Müxalifətçilərin ədavəti şiddətlənir
Bir neçə vaxtdır ki, Müsavat partiyasının başlanmış olduğu qara piar kampaniyası müxalifət düşərgəsində bir sıra partiyaların sıradan çıxarılmasını reallaşdırmaq məqsədinə xidmət edir. Müsavat başqanı İsa Qəmbərov artıq bu il tutduğu postdan uzaqlaşmayacağı barədə fikrini dəqiqləşdirdikdən sonra müxalifətdəki rəqiblərinə qarşı "səlib yürüşü"nə başlayıb. İlk növbədə, özünün əzəli rəqibi hesab olunan Azərbaycan Liberal Partiyasının "lider"i Lalə Hacıyevanı sıradan çıxarmağı planlaşdıran İ.Qəmbərov bunun üçün əvvəlcədən hazırlamış olduğu metoddan istifadəni daha məqbul hesab edib. İ.Qəmbərovun bu "taktikası"nda L.Hacıyevanın ləkələnməsi və onun arzuolunmaz bir şəxsə çevrilərək, siyasətdən uzaqlaşdırılması məsələsi daha qabarıq görünürdü. Hərgah İ.Qəmbərovun özündən başqa ləkəli və çirkab içində olan bir siyasətçi axtarışına düşməsi də ikrah hissi ilə qarşılanmaqdadır. Çünki müxalifət düşərgəsində təmsil olunan istənilən partiya rəhbəri İ.Qəmbərovun əlindən zara gəldiyini açıq şəkildə bildirir. Amma bütün bunların müqabilində Müsavat başqanı iddialarının təmin edilməsində israrlı görüntü yaratmağa çalışır. Elə bu məqsədlə də, o, "Azadlıq" blokunun bir təmsilçisi olan ALP-ni zərərsizləşdirməyin ardınca digər blok nümayəndəsi "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin düşərgədə arzuolunmaz şəxs kimi qələmə verilməsi İ.Qəmbərovun məkrli çirkin niyyətinin növbəti ardıcıllığı kimi qiymətləndirilir. Çünki İ.Qəmbərov siyasətdə qalacağı təqdirdə, bir çox iyrənciliklərə əl atacağını dolayısı ilə olsa da, etiraf edib. Belə bir məqamda onun bu variantlardan istifadə etməsini də təbii qarşılamaq lazımdır. Birincisi, İ.Qəmbərov artıq bilir ki, siyasətdə yararsız bir adama çevrilib. Onun bundan sonra müsbət bir uğur əldə edəcəyinə isə hətta güman da qalmayıb. Odur ki, İ.Qəmbərov bu cür hallar yaratmaqla siyasətdən getdiyi məqamda "iz" buraxacağını düşünür. İkinci bir tərəfdən isə Müsavat başqanı siyasi ömrünün sonlarında belə müxalifəti özünə "tabe" etdirməyi planlaşdırır. Atmış olduğu addımlardan Müsavat başqanının çirkin niyyətinin nəyə hesablandığını aydın şəkildə görmək mümkündür. Bütün bu sadaladıqlarımız isə müxalifət düşərgəsində İ.Qəmbərovun yaratmış olduğu iyrəncliklərin bir hissəsidir. İ.Qəmbərovun qara piar kampaniyasının ardınca isə düşərgədə ona qarşı olanlar da sakit dayanmayıblar.
Müsavatın iyrənc palanına qarşı daha sərt təpki göstərən "VİP" sədri Ə.Əliyev oldu. Onun məlum bir tədbirdəki çıxışı və sonradan bu çıxışın dərc edilməsi Müsavat partiyasının altını-üstünə çevirdi. Ə.Əliyevin bu mövqeyindən dərhal sonra Müsavat Məclisinin toplantısını keçirən İ.Qəmbərov burada adı hallanan AXCP (i) sədri Əli Kərimovun da məsələdən agah olmasını məsləhət görüb. Müxalifət düşərgəsində əməlli-başlı rezonans yaratmış olan bu çıxışın İ.Qəmbərovun dayaqlarına nə dərəcədə təsir etdiyini də görməmək mümkün deyildir. Çünki Müsavat başqanı məhz burada onun və Ə.Kərimovun adının çəkilməsindən və bir sıra məqamlarda açıq şəkildə ifşa olunmasından bərk təsirlənib. Ona görə də, o, tabeçiliyində olan mətbu orqanlardan "VİP" sədrini şantaj etməyi tələb edib. Öz növbəsində, Ə.Əliyev də İ.Qəmbərovun planlarını alt-üst etməyi planlaşdırıb. "Azadlıq" blokunun parçalanmasında birmənalı şəkildə maraqlı olan İ.Qəmbərovun niyyətinin puça çıxması üçün Ə.Əliyev ALP-nin sədr əvəzi Əvəz Temirxanla birlikdə Müsavata qarşı dayanmalı olublar. Blokun digər təmsilçisi olan AXCP (i) sədri Ə.Kərimov isə bu məsələdə bir qədər kənarda qalmaqla hər kəslə münasibətlərinin tarazlı olması görüntüsü yaratmağa çalışır. Onun bu mövqeyində təsirlənən ALP "lider"i L.Hacıyeva isə ya blokda qalmağı, ya da ki, İ.Qəmbərova qarşı mübarizə aparmağı Ə.Kərimovdan tələb edib.
Müsavat daxilində də Ə.Əliyevin fitnəsindən hiddətlənənlər bir-birlərini ittiham edirlər. Onların iddiasına görə, AXCP (i) ilə əlaqələrin kəsilməsi müqabilində Müsavatın digər müxalifət partiyaları ilə münasibətləri normal məcraya düşə bilər. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev isə başqana sadiqliyini nümayiş etdirmək üçün dondan-dona girir. O, Ə.Əliyevə qarşı çıxmaqla başqandan müəyyən imtiyazlar qoparmağı düşünür. A.Hacıyev qeyd olunan çıxışla bağlı Ə.Əliyevi əməlli-başlı hədəfə alıb. Bildirib ki, Əli Əliyev özünə hörmət etsəydi, siyasətdən gedərdi. Çünki bu biabırçılıqdan sonra siyasətdə qalmağın nəticələrinin çox ağır olacağından bəhs edən A.Hacıyev müxalifət düşərgəsində hazırda bu cür adamların da az olmadığını söyləyib. "VİP" sədri isə müsavatçıların narahatçılığını başa düşdüyünü və faktın etiraf olunmasının çətin məsələ olduğunu bildirib. O, A.Hacıyevin məsələdən xəbəri olmadan mülahizə irəli sürməsini ağılsızlıq adlandırıb. A.Hacıyev İ.Qəmbərova yarınmaq istəyirsə, başqa variantlardan istifadə etsin deyən Ə.Əliyev onun kimi şəxslərin yanaşmalarının heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.