıdakı mərhələdə qəsdən məğlubiyyətə sürükləməkdə ittiham edir. ADP sədri Sərdar Cəlaloğlu isə müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmağın mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da, "əməkdaşlıq" ideyasını ortaya atmaqla, özlərinin varlıqlarını nümayiş etdirmək istəyir. Lakin həqiqəti danmaq qeyri-mümkündür. Çünki hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil. S.Cəlaloğlu müxalifətin siyasi iflasdan heç cür qurtulmaq bilmədiyini də söyləyib. Onun sözlərinə görə, partiyaların daxilində hazırkı sədrlərə qarşı elə bir nifrət etalonu yaranıb ki, daha onu heç nə ilə ört-basdır etmək mümkün deyil. Xüsusilə, əvvəllər öz "monolitliyi" ilə öyünən Müsavat, AXCP (i) və AMİP kimi partiyalar indi daxili didişmələrin bir növ əlində oyuncağa çevrilib. ADP sədri hər üç partiya daxilində ciddi təlatüm olduğunu qeyd edib. Onun dediyinə görə, parlament seçkilərinə qədər bu partiyalarda elə bir parçalanma prosesi olacaq ki, iddiaların toqquşması nəticəsində onlar siyasi meydandan birdəfəlik silinəcək. S.Cəlaloğlu "Azadlıq" blokunun seçkiləri boykot etmək fikirlərinə münasibətdə vurğulayıb ki, ADP seçkilərdə iştirak edəcək. Partiyanın yeni strateji kursunun konstruktiv müxalifətçilik olduğunu deyən ADP sədri, hesab edir ki, konstruktivlik yalnız müxalifətin müxalifətə münasibətində deyil, müxalifətin iqtidara münasibətində də özünü göstərməlidir. Onun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma, mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür". Bu açıqlamadan göründüyü kimi, artıq müxalifət düşərgəsində normal təfəkkürə malik insanların səsləri gəlir. Belə ki, destruktiv müxalifətdən fərqli olaraq, belə qüvvələr milli mənafelərin və dövlət maraqlarının əleyhinə getmirlər. Amma bu, radikal düşərgədə heç də birmənalı qarşılanmır. Radikallar belə siyasətçiləri satqınlıqda və əsil müxalifət olmamaqda ittiham edirlər. Beləliklə, Azərbaycanda siyasi ab-hava dəyişmək üzrədir. Qarşıdakı parlament seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.

Digər xəbərlər